Bəzi problemlərin olmasına baxmayaraq, Elektron səhiyyə sahəsindəki texnologiyaların parlaq gələcəyi olacaq

  • Tarix: 09/12/20
  • Paylaş:

Səhiyyə sistemində rəqəmsal texnologiyalardan istifadə, Aİ və Şərq Tərəfdaşlığı regionlarında səhiyyənin gələcəyi üçün yeni innovativ perspektivlər açır. Elektron səhiyyə sahəsində xəstənin ehtiyaclarına yönəlmiş və məlumat yönümlü səhiyyə xidməti vasitəsilə ənənəvi tibbdə inqilab yarada biləcək yeni texnoloji həllər işlənib hazırlanır. Aİ və Şərqi tərəfdaşlıq ölkələrindəki bir çox imkanlar və texnoloji həllər səhiyyə sistemini rəqəmsal yanaşma istiqamətində kökündən dəyişə bilər. Buna baxmayaraq, yeni texnoloji həllərin tətbiqi istiqamətində müəyyən çətinliklər qalmaqdadır.

EU4Digital bu sahədə fəaliyyət göstərən mütəxəssis, Professor Enrike Martins ilə rəqəmsal səhiyyənin gələcəyini müzakirə edib. Cənab Martins səhiyyə sistemindəki rəqəmsal texnologiyaların potensialını tam həyata keçirmək üçün qarşıda duran imkanlar və aradan qaldırılması lazım olan problemlərə toxunub. O, daxili orqanlar (terapiya) üzrə təhsil alıb, magistr və menecment üzrə doktorluq dərəcəsinə malikdir və 20 ildən çoxdur ki, rəqəmsal səhiyyə sahəsində çalışır.

Elektron səhiyyənin ən əsas məqsədi, rəqəmsal texnologiyalardan istifadə edərək səhiyyə xidməti təminatını həkim və xəstəxana yönümlü yanaşmaya deyil, xəstələrə və onların sağlamlığına yönəlmiş keçidin reallaşdırılmasıdır. Bu, müxtəlif səhiyyə işçilərinə əlçatan olan xəstələrin məlumatlarının yeganə Elektron səhiyyə kartında toplanması işini sadələşdirmək üçün rəqəmsal sistemlərin istifadəsini və ya xəstələrin təyin olunmuş dərmanlara daha asan çıxış qabiliyyətini təmin etmək üçün Elektron resept sistemindən istifadəsini göstərir. Elektron səhiyyə eyni zamanda süni intellekt (AI) və ya böyük məlumat proqramı kimi müasir texnologiyalardan, məlumatlarda potensial çatışmazlıq və ya risklərə işarə edərək xəstəliklərin qarşısının alınmasına dair siyasəti dəstəkləmək məqsədilə istifadə etmək deməkdir.

Gələcək texnoloji həllər

Aİ və ŞT ölkələrində gələcək texnoloji həllər baxımından, Elektron səhiyyə kartlarının və Elektron resept sisteminin istifadəsi gündəmin prioritet məsələlərindən biridir. Bunlar səhiyyə sahəsindəki məlumatların mübadiləsinə imkan verən uyğunlaşdırılmış rəqəmsal sistemlərin mövcudluğundan asılıdır. Gələcək prioritet isə bu texnoloji həllərin sərhədlər xaricində mövcudluğunu təmin etməkdir. Bu, Lüksemburq vətəndaşının tətilini Xorvatiyada keçirmək üçün bu ölkəyə səfər edərkən Lüksemburqda yazılmış dərmanlarını Xorvatiyada hər hansı bir aptekdən ala bilməsi deməkdir. Elektron resept sistemi üzrə transsərhəd pilot layihələr Aİ daxilində həyata keçirilir və gələcəkdə ŞT regionu daxilində və ya hətta Aİ və ŞT regionları arasında sınaqdan keçirilə bilər.

Professor Henrique Martins

Transsərhəd elektron səhiyyənin qarşısında duran ən çətin tapşırıq rəqəmsal səhiyyə sistemləri arasında qarşılıqlı əlaqənin qurulmasıdır. Professor Martins bank sektorunu nümunə olaraq göstərir. Bankçılıq, bir ölkənin vətəndaşlarının başqa bir ölkədə bankomatdan pul çıxara biləcəyi transsərhəd bir xidmətdir. Bu, yerli bankınız və xarici bankın oxşar əməliyyat sistemlərinə sahib olmasına əsaslanır. Onlar bir-biri ilə əlaqə qurmağı bacarır və hesab nömrələri, məbləğlər kimi bank məlumatlarını mübadilə edə bilir. Elektron səhiyyədə də transsərhəd məlumat mübadiləsi tələb olunur, ancaq səhiyyəyə dair məlumatlar heç də həmişə yalnız rəqəmlərdən ibarət deyil. Burada həm mətn, həm də şəkillər ola bilər, bu da müəyyən mürəkkəblik yaradır. Oxşar əməliyyat sistemləri və rəqəmsal alətlər təmin edən ümumi standartlar məlumat mübadiləsini təmin edən əsas elementdir. Transsərhəd elektron səhiyyənin qarşısında duran başqa bir problem tibb işçilərinin səriştəsinin bir-birinə uyğunluğudur. Bu, Elektron resept sistemi üçün çox vacibdir, yəni bir ölkənin başqa bir ölkədən olan səhiyyə işçisinin reseptini tanıya bilməsi üçün tələb olunur.

