Avropada İKT və innovasiyalar sahəsində çalışan KOB-ların ən böyük şəbəkəsi Şərq Tərəfdaşlığı regionundan yeni üzvlər qəbul edib

  • Tarix: 18/04/22
  • Paylaş:

EU4Digital proqramının dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində İKT və innovasiyalar, eləcə də rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən KOB-lardan ibarət assosiasiyalar 2022-ci ilin mart ayından başlayaraq bir il müddətinə Avropa Rəqəmsal Texnologiyalar üzrə KOB-lar İttifaqına (DIGITAL SME Alliance) üzv kimi qəbul olunub.

EU4Digital proqramının fəaliyyət istiqamətlərindən biri də Aİ-nin şəbəkə və platformalarının Şərq Tərəfdaşlığı ölkələrində təşviqi olmuşdur. Belə şəbəkələrdən biri Aİ-nin rəqəmsal biznes assosiasiyası olan “DIGITAL SME”-dir. Bu assosiasiya İKT sektorunda çalışan 45 000-dən çox KOB-u, işçi qruplarından 450 eksperti və Aİ-yə üzv dövlətlərdən və qonşu ölkələrdən 30 milli və regional KOB assosiasiyanı özündə birləşdirir.

EU4Digital proqramının 2021-ci ilin oktyabr ayının əvvəlində keçirdiyi təbliğat xarakterli tədbirindən sonra, “DIGITAL SME” ittifaqı şəbəkəyə üzv olmaq istəyən ŞT-dən olan İKT üzrə KOB-lar assosiasiyaları arasında böyük marağa səbəb olub. ŞT-dən olan maraqlı tərəflərin ehtiyac və problemlərini dinləyən EU4Digital proqramının nümayəndələri Avropa Komissiyasının adından, “DIGITAL SME” ittifaqına qoşulma prosesi boyunca məsləhətləşmələr təşkil etməklə və bir illik üzvlüyə sponsorluq etməklə, ŞT təşkilatlarına adı çəkilən ittifaqa qoşulmaqda dəstək vermək qərarına gəlib.

“DIGITAL SME” ilə birlikdə fəaliyyətləri milli səviyyədə İKT və/və ya rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən KOB-ları dəstəkləməyə yönəlmiş potensial iştirakçılar müəyyən edilmişdir. Seçilmiş təşkilatlar 2022-ci ilin mart ayından etibarən qeyri-rəsmi olaraq ŞT şəbəkəsi kimi Aİ şəbəkəsinə qoşulub. Bu şəbəkə üzvlüyə dair məlumatlandırılmanın düzgün təşkili üçün Moldova İnformasiya və Kommunikasiya Texnologiyaları Şirkətləri Assosiasiyası (ATIC) tərəfindən əlaqələndiriləcək.

Şərq Tərəfdaşlığı assosiasiyaları üzvlükdən siyasət, şəbəkələşmə və maliyyələşdirmə kimi üç əsas sahədə faydalanacaqlar. Üzvlərə qanunvericiliyə dair cari müzakirələr və onların KOB-lara təsiri, KOB-lar üçün İKT standartları və maliyyə imkanları haqqında məlumat veriləcək. Bundan əlavə, təşkilatlar “DIGITAL SME” Assosiasiyası tərəfindən təşkil edilən şəbəkələşmə tədbirlərində, bilik mübadiləsi seminarlarında və təlimlərdə iştirak etməyə dəvət olunacaqlar.

Əldə olunan bilik və yeni alətlərin ümumilikdə ŞT assosiasiyalarına fəaliyyətlərini genişləndirməyə, ŞT regionunda rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən KOB-ların əsas dəstəkçiləri kimi potensiallarını artırmağa və regionda və Aİ ilə transsərhəd əməkdaşlığı gücləndirəcəyi gözlənilir. EU4Digital proqramı belə bir təşəbbüsün Aİ və Şərq Tərəfdaşlığı regionları arasında rəqəmsal bazarların uyğunlaşdırılmasına töhfə verəcəyinə inanır.  ŞT maraqlı tərəflərinin Aİ-nin şəbəkə və platformalarına inteqrasiyasını daha yaxşı dəstəkləmək üçün EU4Digital, həmin regiondan olan təşkilatların İKT və innovasiyalar sahəsində Aİ-nin spesifik şəbəkə və platformalarına qoşulmaq imkanlarının ətraflı icmalını təqdim edən bələdçi hazırlamışdır.