Avropa Şurasının kibercinayətkarlıq üzrə proqram ofisi (C-PROC) əhatə etdiyi ölkələrin iştirakı ilə bütün dünyada ədalət mühakiməsi orqanlarının bacarıqlarının artırılması istiqamətində görülən işlərin davam etdirilməsi məqsədilə seminarların təşkilini nəzərdə tutan proqram işləyib hazırlamışdır.
Silsilə şəklində təşkil olunacaq seminarlarda ilkin olaraq Kibercinayətkarlığa dair qanunvericiliyin qlobal vəziyyəti diqqət mərkəzində olacaq. İlk seminar aprelin 27-də saat 09:00-da (GMT) keçiriləcək.
Tədbirdə iştirak etmək üçün seminarın internet səhifəsində olan onlayn forma vasitəsilə hər bir seminar üzrə ayrı-ayrılıqda qeydiyyatdan keçmək tələb olunur.
C-PROC, EU4Digital təşəbbüsü çərçivəsində CyberEast layihəsini həyata keçirir. Layihə, Kibercinayətkarlığa dair Budapeşt Konvensiyası və əlaqədar normativ-hüquqi aktlara uyğun olan qanunvericilik və siyasət bazalarının qəbul olunmasına çalışır, eyni zamanda ədliyyə orqanlarının, hüquq-mühafizə orqanlarının bacarıqlarını artırmaq və qurumlararası əməkdaşlığı gücləndirmək, o cümlədən xidmət təminatçıları və hüquq-mühafizə orqanları arasında səmərəli beynəlxalq əməkdaşlığı və ədalət mühakiməsinə, kibercinayətkarlığa qarşı mübarizə tədbirlərinə və elektron sübütlara etimadı artırmaq məqsədi daşıyır.