“Müvafiq təşkilatlar, regionlar və hətta ölkələr arasında səhiyyə məlumatları və səhiyyəyə dair məlumatların fasiləsiz axını elektron səhiyyədə növbəti mərhələdir. Bu, yerli və regional səviyyədə uzlaşdırılmış və bir-birinə uyğun fəaliyyət göstərən səhiyyə xidmətlərinin inkişafına əsaslanır ”, –  deyə EU4Digital Proqramının Elektron səhiyyə istiqamətinin rəhbəri Martin Daugirdas bildirir.

Robot texnikası və süni intellektdən (AI) istifadə səhiyyəni kökündən dəyişdirə biləcək başqa bir imkandır. Professor Martins hesab edir ki, xəstələri müalicə edən tamamilə muxtar formada çalışan insan şəklindəki robotların görünüşü həqiqətdən çox elmi fantastikaya bənzəyir, lakin səhiyyə işçilərini və xəstələri dəstəkləmək üçün robot hissələrinin istifadəsi artıq inkişaf etməkdə olan bir sahədir. Məsələn, ortopedlər əzalarını hərəkət etdirmək və idarə etmək üçün əlavə dəstək və ya güc təmin edərək xəstələrin müalicəsində kömək etmək üçün robot qolunun köməyindən istifadə edirlər. Ekzoskeletlərin istifadəsi – rəqəmsal texnologiyalar vasitəsilə inkişaf etdirilmiş mexaniki dəstək çərçivəsi – insult keçirən xəstələrin reabilitasiyasına kömək etmək üçün Aİ daxilində prototipləşdirilir və ənənəvi fizioterapiya metodları ilə müqayisədə, xəstələrin yerimək qabiliyyətlərini qısa zaman ərzində bərpa etməyə kömək edir.

Bu yeni, qabaqcıl süni intellekt və robot texnologiyası sahələrində Şərqi tərəfdaşlıq ölkələri yeni xəstəxanalar və səhiyyə müəssisələri tikdikləri zaman üstünlük əldə edə bilərlər. Ətraf mühiti yeni rəqəmsal texnologiyalara daha uyğun formaya gətirmək üçün onlar qabaqcıl internet texnologiyaları və simsiz bağlantı ilə təchiz oluna bilərlər. Avropa ölkələrində bir neçə əsr yaşı olan binalarda yerləşən xəstəxanalarda tələb olunan simsiz bağlantı infrastrukturunu yeniləmək daha çətin ola bilər.

Gələcəkdə səhiyyə xidmətlərini xəstəyə yaxınlaşdırmaq üçün də rəqəmsal səhiyyə texnologiyalarındna istifadə edilə bilər. Artıq xəstəxanalardakı təcili yardım şöbələri, qayğıya ən çox ehtiyacı olan xəstələrə üstünlük vermək üçün xəstələri dərəcələrə ayırma sistemlərinə əsasən çalışırlar. Yeni texnologiyaların tətbiqi ilə, bu istiqamətdə iş, xəstələrin simptomlarını göstərən rəqəmsal interfeyslər tərəfindən dəstəklənə bilər. Daha sonra isə xəstələrin vəziyyəti, fərqli prioritet səviyyələrini ayırmaq üçün standart simptom izləmə protokollarından istifadə edərək rəqəmsal qaydada qiymətləndirilə bilər. Professor Martins əlavə edir ki, rəqəmsal vasitələrdən və qabaqcıl məsafədən səhiyyə sistemindən istifadə edilərək bəzi tibbi səriştələr xəstələrə əlçatan ola bilər. Məsələn, bir neçə sual vermək və resept almaq üçün həkimə getmək əvəzinə, xəstələrin həkim ilə məsafədən əlaqə saxlaması və eyni cavabları və resepti alması üçün tibb köşkləri yaradıla bilər. Bu mərkəzləşdirilməmiş qurğular rəqəmsal etimad və rəqəmsal xidmət təminatçısının əsas mərkəzi kimi çıxış edərək mərkəzləşdirilmiş güclü səhiyyə sisteminə əsaslanacaq.

