EaPeReg Şəbəkəsinin (Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi) Spektr mütəxəssis işçi qrupunun (SEWG) 9-cu görüşü 8-10 oktyabr 2019-cu il tarixlərində Moldovanın Kişinyov şəhərində keçiriləcək. Tədbir Gürcüstanın Milli Rabitə Komissiyası (GNCC) ilə əməkdaşlıq çərçivəsində Avropa Komissiyasının dəstəyi ilə Moldovanın Elektron Rabitə və İnformasiya Texnologiyaları üzrə Milli Tənzimləmə Agentliyi (ANRCETI) tərəfindən təşkil edilir.
Spektr mütəxəssis işçi qrupunun 9-cu görüşünün əsas məqsədlərindən biri 700 MHz tezlik diapazonunun istifadəyə verilməsi ilə əlaqədar altı Şərqi Tərəfdaş ölkəsi üçün uyğun sahələrdə Aİ ölkələrinin qabaqcıl təcrübəsinin təhlilinin nəticələrini təqdim etmək və müzakirə etmək, o cümlədən 700 MHz tezlik diapazonunun istifadəyə verilməsinə dair regional yol xəritəsinin hazırlanması üçün növbəti tədbirlər və prioritetlərə dair razılığa gəlməkdir.
Əlavə olaraq iştirakçılar “Şüalanma sahəsinin gücü” terminini, 5G dəhlizləri, 5G şəbəkəsinin tətbiqi və hərraclar, 3.4-3.8GHz tezlik diapazonu məsələsini, 5G şəbəkəsinin lisenziyası ilə bağlı öhdəlikləri və 5G şəbəkələri üçün transsərhəd əlaqələndirmə məsələlərini müzakirə edəcəklər.