1. Elektron səhiyyə ümumiyyətlə nədir? Mən həkimin tətbiq ilə əvəz edilməsini istəmirəm…
Ümumdünya Səhiyyə Təşkilatı elektron səhiyyəni sadə şəkildə "səhiyyə sahəsində informasiya və kommunikasiya texnologiyalarının istifadəsi" kimi xarakterizə etmişdir. Əlbəttə, səhiyyə sahəsində çalışan mütəxəssislər yaxın gələcəkdə texnologiya ilə əvəz edilməyəcək, amma informasiya texnologiyalarının tətbiqi həkimlərin gündəlik işlərini yüngülləşdirə bilər.
Elektron səhiyyənin məqsədi, düzgün zamanda və düzgün yerdə xəstələrin sağlamlığı haqqında məlumatlara çıxış imkanı təmin etmək və bununla da səhiyyədə daha yaxşı nəticələrin əldə olunması üçün səhiyyə xidmətlərinin davamlılığını və keyfiyyətini təmin etməkdir.
Elektron səhiyyə sistemləri aşağıdakılara imkan verir:
- səhiyyə sahəsində çalışan mütəxəssislər diqqətlərini blank doldurmaqdan çox xəstələrə ayırır;
- onlayn qeydiyyatın aktivləşdirilməsi ilə xəstələrin gözləmə vaxtı qısalır;
- əczaçılar reseptləri asanlıqla təsdiqləyə və elektron resept (eP) xidmətlərindən istifadə etməklə inzibati protokol yükünü minimuma endirə bilərlər.
Əslində, elektron səhiyyə, müxtəlif səhiyyə müəssisələri arasında əməkdaşlığı asanlaşdıran və xəstələr ilə qarşılıqlı əlaqələrin yeni formalarını təmin edən, o cümlədən vacib məlumatların paylaşılmasına imkan verməklə səhiyyə xidmətləri göstərməyin yeni yollarını təqdim edir.
Bunun əsasını Elektron sağlamlıq kartı (ESK) təşkil edir. Bu kart, bir-birini qarşılıqlı əvəz edən ESK xidmətləri vasitəsilə əlçatan vahid, hər bir şəxs üçün unikal ESK təmin etmək üçün, müxtəlif səhiyyə təminatçılarından toplanan tibbi qulluğa dair hadisə və məlumatlardan ibarətdir.
S
əhiyyə sistemində çalışan mütəxəssislər və xəstələrin vaxtına qənaət etməklə sənədlərin mübadiləsi və məlumatların yaradılması, saxlanılması və paylaşılması ilə kliniki prosedurların kopyalanmasının qarşısını almağa imkan verən elektron səhiyyəyə dair texnoloji həllər çoxlu sayda faydaları ilə seçilir. İnsanların sağlamlığına dair məlumatların əlçatan olması gələcək problemləri müəyyənləşdirməklə xəstəliklərin qarşısının alınmasına dair siyasətləri dəstəkləyir, o cümlədən insanların sağlamlığına dair məlumatları təhlil edir və innovasiyalara kömək edir. Bu sistem həm də şəffaflığı təşviq edir, çünki səhiyyə sistemi iştirakçılarının fəaliyyətləri qeydə alınır və müvafiq proseslərə riayət olunmanı təmin etmək üçün təhlükəsizlik yoxlamaları tətbiq edilir.
2. Avropa İttifaqında elektron səhiyyə nə dərəcədə inkişaf etmişdir? Aİ və Şərqi tərəfdaş ölkələri arasında adı çəkilən sahədə nə qədər uyğunsuzluq var?
Aİ, əhalinin yaşlanması kimi ŞT ölkələrində də müşahidə olunan ümumi səhiyyə problemləri ilə üz-üzədir. Bu, səhiyyə xidmətlərinin optimallaşdırılması və müasirləşdirilməsi kimi oxşar ehtiyaclara səbəb olur. Avropa Komissiyası əsas prioritetlərindən biri olaraq Vahid rəqəmsal bazar strategiyasını təsis etmişdir. Rəqəmsal səhiyyə xidmətləri bu strategiyanın bir hissəsini təşkil edir. Aİ artıq tibbi avadanlıqlar, məlumatların qorunması, rəqəmsal identifikasiya və informasiya texnologiyalarının təhlükəsizliyi ilə bağlı qanunvericilik qəbul etmişdir, bu da elektron səhiyyə xidmətləri üçün olduqca əlverişli mühit yaradır. Aİ ölkələrinin əksəriyyəti tez bir zamanda elektron səhiyyəyə dair strategiyalar qəbul edib. Bu da öz növbəsində siyasi öhdəliyə və elektron səhiyyə üzrə xidmətlərin sürətli və planlı şəkildə inkişafına səbəb olmuşdur. Onlardan fərqli olaraq Şərqi tərəfdaş ölkələri elektron səhiyyə sahəsində bir çox fərdi, ancaq əlaqələndirilməmiş layihələr icra ediblər.
