Aİ tərəfindən maliyyələşdirilən “Eastern Partnership Connect” (EaPConnect) layihəsi və İtaliyanın “GARR” adlı milli tədqiqat və təhsil şəbəkəsi (MTTŞ) tərəfindən noyabrın 21-i və 22-də Romada təşkil edilən iki günlük seminarda tədqiqat və təhsil üzrə bulud (cloud) platformalarından istifadəyə dair biliklər mübadilə edilib.
Sözügedən seminarda Şərq Tərəfdaşlığı ölkələri olan Ermənistan (ASNET AM), Azərbaycan (AzScienceNet), Belarus (BASNET), Gürcüstan (GRENA) və Moldovadan (RENAM) olan milli tədqiqat və təhsil şəbəkələrinin (MTTŞ-lər) nümayəndələri iştirak edib.
Proqram çərçivəsində “GARR” bulud platformasının administratorları və mütəxəssisləri tərəfindən həyata keçirilən tematik araşdırmaların nəticələrinə dair təqdimatlar, eləcə də sualları, ümumi problemləri və qabaqcıl təcrübələri bölüşmək üçün dəyirmi masalar təşkil edilib. Əsas məqsəd bu sahədə əldə olunan nailiyyətləri bölüşmək və icmalarına bulud xidmətləri təklif etməyən və ya xidmətlərini genişləndirmək istəyən MTTŞ-ləri həvəsləndirmək və istiqamət verməkdir.
AzSciencNet-in administratoru Tural Mustafayev bildirib: “Seminar təcrübə mübadiləsi baxımından çox faydalı oldu. Biz “OpenStack” bulud mühitinin quraşdırılmasına başlamışıq və seminarda “OpenStack”-in asan, sürətli və avtomatlaşdırılmış quraşdırılma prosesi nümayiş olundu. Biz inanırıq ki, seminar bu prosesi sürətləndirməyə kömək edəcək və onu qat-qat asanlaşdıracaq”.
GRENA-nın təmsilçisi Tsotne Gozalişvili bunları deyib: “Bulud infrastrukturu və xidmətlərinin monitorinqi ilə bağlı seminar maraqlı və məlumat xarakterli idi”. Onun həmkarı Temur Maisuradze isə əlavə edib: “OpenStack ilə bağlı müzakirələr xüsusilə maraqlı idi, çünki bu gələcək işimiz üçün çox faydalı olacaq”.
Adı çəkilən seminar EapConnect layihəsinin fəaliyyətləri çərçivəsində təşkil olunub və əsas məqsədi tərəfdaş ölkələr arasında bilik və bacarıqların mübadiləsi, həmin ölkələrin GEANT adlı ümumavropa qabaqcıl elm, tədqiqat, təhsil və innovasiya üzrə şəbəkəsinə inteqrasiyasına kömək etmək və paylaşılan xidmətlərin tətbiqi vasitəsilə yerli elmi işçilər, tələbələr və təhsil işçiləri ilə əməkdaşlığa şərait yaratmaqdır.
“EaPConnect” layihəsinin məqsədi Aİ-nin Şərqi Tərəfdaş Ölkələrində, yəni Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada regional tədqiqat və təhsil şəbəkəsinin yaradılmasıdır. Layihə ümumilikdə rəqəmsal sahədə qeyri-bərabərliyin azaldılmasına, regionlararası bağlantının yaxşılaşdırılmasına və yerli alimlərin, tələbələrin və təhsil işçilərinin tədqiqat və təhsil sahəsindəki qlobal əməkdaşlıqlarda iştirakına şəraitin yaradılmasına yönəlmişdir.