Hər hansı bir məlumat yönümlü sistemdə məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması çox vacibdir. Səhiyyə məlumatları məxfi və fərdi olduğundan məlumatların məxfiliyi rəqəmsal səhiyyənin vacib komponenti hesab olunur. Sistemlər və protokollar, məlumatların məxfiliyinə dair qanunvericiliyə uyğun olaraq xəstənin sağlamlığına dair məlumatların məxfiliyinə zəmanəti təmin etməlidir ki, vətəndaş məlumatlara giriş imkanına nəzarət edə bilsin. Təhlükəsizlik və etimad sistemləri də icazəsiz girişlərin qarşısını almaq üçün aktiv fəaliyyət göstərməlidir. Təhlükəsizliyi təmin etmək üçün xəstələrin sağlamlığına dair məlumatlar kiberdayanıqlı və etibarlı sistemlərdə saxlanmalıdır. Etimad sistemləri, məlumatların əldə edilməsini təmin etmək üçün xəstələrin və səhiyyə işçilərinin elektron identifikasiyasından istifadə edərək bu təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır.

Digər mülahizələr

Texniki məhdudiyyətlərdən başqa digər problemlər insanlarla və yeni texnoloji həllərin mövcud səhiyyə sistemi mühitinə inteqrasiyası ilə əlaqədardır. Texnologiyaların faydalı və dəyişkən olması üçün onlar səhiyyə işçiləri və son istifadəçilər tərəfindən qəbul edilməli və istifadə olunmalıdır. Hər hansı bir vasitə xəstələr üçün nəzərdə tutulubsa, lakin dəyəri dərk edilmirsə və ya onlar bu texnologiyadan istifadə etmək üçün lazımi bacarıqlara sahib deyilsə, rəqəmsal vasitələr dəyər təmin etmirlər. Professor Martins “insanlar arasındakı qarşılıqlı əlaqənin” insanların rəqəmsal səhiyyə texnologiyaları ilə bağlı bacarıq və düşüncə tərzinin uyğunlaşması və müxtəlif mühitlərdə bir sıra alətlərlə işləməsi üçün vacib olduğunu vurğulayır. Bu, xəstələrin və səhiyyə işçilərinin əlçatan texnologiyalarla əlaqədar rəqəmsal elektron səhiyyə bacarıqları təlimlərinə çıxışını təmin etmək deməkdir.

Yeni rəqəmsal vasitələrin tətbiq edilməsinə yönəlmiş digər bir həll yolu rəqəmsal səhiyyə texnologiyalarının xəstələrə və səhiyyə işçilərinə verə biləcəyi faydaları vurğulamaqdır. COVID-19 pandemiyası, infeksiyanın yayılmasını məhdudlaşdırmaq üçün tətbiqlərin izlənilməsində rəqəmsal və səhiyyə məlumatlarını birləşdirərək səhiyyə sistemini və elektron səhiyyəni ön plana çıxardı. Bununla belə, Professor Enrike Martins daha ənənəvi mühitdə elektron səhiyyənin irəliləməsində xəstənin fikrinin əhəmiyyətli olduğunu vurğulayır: “Xəstənin rəqəmsal səhiyyə xidmətləri üçün mütəxəssislərinə müraciət etməsi üçün bu qərarların verilməsinin əsl səbəbləri və verdikləri faydaları nümayiş etdirmək lazımdır”. Səhiyyə işçiləri ilə xəstələr arasında dialoq vasitəsilə xəstələri yeni Elektron səhiyyənin imkanları ilə tanış etmək və onları ona cəlb etmək olar.

Bu imkanlar, həll yolları və problemlər arasında əsas mövzu, vətəndaşlara daha yaxşı, daha inkişaf etmiş və fərdiləşdirilmiş səhiyyə xidməti göstərmək üçün texnologiyadan ən yaxşı şəkildə istifadə edilməsidir. Söhbət fərqli texnologiyaların sayından deyil, vətəndaşların səhiyyə xidmətinə çıxışını yaxşılaşdırıb genişləndirə bilən qarşılıqlı əlaqəli və istifadə olunan sistemlərdən gedir.

Avropa İttifaqı, EU4Digital təşəbbüsü vasitəsilə, ŞT və Aİ arasında Elektron səhiyyə üzrə milli bazaların və uyğunlaşdırılmış sistemlərin yaradılmasına dəstək vermək üçün Şərqi tərəfdaşlıq ölkələri ilə birgə işləyir. Elektron səhiyyə sistemində əldə olunan irəliləyişlər və hədəflər haqqında daha çox məlumat almaq üçün Elektron səhiyyə üzrə tematik səhifəyə baş çəkin.

Uğur hekayələri

Ticarət üçün klikləyin: EU4Digital e-kommersiya qurmaq üçün Azərbaycana kömək edir

Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdıraraq, mövcud məhsul çeşidini ar…

Daha çox öyrən

Azərbaycanda rəqəmsal gələcək üçün rəqəmsal bacarıqlar inkişaf etdirilməlidir

“İKT-də qadınlar kişilərə nisbətən azdırlar, uğurlu deyillər” və s. bu kimi fikirlər mövcuddur, mən bu fikirlə…

Daha çox öyrən

Hamısına bax