Bundan əlavə, üzv ölkələr arasında transsərhəd pilot layihələrin icrasına şərait yaratmaq məqsədilə Aİ-də elektron resept və xəstə haqqında qısa məlumat xidməti anlayışları standartlaşdırılmışdır. Hal-hazırda Aİ-də elektron səhiyyə infrastrukturunu süni intellekt, genom məlumatları və fərdiləşdirilmiş tibb təşəbbüslərinə hazırlamağa dair tendensiya mövcuddur.
3. EU4Digital elektron səhiyyə sahəsində konkret olaraq hansı işləri görür?
EU4Digital təşəbbüsü, Şərqi tərəfdaş ölkələrində əhalinin sağlamlığının qorunmasına dair məlumatların idarə edilmə vəziyyətini qiymətləndirmək və səhiyyə ilə bağlı məlumatların bölüşdürülməsi və idarə edilməsi işinin Aİ-nin qabaqcıl təcrübələrinə və Şərqi tərəfdaş ölkələrində günün reallıqlarına uyğun olmasını təmin etmək üçün təlimatlar üzərində işləyir. Ən yaxşı halda bu, eyni standartlara cavab verən məlumatların müxtəlif təşkilatlar, maraqlı tərəflər və hətta sərhədlər arasında qarşılıqlı şəkildə əvəz oluna biləcəyi anlamına gəlir. Bununla da yerindən asılı olmayaraq xəstələrə daha yaxşı xidmət göstərmək üçün vacib əhəmiyyətə malikdir.
EU4Digital tərəfindən əhatə olunan elektron səhiyyənin digər cəhəti, Şərqi tərəfdaş ölkələrinin maraqlı tərəflərinə öz ölkələrində elektron səhiyyə sahəsində mövcud qabaqcıl təcrübələri bölüşməyə və gələcəkdə bu sahəni daha da inkişaf etdirmək üçün adı çəkilən tərəflər arasında əməkdaşlığa imkan yaradan onlayn əməkdaşlıq platformasının tətbiqidir. Burada məqsəd aparıcı təcrübəni təşviq etmək və elektron səhiyyəyə dair məlumatlar, tədris materialları və ekspertlərlə mühüm ünsiyyət üzrə ixtisaslaşmış sahəyə malik olmaqdır.
Bundan əlavə, EU4Digital təşəbbüsü, kommunikasiyalar, innovasiyalar və yeni texnoloji həllərin tətbiqini təşviq etmək üçün yaşlanmış əhaliyə qayğı göstərilməsinə dair problemlər, o cümlədən uzaq məsafədən tibbi məsləhət xidmətləri, diaqnostikanın yaxşılaşdırılması üçün məlumatların təhlili, ağıllı ev texnologiyaları, sosial və fəaliyyət proqramları kimi Aİ təşəbbüslərində Şərqi tərəfdaş ölkələrinin iştirakına şərait yaratmaq məqsədi daşıyır.
EU4Digital həmçinin yuxarıda göstərilən bir çox problemlərlə əlaqədar Avropa ölkələrində tətbiq olunan qabaqcıl təcrübələri özündə cəmləşdirən Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı (AHA üzrə EIP) proqramında Şərqi tərəfdaş ölkələrinin iştirakını asanlaşdırmağı qarşısına məqsəd qoyub.
4. Uzlaşma prosesini əsas prioritet olaraq vurğulayırsınız, bu nə deməkdir: bir xəstə olaraq mənim üçün nə dəyişəcək?
Uzlaşma, müxtəlif sistemlərin, təşkilatların və ya ölkələrin səhiyyəyə dair məlumatların mübadiləsi və onlardan düzgün istifadəsi deməkdir. Yəni iştirakçılar paylaşılan məlumatları düzgün başa düşə və şərh edə bilməlidirlər. Bununla da elektron səhiyyə xidmətlərinin göstərilməsi üçün eyni standartlardan və proseslərdən istifadə olunacaq.
