Azərbaycanda 2-ci İnnovasiya Həftəsi keçirilib

  • Tarix: 06/11/19
  • Paylaş:

18-24 oktyabr tarixlərində Bakıda ardıcıl olaraq ikinci ildir ki, innovasiya və texnologiyaya həsr olunmuş “İnnoWeek” adlı İnnovasiya Həftəsi keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Heydər Əliyev Mərkəzində təşkil edilən tədbir çərçivəsində Elektron ticarətə dair iki günlük forum da keçirilib.

“InnoWeek” innovasiya həftəsi çərçivəsində aşağıdakı tədbirlər təşkil edilmişdir:

  • 2019-cu ildə Bakıda və bölgələrdə keçirilən startap turların qaliblərinin seçildiyi “I2B – İdeyadan Biznesə” layihəsinin final tədbiri. Tədbirdə münsiflər heyəti tərəfindən maliyyələşdirmə, ideyanın təkrar olunmazlığı, bazar potensialı, investisiyaların qaytarılma müddəti, ilkin xidmətin/prototipin hazırlanması üçün tələb olunan vaxt və komandanın ideyanı həyata keçirmə qabiliyyəti kimi kriteriyalara əsaslanaraq üç qalib seçilmişdir.
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində təşkil olunan “Roboday sərgisi”. Robotların nümayişi ilə yanaşı, tədbirdə STEAM (Elm, Texnologiya, Mühəndislik, Humanitar Elmlər və Riyaziyyat) üzrə təhsil proqramlarının təqdimatı keçirilmişdir. Tədbir innovativ İT mühəndislərin hazırlanmasına və gələcək texnologiyalara marağın artırılmasına yönəlmişdir.
  • Oktyabrın 21 və 22-də Elektron ticarətə dair 2-ci Bakı Forumu (BEF-2019) keçirilib. İki günlük forumda beynəlxalq təşkilatların, hökumət qurumlarının, ictimai təşkilatların, mikro, kiçik və orta sahibkarlıq müəssisələrinin nümayəndələri, investorlar, ekspertlər və startaplar iştirak edib. Tədbirdə həmçinin elektron ticarətin müxtəlif sahələrinə dair sessiyalar təşkil olunub. Elektron ticarət sahəsində ixtisaslaşmış liderlər, elektron ticarət və onlayn ödəniş platformaları sahəsində tanınmış mütəxəssislər və ekspertlərin bir araya gəldiyi forumda bu sahədə müşahidə olunan ən son tendensiyalar və müsbət təcrübələr müzakirə edilib.
  • Azərbaycanın innovasiya ekosisteminin nümayəndələri, hökumət və qeyri-hökumət təşkilatlarının, agentliklərin, inkubasiya və sürətləndirmə mərkəzlərinin və digər təşkilatların rəhbərlərinin iştirakı ilə “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa təşkil edilib.
  • Avrasiya İnnovasiya Günü: bu dialoq platformasında siyasətçilər, özəl sektorun nümayəndələri və elm xadimləri iştirak ediblər.
  • İnnovasiya sahəsində təntənəli mükafatlandırma mərasimində “İlin startapı”, “İlin nüfuza malik şəxsi”, “İlin innovasiya tədbiri”, “İlin innovasiya layihəsi” və “İlin İnnovasiya eksosistemi nümayəndəsi” kateqoriyalarında qaliblər seçilib.
  • “Kaspersky” təhlükəsizlik günü platformasında isə hökumət qurumlarının, özəl sektorun, QHT-lərin, universitetlərin və tədqiqat qurumlarının nümayəndələri iştirak ediblər.