Aİ və AYİB Azərbaycanda genişzolaqlı internetin əhatəsinin genişləndirilməsinə dəstək verəcək

  • Tarix: 06/01/23
  • Paylaş:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın regionlarında 280 000-dən artıq ev təsərrüfatını müasir genişzolaqlı internet bağlantısı ilə təmin etmək üçün Aztelekom şirkətinə 50 milyon ABŞ dolları dəyərində kredit ayıracaq. Adı çəkilən şirkət layihə çərçivəsində internetin sürətini, bağlantının gücünü və ötürmə qabiliyyətini yaxşılaşdırmaq, eləcə də paytaxt və ucqar rayonlar arasındakı rəqəmsallaşdırma sahəsindəki bərabərsizliyi aradan qaldırmaq niyyətindədir. 

Kredit Bakı Telefon Rabitəsi MMC və Aztelekom MMC arasında bölüşdürüləcək. Bu, AYİB-in bu sahədə ayırdığı ilk kredit əməliyyatıdır və Dayanıqlı İnkişaf üçün Avropa Fondu Plus (EFSD+) vasitəsilə dəstəklənəcək. 

Kredit Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı üzrə iddialı İqtisadi və İnvestisiya Planı çərçivəsində təqdim olunur. Planda nəzərdə tutulan islahatlar və səmərəli idarəçilik üzrə fəaliyyətlərin məqsədi yeni iş yerlərinin açılması və iqtisadiyyata sərmayələrin yatırılması vasitəsilə vətəndaşlara gözəçarpan faydaların ötürülməsidir. 

Rəqəmsal texnologiyalar sektorunun inkişafı və etibarlı genişzolaqlı internet bağlantısının təmin edilməsi həm AYİB, həm də Aİ üçün prioritet məsələlərdəndir. Bu iki qurum Global Gateway Strategiyasını dəstəkləmək, xüsusən rəqəmsal texnologiyalar, energetika və nəqliyyat sektorlarında ağıllı, təmiz və etibarlı əlaqələrin inkişafı məqsədilə sıx əməkdaşlıq edirlər. 

AYİB-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone deyib: “Etibarlı rəqəmsal infrastruktura sərmayə qoymaq gələcəyə sərmayə qoymaq deməkdir. Etibarlı genişzolaqlı bağlantı xidmətləri, Covid-19 pandemiyasından sonra sahibkarlıq müəssisələrinin rəqabət qabiliyyətini artırmaq və iqtisadiyyatı gücləndirmək üçün indi daha çox həyati vacib əhəmiyyət kəsb edir. Tərəfdaşlarımızla, xüsusən də Aİ ilə birlikdə müəssisələri dəstəkləmək və insanların gündəlik həyatını yaxşılaşdırmaq üçün yorulmadan çalışırıq”.

Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit qeyd edib: “Bu investisiyalar İqtisadi və İnvestisiya Planının insanların həyat şəratini yaxşılaşdıran konkret nəticələr verdiyini göstərir. Bu investisiyalara zəmanət verməklə biz müasir və davamlı bağlantını inkişaf etdirməkdə və rəqəmsallaşdırma sahəsində şəhər və kənd yerləri arasındakı bərabərsizliyi aradan qaldırmaqda Azərbaycanı dəstəkləyirik”.

Aztelekom şirkətinin baş direktoru Klaus Mueller isə bunları deyib: “Bu müsbət haldır, çünki AYİB hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatoru olan Aztelekom-a bütün ölkə ərazisində genişzolaqlı internet bağlantısı qurmaq üçün dövlət zəmanətsiz kredit ayırıb. Aztelekom AYİB-in sağlamlıq, təhlükəsizlik, ətraf mühit, gender və s. daxil olmaqla kredit alanların qiymətləndirilməsi üzrə lazımi yoxlama prosesini uğurla keçib. AYİB-in ciddi tələblərinə uyğun olmaqla şirkət AYİB ilə kredit müqaviləsi imzalayan ölkədə və regionda seçilmiş şirkət qruplarından birinə çevrilib. Bu fakt onu göstərir ki, “Aztelekom” korporativ idarəetmədə mühüm irəliləyiş əldə edib”.

Aİ telekommunikasiya sektorunda rəqabətin və tənzimləmənin təkmilləşdirilməsi üçün institusional tədbirlərin həyata keçirilməsini təmin etmək, o cümlədən kredit alanların korporativ idarəetmə mövqelərini gücləndirmək üçün EFSD+ zəmanəti çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə daha 1 milyon avro ayırmaq niyyətindədir.

Evə fiber optik (FTTH) genişzolaqlı şəbəkələr mis əsaslı köhnə texnologiyalarla müqayisədə daha güclü ötürmə qabiliyyəti, etibarlılıq və qənaət təmiin etməsinə baxmayaraq, bu günə qədər yalnız böyük şəhər mərkəzlərində tətbiq edilmişdir. FTTH-nin bütün ölkə üzrə genişləndirilməsi Azərbaycanda inklüziv və davamlı iqtisadi artıma mühüm töhfə verəcək.