Uzlaşma xüsusən səhiyyə sektorunda vacib əhəmiyyətə malikdir, çünki bu domen eynicinsli deyil, əksinə mürəkkəb struktura malikdir və bir neçə səhiyyə ocağına baş çəkən və orada qeydiyyatdan keçirilən provayderlərdən tutmuş, mürəkkəb xəstə qruplarına qədər fərqli iştirakçıları əhatə edir. Bundan əlavə, milli hökumətlər əksər hallarda geniş ictimai xidmətlər göstərdiyi üçün hər bir səhiyyə sistemi çox vaxt zəif inteqrasiya olunmuş özəl və dövlət xidmətlərinin birləşməsindən ibarət olur. Hər hansı tibb xidməti təminatçısı müəyyən bir xidmət növü təklif etməklə bir qrup xəstə və onların məlumatları ilə məşğul olur, amma bu zaman xəstənin ümumi vəziyyətinin təsvir olunduğu məlumatları paylaşmaq üçün qurumlar arasında daha yaxşı inkişaf etmiş uzlaşma tələb olunur. Beynəlxalq aləmdə və Aİ-yə üzv dövlətlər arasında səhiyyə sahəsində səmərəli transsərhəd əməkdaşlığa maneə yaradan başqa problemlər də var. Buraya elektron səhiyyə üzrə lüğətdə müşahidə olunan fərqlər və eyni anlayışların fərqli şəkildə şərh edilməsi daxildir.
Uzlaşmanın olmaması müxtəlif səhiyyə ocaqlarında və ölkələrdə səhiyyə xidmətlərindən istifadə etməyə çalışan vətəndaşların müxtəlif problemlər ilə üzləşməsinə səbəb olur. Beləcə uzlaşma nəticəsində Şərqi tərəfdaş ölkələrində yaşayan hər bir vətəndaşın sağlamlığının yaxşılaşacağı gözlənilir. Bu mövzuda mövqeyimiz bəllidir. 10 ildən sonra A ölkəsindən olan bir xəstənin B ölkəsində təcili yardıma ehtiyacı olduqda, tibb işçiləri, xəstənin hansı dərmanlara qarşı həssas və ya allergiyası olması barədə dərhal məlumat əldə edə biləcəklər. Xəstənin sağlamlıq vəziyyətini təsvir edən bu qısa məlumatlar, səhiyyə xidməti sektorunu xarakterizə edən həyat və ya ölümlə əlaqədar təcili qərarların qəbul edilməsində çox vacib əhəmiyyətə malikdir.
5. Ümumiyyətlə elektron səhiyyə üzrə əməkdaşlıq platforması nədir? Ondan kim və necə yararlanacaq?
Elektron səhiyyə üzrə əməkdaşlıq platforması Şərqi tərəfdaş ölkələrindəki elektron səhiyyə sahəsində çalışan mütəxəssislər arasında regional əməkdaşlıq üzrə yeni kanaldır. Geniş ictimaiyyət üçün qapalı olacaq bu platforma, Şərqi tərəfdaş ölkələrində çalışan mütəxəssislər üçün gələcəkdə elektron səhiyyə və xidmətlər üzrə ortaq təlimatların hazırlanması işində əməkdaşlıq məkanı rolunu oynayacaq. Bu platforma dünyada elektron səhiyyənin inkişafına və regionda uyğunlaşma üzrə təşəbbüslərə şərait yaradacaq.
Platformanın daxilində təqvim və iclasların idarə edilməsindən tutmuş, layihə və tətbiq ilə bağlı rəhbər təlimatlara qədər bütün vasitələr olacaq. Bu işləri həyata keçirmək üçün, sənədlərin bulud əsaslı yaddaşda yerində saxlanılması xidməti və əməkdaşlıq alətləri təqdim edən, eləcə də müxtəlif qruplar üçün ayrıca istifadəçi sahələrində kod səhifələrin yaradılmasını tələb etməyən portal platformasından istifadə ediləcək.
Sözügedən platforma öz ölkəsində təşəbbüsləri həyata keçirməklə məşğul olan ekspertlər arasında bilik mübadiləsinə imkan verəcək. Bununla da ən yaxşı fəaliyyət nümunələrinin seçilib nümayiş edilməsi ilə və qonşu ölkələrdə müşahidə olunan maneələri dəf etməkdə tərəfdaşlara imkan yaratmaqla regionda islahatları sürətləndirmək və optimallaşdırmaq mümkün olacaq.
