20-22 aprel tarixlərində “Connecting Europe” (CEF) Proqramının dövlət idarələri, müəssisələr və vətəndaşlar üçün rəqəmsal və qarşılıqlı fəaliyyət üzrə texnoloji həllərə dair proqramların (ISA²) başa çatması münasibətilə üç günlük “DigitALL” adlı onlayn konfrans keçiriləcək.
Bu proqramlar üzv dövlətlərlə birlikdə vətəndaşlar üçün transsərhəd ictimai xidmətlərin hazırlanmasına kömək edərək şirkətlərə qarşılıqlı fəaliyyət üzrə pulsuz texnoloji həllər təqdim edib və müxtəlif sektorlarda müxtəlif təşkilatları əlaqələndirib. “DigitALL” konfransında Avropanın rəqəmsal gələcəyi istiqamətində görüləcək növbəti tədbirlər diqqət mərkəzində olacaq.
Onlayn konfransda Avropa və beynəlxalq qurumların, Aİ-yə üzv dövlətlərin nümayəndələri və sənaye sektorunu təmsil edən nüfuzlu şəxslər çıxış edəcəklər. Tədbirdə Aİ daxilində dövlət xidmətlərinin rəqəmsal transformasiyasındakı uğurlar və icra olunmağa başlayacaq yeni Rəqəmsal Avropa Proqramı müzakirə ediləcək.
Üç gün davam edəcək tədbir zamanı innovasiyalar, hökumətin rəqəmsallaşdırılması, qarşılıqlı fəaliyyət, açıq mənbələr, ağıllı şəhərlər, etimad və təhlükəsizlik və digər məsələlərə dair müzakirələrdə iştirak etmək imkanınız olacaq. Siz həmçinin prioritet siyasətlər, öyrənilən dərslər və digər ilhamverici mövzular haqqında məlumat əldə edəcək, rəqəmsal həllərin tətbiqi yollarına dair fikir mübadiləsi aparacaq və Avropanın rəqəmsal gələcəyi istiqamətində birgə fəaliyyətləri nəzərdən keçirəcəksiniz.
Mövzulara daxildir:
- Avropanın pandemiyadan qurtulmasını dəstəkləyən rəqəmsal texnologiyalar
- Hər kəs üçün elektron qaimə sistemi – yeni Rəqəmsal Avropa Proqramı və CEF vasitəsilə uğur hekayələrinin kəşfi!
- Dövlət sektorunun rəqəmsal transformasiyasına dair səriştə
- Dövlət sektorunda rəqəmsal bacarıqların təşviqinin əhəmiyyəti
- Etimad xidmətləri üzrə eİDAS Reqlamentinin gələcəyi necə olacaq?
- Avropa Rəqəmsal İnnovasiya Mərkəzləri – üzv dövlətlər üçün nə planlaşdırılıb?