Koronavirus peşə təhsilinə də təsir etdiyi üçün rəqəmsal bacarıqlar diqqət mərkəzindədir

  • Tarix: 08/05/20
  • Paylaş:

Sosial izolyasiya hər kəsin rəqəmsal bacarıqlarını inkişaf etdirməsi üçün bir fürsətdir, ancaq Avropa Komissiyasının pandemiyanın Peşə təhsili və təliminə (PTT) təsirini müəyyənləşdirmək məqsədilə başladığı onlayn sorğunun ilkin nəticələrinə görə rəqəmsal sahədə qeyri-bərabərlik mövcuddur.

Sözügedən sorğu martın 18-dən etibarən həyata keçirilməyə başlayıb və aprelin 24-nə qədər qəbul olunan 252 cavab artıq dərc olunmuşdur.

Sorğuya verilən cavablar göstərir ki, bütün ölkələr WhatsApp kimi çox sadə mesajlaşma xidmətlərindən (məsələn, təhsil alanların evdə kompüteri olmadıqda) tutmuş daha mürəkkəb İT tədris platformaları istifadə yə verməklə təhsil üçün onlayn şərait yaratmaqdadırlar. Onlar hətta adi məktəb dərslərini yayımlamaq və əvəz etmək üçün milli televiziyadan da istifadə edirlər. Bu həmçinin mövcud elektron tədris materialları və onları yaratmaq üçün vasitələrin təşviqi və daha da araşdırılması üçün bir fürsətdir.

“Cari vəziyyətin müsbət cəhəti ondan ibarətdir ki, hər kəs rəqəmsal bacarıqlarını inkişaf etdirmək və ya dərinləşdirmək üçün bir fürsət əldə edib. Bununla yanaşı, sorğunun ilkin nəticələri kompüter və internetə çıxışı olmayan ev təsərrüfatları və təhsil alanların rəqəmsal sahədə qeyri-bərabərlik, bərabərsizlik və çatışmazlıqlar ilə üzləşdiyini qabarıq şəkildə nümayiş etdirir”.

Təlimçilər və siyasətçilər üçün verilən təkliflər arasında bunlar da vardır: “Bu böhran gələcəkdə daha çox rəqəmsal olmağa təkan verir. Eyni zamanda, təhsil alanların “real dünya” ilə əlaqəsinin kəsilməməsi üçün internetdə keçirdiyi vaxta diqqət yetirmək lazımdır”. Cavablarda həmçinin müəllimlər, təlimçilər, məşqçilər və mentorlar üçün rəqəmsal bacarıqların tədrisi üçün onlayn modulların tələb olunduğu vurğulanır.

Real məkanda tədrisi əvəz edə bilməməsinə baxmayaraq, işəgötürənlər və sosial tərəfdaşların materiallarının internetdə paylaşılması və ya rəqəmsal tədris vasitələrinin yaradılması, PTT üçün virtual modelləşdirmə sistemlərinin qurulması və maliyyələşdirilməsi, eləcə də  Peşə təhsili üzrə onlayn açıq kursların PTT bölməsi üçün onlayn platformanın yaradılması məqsədilə adı çəkilən tərəflərlə iş birliyi yaratması üçün respondentlər Avropa Komissiyasına müraciət ediblər.

Sorğu nəticəsində toplanan müxtəlif resursların siyahısını və digər mənbələri buradan tapa bilərsiniz. Rəqəmsal məzmunun yaradılmasını asanlaşdıran çoxlu sayda platformalar ilə yanaşı, müxtəlif dillərdə mövcud olan bir çox əsas əməkdaşlıq vasitələri mövcuddur. 

Sorğu mayın 22-nə qədər açıqdır.

Mətbuat üçün açıqlama