Bu gün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı Azərbaycan, Ermənistan, Belarus, Moldova və Ukraynadan olan vətəndaş cəmiyyəti fəalları və İT mütəxəssislərindən ibarət altı komandanın iştirakı ilə dörd həftəlik “Tətbiqlərin uyğunlaşdırılması üzrə Şərq Tərəfdaşlığı sprinti” adlı intensiv onlayn tərtibat sprintinə start verib. Sprint iştirakçıları sözügedən layihənin 2017-2020-ci illərdə keçirdiyi hakatonlar zamanı hazırlanmış altı rəqəmsal həllin yenidən istifadəyə verilməsi üzərində işləyəcəklər.
Sprintdə iştirak üzrə ərizələrin qəbulu zamanı seçilmiş altı komanda və onların texnoloji həlləri ilə tanış olun. Həmin həllər Avropa İttifaqının maliyyə dəstəyi ilə dörd həftə ərzində uyğunlaşdırılacaq və yenidən istifadəyə veriləcək:
- Məhəmməd Kekalovun (Kekalove Adaptive Social Enterprise) rəhbərlik etdiyi Azərbaycan komandası, 2019-cu il Hakatonunun qalibi olan Ukraynanın Provodnik.Online texnoloji həllinə əsaslanaraq Bakı şəhərindəki ictimai yerlərin mövcudluğunu qiymətləndirməyə imkan verən interaktiv xəritə üzərində işləyəcək.
- Artak Adam Arakelyanın rəhbərlik etdiyi Ermənistandan olan DiverCity’s komandası da həmçinin Provodnik.Online həllindən istifadə edərək vətəndaşların Ermənistanın şəhərlərində ictimai məkanların əlçatımlılığını qiymətləndirməsi üçün interaktiv xəritə hazırlayır.
- Yuri Stukalovun rəhbərlik etdiyi Belarusun Şəhər Təşəbbüsləri Mərkəzinin komandası, layihənin 2017-ci ildə keçirdiyi ilk Hakatonunun qalibi olan Serebranka.BY tərəfindən yaradılan koddan istifadə edərək Mogilevdə (Belarus) ictimai yerlərin dizaynı və dəyişdirilməsində ictimaiyyətin iştirakına imkan yaradan platforma hazırlayacaq.
- Moldovalı Pavel Novakın rəhbərlik etdiyi Openmoney.MD layihəsinin komandası açıq tenderlərdə ayrı-ayrı əşyaların satış qiymətlərini müqayisə etmək üçün veb-modul istifadəyə verəcək. Bu texnoloji həll Ukraynada bazarın araşdırılması alətini kopyalayacaq.
- İki Ukraynalı vətəndaş cəmiyyəti fəalı – Aleksey Kostrjiçkiy və Ceyn Kubaxın rəhbərlik etdiyi komanda, 2018-ci ilin hakatonunun qalibi olan Belarusun Doika ianə moduluna əsaslanaraq vətəndaş cəmiyyəti təşkilatlarına birbaşa internet saytlarda ianə toplamağa imkan verən onlayn modul hazırlayacaq.
- Sergey Toqobetskinin rəhbərlik etdiyi Ukraynalı bir qrup könüllü evsiz heyvanlara, heyvan sığınacaqlarına və heyvan hüquqları müdafiəçilərinə kömək edən Ukraynalı könüllülər üçün kraudfandinq platforması hazırlamaq üçün Belarusun SaveUs platformasından (2020-ci ilin hakatonunun qalibi, hazırlanma mərhələsində olan platforma) istifadə edəcək.
Sözügedən bu texnoloji həllər mart ayında internetdə istifadəyə veriləcək. Daha çox xəbər üçün ŞT Vətəndaş Cəmiyyəti Proqramının internet səhifəsinə baş çəkin.
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı elektron təhsilə əsaslanan innovasiyalar, dövlət sektorunun hesabatlılığını təkmilləşdirmək üçün rəqəmsal həllərin hazırlanması və regionda vətəndaş cəmiyyətləri və hökumətlər arasında şəbəkələrin qurulması vasitəsilə vətəndaş cəmiyyəti iştirakçılarının rolunu təşviq edir.