Dekabrın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və EU4Digital Proqramının təşkil etdiyi video konfransda Azərbaycanın Rəqəmsal bacarıqlar üzrə tərəfdaşlıq platformasının yaradılması ilə bağlı məlumat verilib. Konfrans “InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində baş tutub.
Bu platforma, Aİ-nin rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyalarına uyğun olaraq işlənib hazırlanıb və rəqəmsal bacarıqlar sahəsində çalışan bütün maraqlı qurumlar və təşkilatlar arasında görülən işlərin əlaqələndirilməsinə, eyni zamanda rəqəmsal bacarıqlara dair dövlət və özəl təşkilatlar arasında tərəfdaşlığın inkişaf etdirilməsi üçün əməkdaşlığı genişləndirməyə yönəlmişdir.
Konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Təhsil nazirinin müavini Firudin Qurbanov və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, eləcə də Rəqəmsal bacarıqlar platformasının (Milli koalisiya) yaradılması, prinsipləri, məqsədi və gələcək planlarına dair təqdimatla çıxış edən “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”nin rəhbəri Rauf Cabarov iştirak edib.
Rəqəmsal bacarıqlar ilə əlaqədar istənilən təşkilat tərəfdaşlıq platformasına qoşula bilər.
EU4Digital bütün Şərqi tərəfdaşlıq ölkələrində rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların yaradılmasını dəstəkləyir.