Ermənistanlı, Azərbaycanlı və Gürcüstanlı tələbələr, tədqiqatçılar və təhsil işçiləri Aİ tərəfindən maliyyələşdirilən “Eastern Partnership Connect” (EaPConnect) layihəsinin dəstəyi ilə daha ucuz və daha sürətli internet vasitəsilə beynəlxalq səviyyədə əməkdaşlıq edə biləcəklər.
Sözügedən layihənin 2016-cı ildə ilk dəfə irəli sürüldüyü vaxtdan etibarən Cənubi Qafqaz ölkələrində tədqiqat və təhsil icmaları üçün internet bağlantısının qiyməti 80%-dən çox ucuzlaşmışdır. “GÉANT” adlı ümumavropa qabaqcıl elm, tədqiqat, təhsil və innovasiya üzrə şəbəkə tərəfindən idarə edilən “EapConnect” layihəsi çərçivəsində həyata keçirilən satınalma əməliyyatları ilə belə bir nəticə əldə olunub. “EaPConnect” layihəsinin Ermənistan, Azərbaycan və Gürcüstandakı tərəfdaşları tərəfindən qənaət edilən pul vəsaitlərinin milli tədqiqat və təhsil şəbəkələrinin (MTTŞ-lər) gücləndirilməsi məqsədilə xidmət və bacarıqların inkişafına yatırılacağı gözlənilir. Bununla da adı çəkilən ölkələrdə tədqiqat və təhsil icmalarına və onların bacarıqlarına daha yaxşı dəstək verilərək, onların Avropada və digər ölkələrdə fəaliyyət göstərən həmkarları ilə əməkdaşlığına şərait yaradılacaq.
Dayanıqlığın və rəqəmsal sahədə bərabərliyin yaxşılaşdırılması
“EaPConnect” daha ucuz qiymətə daha sürətli bağlantının əldə olunmasına çalışır, çünki tədqiqat və təhsil üçün ayrılmış yüksək ötürmə qabiliyyətinə malik, etibarlı internet şəbəkələri layihənin tərəfdaş MTTŞ-ləri tərəfindən təmin olunan xidmətin əsasını təşkil edir.
“Şərq Tərəfdaşlığı (ŞT) regionunda qiymətlərin ucuzlaşmasına kömək etməklə, sözügedən layihə, istifadəçilərə daha əlverişli qiymətlər təmin etməklə yanaşı, ŞT və digər ölkələr arasındakı rəqəmsal sahədə müşahidə olunan qeyri-bərabərliyi azaltmaq və bu müsbət təsirləri uzunmüddət qoruyub saxlamaq məqsədi daşıyır” , – deyə “EaPConnect” (GEANT) layihəsinin rəhbəri Veronika Di Luna bildirir.
Hansı dəyişikliklər baş vermişdir?
Geosiyasi məhdudiyyətlər, bölgənin çətin ərazidə yerləşməsi və məhdud sayda təchizatçı səbəbindən əvvəllər Cənubi Qafqaz ölkələrində qiymətlər yüksək olmuşdur. Buna baxmayaraq, Ermənistan, Azərbaycan və Gürcüstan üçün üçüncü dəfə tender keçirilərkən bu ölkələrdəki bazarlar “EaPConnect” layihəsinin alıcılıq qabiliyyətinə cavab vermişdir. Əhali qrupları arasında ötürmə qabiliyyətinə olan tələbatın artması, “Caucasus Online” şirkəti tərəfindən idarə olunan və Gürcüstanda əvvəlcədən mövcud olan Qara dəniz fiber-optik xəttinin tutumunun artırılması və bu bazarlara yeni rəqibin – “TransTeleCom” şirkətinin girməsi ilə yeni coğrafi marşrutun açılması digər əhəmiyyətli amillərdən hesab olunur.
2016-cı ildən bəri Ermənistan, Azərbaycan və Gürcüstanda şəbəkəyə qoşulmanın ümumi qiymətində (Qbit/saniyə) 83% azalma qeydə alınmışdır. Ən kəskin azalma, altı ŞT ölkəsi arasında ən yüksək qiymətlərin mövcud olduğu Azərbaycanda baş verib. Bu ölkədə Qbit/saniyə üçün aylıq ilkin qiymət 21500 avro olmuşdur. Azərbaycanda Qbit/saniyə üçün ən son qeydə alınan qiymət isə yuxarıda göstərilən məbləğin təxminən 7%-ni, yəni təqribən 1543 avro təşkil etmişdir. Bununla da bağlantının sürətinin qiyməti baxımından Azərbaycan altı ölkə arasında üçüncü sırada dayanır. Gürcüstanda Qbit/saniyənin aylıq qiymətində 78,5%, Ermənistanda isə 62,5% azalma qeydə alınmışdır.
Şəbəkə satınalmalarının adı çəkilən yeni dövrəsində aşağıdakı dəyişikliklər baş vermişdir:
- “GRENA”,
Gürcüstan
Mövcud bir ədəd 1 Qbit/saniyəlik ehtiyat xəttə malik iki ədəd 1 Qbit/saniyəlik Frankfurt və Budapeşt xətti yenilənmişdir. “Caucasus Online” provayderi tərəfindən Frankfurt xətti 3 Qbit/saniyəyə çatdırılmışdır. Bundan başqa, “Caucasus Online” və “Silknet” tərəfindən iki ədəd 1 Qbit/saniyəlik ehtiyat xətt əlavə edilmişdir.
“ASNET-AM”, Ermənistan
“TransTeleCom” şirkəti tərəfindən bir ədəd 0,5 Qbit/saniyəlik ehtiyat xəttə malik bir ədəd 1 Qbit/saniyəlik Frankfurt xətti yenilənərək bir ədəd 2 Qbit/saniyəlik xəttə
- çatdırılmışdır. Bundan başqa, “GNC-Alfa” provayderi tərəfindən 1 Qbit/saniyəlik ehtiyat xətt əlavə edilmişdir.
- “AzScienceNet”,
Azərbaycan
“TransTeleCom” şirkəti tərəfindən bir ədəd 1 Qbit/saniyəlik Frankfurt xətti və bir ədəd 0,5 Qbit/saniyəlik ehtiyat xətti yenilənərək bir ədəd 3 Qbit/saniyəlik Frankfurt xəttinə və bir ədəd 1 Qbit/saniyəlik ehtiyat xəttinə çatdırılmışdır.
Adı çəkilən yenilənmiş xətlərin müvəffəqiyyətlə qurulması üçün “GEANT” icması və kommersiya tərəfdaşları arasında əməkdaşlıq vacib əhəmiyyət daşıyır. “GRENA” yenilənməsi 2019-cu il mayın 25-də, “ASNET-AM” adlı yenilənmə isə 2019-cu il oktyabrın 31-də başa çatdırılıb. “AzScienceNet” yenilənməsinin 2019-cu ilin noyabrında başa çatdırılması planlaşdırılıb.
“EaPConnect” layihəsinin məqsədi Aİ-nin Şərqi Tərəfdaş ölkələrində, yəni Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada regional tədqiqat və təhsil şəbəkəsinin yaradılmasıdır. Layihə ümumilikdə rəqəmsal sahədə qeyri-bərabərliyin azaldılmasına, regionlararası bağlantının yaxşılaşdırılmasına və yerli alimlərin, tələbələrin və təhsil işçilərinin tədqiqat və təhsil sahəsindəki qlobal əməkdaşlıqlarda iştirakına şəraitin yaradılmasına yönəlmişdir.
Şəkil: GEANT satınalma komandasını təmsil edən İstvan Tetenyi və Paul Rouz.