6. Aİ-nin Şərqi tərəfdaş ölkələrinin iştirak edə biləcəyi hansı təşəbbüsləri var? Hansı növ proqramları misal gətirə bilərsiniz?
Şərqi tərəfdaş ölkələri, Avropa Komissiyası tərəfindən idarə olunan Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı (AHA üzrə EIP) proqramında iştirak edə bilərlər. Bu proqramın elektron səhiyyə sahəsindəki yeniliklər haqqında xəbərlərdən tutmuş, tədbirlərdə iştirak etmək və Fəaliyyət Qrupu və İstinad səhifəsi proqramlarında iştirak etmək kimi daha aktiv rollara qədər bir çox qarşılıqlı əlaqələndirmə səviyyələri vardır.
AHA üzrə EIP proqramında iştirak etmək, məlumat mübadiləsini və şəbəkələrin qurulmasını asanlaşdırır, məsələn İstinad səhifəsi proqramının bir üzvü Aİ-yə üzv dövlətdə tətbiq olunan bir texnoloji həll ilə tanış ola bilər və proqram vasitəsilə öz regionunda və əksinə tətbiq etmək üçün müraciət edə bilər.
İştirak səviyyələri çox olduğundan fərdi şəxslərdən tutmuş təşkilatlara, o cümlədən hökumət qurumlarına, özəl sektorda fəaliyyət göstərən şirkətlərə, tədqiqat yönümlü təşkilatlara və sosial təşkilatlara kimi hər kəsin iştirakı üçün şərait yaradılıb.
7. Regionda elektron səhiyyə sistemləri beş ildən sonra necə ola bilər? EU4Digital bu sahənin inkişafına necə kömək edəcək?
Gələcəyin səhiyyə xidmətini xəstələrin bir xidmət təchizatçısından digərinə, bir ölkədən digərinə maneəsiz yerdəyişməsi, o cümlədən səhiyyə təminatının davamlılığı və səhiyyə sistemində daha yaxşı nəticələrin əldə olunması üçün əsaslı qərarların qəbul edilməsi kimi təsəvvür etmək olar. Transsərhəd elektron səhiyyə infrastrukturu, istənilən vətəndaşa xarici ölkədə yerləşən yerli aptekdən reseptdə göstərilən dərman preparatını almaq üçün xaricə səyahət etməyə imkan yaradacaq. Xəstələrə aid qısa məlumatların paylaşılması həkimlərə xəstələrin xəstəlik tarixçəsini başa düşməyə və dərman preparatlarının təyinində səhvlərə yol verməməyə kömək edəcək. Əlavə olaraq tibbi turizm sənayesinin inkişafı vətəndaşlara daha yüksək keyfiyyətli tibbi xidmətdən yararlanmaq və xərcləri azaltmaq şansı verəcək.
EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsinin məqsədi, Şərqi tərəfdaş ölkələrində yalnız ümumi razılığın əldə olunduğu və əməkdaşlığın qurulduğu təqdirdə mümkün olan transsərhəd tibbi xidmətin inkişafına dəstək vermək məqsədilə standartlar və təlimatlar hazırlamaqdır. Bunu reallaşdırmaq üçün isə şəbəkənin işçi heyəti Şərqi tərəfdaş ölkələrində elektron səhiyyə sahəsinin cari vəziyyətini təhlil edərək hər bir ölkənin çətinlik və prioritetlərini müəyyən etmişdir. Təlimatlar toplusu isə regionda transsərhəd elektron resept və xəstəyə aid qısa məlumat xidmətinin yaradılmasında baza rolunu oynayacaq.
Biz region üçün gələcək fəaliyyətlər və elektron səhiyyə sahəsində gələcək müsbət dəyişikliklər üçün aparıcı qüvvə olaraq tövsiyə olunan dörd istiqamət müəyyən etmişik:
- Hərtərəfli və təsirli rəqəmsal səhiyyə strategiyasının müəyyənləşdirilməsi.
- Sağlam maliyyə malik və özünü təsdiq edən modelin hazırlanması.
- Rəqəmsal səhiyyə sahəsində idarəçiliyin təsis edilməsi və tətbiqi.
- Rəqəmsal səhiyyə arxitekturasının inkişafı və idarə edilməsi.