Aİ tərəfindən maliyyələşdirilən CyberEast layihəsi altı Şərqi tərəfdaşlıq ölkəsində internet vasitəsilə fırıldaqçılıq mövzusunda bir sıra seminarlar keçirib.
Kibercinayətkarlıq sahəsində çalışan müstəntiqlər, maliyyə araşdırmaçıları, maliyyə kəşfiyyatı işçiləri, eləcə də maliyyə sahəsi üzrə tənzimləyicilər və özəl sektoru təmsil edən müəssisə və biznes assosiasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilən iki günlük seminarlarda, internet vasitəsilə həyata keçirilən cinayət əməllərindən əldə olunan gəlirlərin müəyyənləşdirilməsi və onlarla mübarizə, hesabat mexanizmlərinin düzgün fəaliyyətinin, o cümlədən qurumlararası və ya dövlət və özəl sektor arasında əməkdaşlıqların təmin edilməsi məsələləri müzakirə olunub.
Sonuncu belə seminar 14-15 yanvar 2021-ci il tarixində Azərbaycan dövlət orqanlarının nümayəndələri üçün təşkil olunub və tədbirdə internet vasitəsilə fırıldaqçılıq, cinayətlərdən əldə olunan gəlirlər və hesabat mexanizmləri müzakirə olunub. Sözügedən seminarlar 2020-ci ilin mart ayından etibarən keçirilməyə başlanılıb.
Şərq Tərəfdaşlığı regionu qlobal iqtisadiyyata inteqrasiya etdikcə və gündəlik olaraq internetdən istifadə edənlərin sayının artması nəticəsində informasiya texnologiyaları, kompüter sistemləri və məlumatlardan istifadə vasitəsilə icra olunan maliyyə cinayətləri geniş yayılmağa başlayıb. Belə kibercinayətlərə qarşı mübarizənin səmərəliliyi bir çox amillərdən, o cümlədən bu cür cinayət fəaliyyəti haqqında vaxtında məlumat verilməsi və tədbir görülməsindən, cinayət yolu ilə əldə olunan gəlirlərin müsadirə edilməsindən və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə güclü fəaliyyətlərdən və ictimai qurumlar və dövlət və özəl sektor arasında rəsmi və qeyri-rəsmi əməkdaşlıqlardan asılıdır.
Sözügedən seminarların ardınca iştirakçı ölkələr üçün xüsusi təlim sessiyaları və 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlində layihə çərçivəsində azı bir regional iclas keçiriləcək.
Aİ tərəfindən maliyyələşdirilən CyberEast layihəsi Kibercinayətkarlığa dair Budapeşt Konvensiyası və əlaqədar normativ-hüquqi aktlara uyğun olan qanunvericilik və siyasət bazalarının qəbul olunmasına çalışır və ədliyyə orqanlarının, hüquq-mühafizə orqanlarının bacarıqlarını artırmaq və qurumlararası əməkdaşlığı gücləndirmək, o cümlədən xidmət təminatçıları və hüquq-mühafizə orqanları arasında səmərəli beynəlxalq əməkdaşlığı və ədalət mühakiməsinə, kibercinayətkarlığa qarşı mübarizə tədbirlərinə və elektron sübütlara etimadı artırmaq məqsədi daşıyır.