1. Rəqəmsallaşdırma əsrində İKT-nin innovativ inkişafı iqtisadiyyatın inkişafı üçün çox vacibdir: Şərqi tərəfdaş ölkələri bu sahədə Avropa İttifaqı ölkələrindən nə qədər geridədir?
İKT-nin innovativ inkişafı sosial-iqtisadi dəyişikliyin aparıcı qüvvəsidir. İKT, iqtisadiyyatlarını yenidən təşkil etmək və qloballaşdırmaq, daha sürətli iqtisadi inkişafa nail olmaq, yeni iş yerləri yaratmaq, yaşayış səviyyəsini yüksəltmək və bərabərsizliyi azaltmaq istəyən ölkələri vasitələrlə təmin edir. Aİ-də İKT sektoru böyük əhəmiyyət kəsb edir və sürətlə inkişaf edir. Belə ki, 2012-ci ildən 2017-ci ilə qədər İKT xidmətlərində əlavə dəyər 18,3%, İKT istehsalında isə əlavə dəyər 22.5% artmışdır. 2017-ci ildə Aİ-də İKT sektorunun əlavə dəyəri ÜDM-in 3,6%-nə bərabər olub və hazırda bu sektor Aİ iqtisadiyyatında ən səmərəli sektorlardan biridir. Belə ki, 2017-ci ildə İKT sektorunda əməyin məhsuldarlığı iqtisadiyyatın qeyri-maliyyə sektorunda qeydə alınan nəticədən bütövlükdə 65,2% artıq olmuşdur və Belçikada işləyən hər adambaşına maksimum 117600 avro, Finlandiya və Fransada isə maksimum 100000 avro düşmüşdür. Bununla belə, İKT, rəqəmsallaşdırma və rəqəmsal transformasiya yolu ilə iqtisadiyyatın ənənəvi sektorlarının məhsuldarlığına və əlavə dəyər qatqısına kömək edən və ümumi təyinatlı texnologiyaların yaradılmasına imkan verən çox az saylı sektorlardan biridir.
Şərq Qonşuluğu ölkələrində də İKT sektorunda da artım müşahidə olunmuşdur: 2017-ci ildə İKT xidmətlərinin ixracı payı ümumi ixracın təxminən 5%-ni və Belarus və Ukraynada xidmətlərin ixracının təxminən 19%-ni təşkil etmişdir. Region innovativ ideyalarla zəngindir və bəzi texnoloji həllər artıq qlobal miqyasda tanınmağı bacarmışdır. Bununla belə, iqtisadiyyatın qeyri-İKT sektorlarının inkişafına töhfə vermək üçün yüksək potensiala malik ölkələrin innovasiya ekosistemi Aİ-dən geri qalır. Belə ki, Aİ-də 80-ə yaxın biznes inkubatoru və 150 akselerator mövcud olduğu halda, İKT-nin innovativ inkişafına dair tədqiqat göstərir ki, Şərqi tərəfdaş ölkələrində cəmi 42 inkubator və 19 akselerator var.
Regionda İKT-yə əsaslanan inkişaf, İKT-nin davamlı iqtisadi inkişaf üçün istifadəsində vacib olan milli İKT ekosistemlərinin dəstəyinin azaldılması üçün daha koordinasiyalı səyləri əhatə etməlidir. İlkin və müəssisə maliyyələşdirməsinin, sürətləndirmə proqramlarının, şəbəkələşmə və klasterizasiyanın təşviqinə, habelə dünya bazarlarında işləmək üçün müəyyən səriştə və bacarıqlara olan tələbatın ödənilməsinə yeni təkan verilməlidir. Bu elementlər fasiləsiz və güclü İKT sektoru üçün çox vacibdir. İnnovasiya ekosistemlərinə kifayət qədər diqqət yetirilməməsi, Şərqi tərəfdaş ölkələrindən İKT ekosistemi daha yaxşı inkişaf etmiş ölkələrə beyin axınına və startap axınına səbəb olur. EU4Digital, regionda fəaliyyət göstərən şirkətlərin böyüməsi, ÜDM-ə, ixracata və məşğulluğa töhfə verməsi üçün bu cür ekosistemlərin inkişafına təkan verməyə çalışır.
