Elektron imza pilot təşəbbüsü ilə rəqəmsal etimadın yaradılması

  • Tarix: 15/12/20
  • Paylaş:

Məsafədən iş mühitinə qəfil keçid səbəbindən çoxumuz ətrafımızdakı dünya ilə münasibətlərimizə yenidən baxmalı olduq. Pandemiya həmçinin rəqəmsal məkanda təhlükəsiz və etibarlı qarşılıqlı əlaqəyə imkan verən əsas amil kimi rəqəmsal etimad xidmətlərinin əhəmiyyətini ön plana çıxardı. Dünyada ciddi təcrid tədbirlərinin tətbiq edildiyi bu ilin mart və iyun ayları arasında “EU Sign” (Avropa Komissiyasının Kvalifikasiya olunmuş Elektron imza xidməti) vasitəsilə həyata keçirilən aylıq elektron imza əməliyyatlarının sayı 600% artmışdır. Şərqi tərəfdaşlıq ölkələri də rəqəmsal etimad xidmətlərində dəyişikliklərin katalizatoru olaraq onlayn işə keçiddən yararlana bilərlər.

Rəqəmsal etimad xidmətləri sahəsində mövcud vəziyyət

Avropa İttifaqında elektron imzalar 27 Aİ ölkəsində elektron identifikasiya (eID) və e-İmza (elektron imzalar) üçün vahid çərçivə yaradan “eIDAS Reqlamenti” ilə tənzimlənir. Elektron imzalar ilə əlaqəli texnologiyaların tətbiqi, etimad xidmətləri və yerli qanunvericilik hər bir Şərqi tərəfdaşlıq ölkəsində və Aİ ölkələrində çox fərqlidir.

Həmin ölkələrdə mövcud vəziyyəti qiymətləndirmək üçün EU4Digital Proqramı Şərqi tərəfdaşlıq ölkələrində rəqəmsal etimad və elektron identifikasiya xidmətlərinin yetkinlik səviyyəsini qiymətləndirib. Proqram ŞT regionunda sözügedən sahəni təşkilati, hüquqi və texnoloji cəhətdən qiymətləndirib. Elektron imzaların qarşılıqlı tanınması üçün Elektron imza yaradan cihazlar eIDAS Reqlamentində qeyd olunan müəyyən kriteriyalara uyğun olmalıdır, amma qiymətləndirmə hal-hazırda istifadə olunan vasitələrin fərqli olduğunu üzə çıxarıb. Hal-hazırda bir çox vacib sahələrdə, xüsusən də məlumatların məxfiliyi və qorunması ilə əlaqədar olan sahələrdə Elektron identifikasiya və Elektron imzaların uzlaşdırılması tələb olunur.

Elektron imza pilot təşəbbüsü

EU4Digital Proqramı tərəfindən həyata keçirilən Elektron imza pilot təşəbbüsü hazırda seçilmiş Şərqi tərəfdaşlıq ölkələrində transsərhəd Elektron imzanın fəaliyyətini sınaqdan keçirir. Elektron imza pilot layihəsi Ukrayna və Estoniya (ŞT – Aİ) və Ukrayna və Moldova (ŞT – ŞT) arasında həyata keçirilir. 2020-ci ilin aprelində icra olunmağa başlayan transsərhəd Elektron imza pilot layihəsinə zaman işarəsinin qoyulması, doğrulama mexanizmləri, sertifikatın statusunun yoxlanılması daxildir və bu layihə təcrübədə elektron imza (rəqəmsal imza) üzrə ixtisaslaşmış texnoloji həlli sınaqdan keçirir.

Qeyd edək ki, Elektron imza üzrə pilot fəaliyyətlərin köməyilə texniki, o cümlədən rəqəmsal etimad xidmətlərinin qarşılıqlı tanınması məqsədilə transsərhəd təşkilati amillərə dair ümumi məlumatlar əldə olunacaq. Transsərhəd Elektron imza, vahid rəqəmsal bazarın Şərq Qonşuluğu regionuna qədər genişləndirilməsində əsas amillərdən biridir və bu səbəbdən bütün bu proses ərzində EU4Digital Proqramı Şərqi tərəfdaşlıq ölkələrində Elektron imzanın geniş miqyaslı tətbiqi üçün tələb olunan tədbirləri müəyyənləşdirəcək və onlara dəstək verəcək. Bundan əlavə, EU4Digital Proqramı fəaliyyətin davamlılığına yönəlmişdir, buna görə də layihənin mütəxəssisləri eIDAS-a əsaslanaraq və Şərq Tərəfdaşlığı ölkələri üzrə Aİ-nin qanunvericiliyinə tam uyğun olaraq ŞT regionunda elektron identifikasiyanın qarşılıqlı tanınması üçün regional yol xəritəsi və milli fəaliyyət planları hazırlayacaqlar.

Daha çox oxu: EU4Digital elektron imzaları hansı ölkələr arasında sınaqdan keçirir? Ümumiyyətlə buraya nə daxildir?