2. EU4Digital İKT-nin innovativ inkişafı sahəsində hansı işləri görür?
EU4Digital İKT-nin innovativ inkişafı sahəsində beş fəaliyyət istiqamətinə malikdir:
- Aİ normaları və qabaqcıl təcrübələrinə əsaslanaraq Şərq Qonşuluğu regionunda İKT innovasiyalarını təbliğ edən vahid qanunvericilik bazasının yaradılması. Buraya İKT-nin innovativ inkişafına dair tədqiqatın nəticə və tövsiyələrinə əsaslanan qabaqcıl siyasət və təcrübələrin müəyyənləşdirilməsi və paylaşılması daxildir.
- Regiondakı ekosistemə aid maraqlı tərəflərin əsas qruplarının (qanunvericilər, İKT-nin innovativ inkişafı infrastrukturu təşkilatları, İKT və qeyri-İKT ilə əlaqəli müəssisələr) ehtiyaclarını ödəmək üçün ümumi təlim paketlərinin hazırlanması.
- Şəbəkələrin qurulmasına dair tədbirlər və təhsil səfərləri vasitəsilə region daxilində və Aİ ilə İnnovasiya ekosisteminin maraqlı tərəfləri arasında şəbəkələrin qurulmasını təşviq etmək. Hər il "Startap Avropa"-nın əsas tədbiri ilə eyni vaxtda "Start-ŞT" həftəsinin təşkili.
- Şərqi tərəfdaş ölkələrini əhatə etmək üçün "Startap Avropa"-nın şəbəkələrinin və platformalarının genişləndirilməsi. Buraya "Enterprise Europe" şəbəkəsi, Biznes Mələkləri Avropa və Akseleratorlar Assambleyasını daxil etmək olar. Növbəti mərhələdə, EU4Digital proqramı ehtiyacı qiymətləndirərək zəruri hallarda Şərqi tərəfdaş ölkələrində İKT ilə əlaqədar texnoparklar arasında əlavə İKT əsaslı əməkdaşlıq funksiyasını tətbiq etməyi planlaşdırır.
- Şərqi tərəfdaş ölkələrində İKT-nin innovativ inkişafının əhəmiyyətinə dair maariflənmə işlərini artırmaq üçün təbliğat kampaniyaları həyata keçirmək.
- Rəqəmsal innovasiyalarda sərmayələr ilə əlaqədar boşluqların aradan qaldırılmasına və regionda rəqəmsallaşdırma sahəsində çalışan startapların miqyasının genişləndirilməsinə dəstək vermək üçün "Şərqi tərəfdaş ölkələrində rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüs üzrə bazarın qiymətləndirilməsi (DISC tədqiqatı)" həyata keçirilməsi. Bazarın qiymətləndirilməsi sayəsində Avropa Komissiyası sərmayə qoyuluşunda boşluqları müəyyənləşdirə biləcək. Bu qiymətləndirmə eyni zamanda Şərqi tərəfdaşlıq ölkələrində DİSC təşəbbüsünə oxşar təşəbbüslərin hazırlanması üçün baza rolunu oynayacaq.
3. Qanunvericilik bazasının cari vəziyyətində hansı çatışmazlıqlar var? Yerlərdə innovasiyaların inkişafını dəstəkləmək daha vacib deyilmi?
İnnovasiyaların inkişafı üçün əlverişli mühit tələb olunur. Buraya bilik əldə etmək, risklərə davamlı maliyyələşdirmə və səhv etmək hüququ daxildir. Sahibkarlar tez-tez dövlət dəstəyinə ehtiyac duymadıqlarını, hökumətin müdaxilə etməməsini və yenilik etmələrinə icazə verilməsini xahiş edirlər.
Ancaq innovasiyalar üçün əlverişli mühit yaratmaq üçün qanunvericilər tərəfindən müəyyən addımların atıılması tələb olunur. Bazarda uğursuzluqların müşahidə olunduğu yerlərdə, xüsusən innovativ şirkətlərin qabaqcıl təcrübə mənbəyi olduğu dərin texnoloji sahələrdə fundamental və tətbiqi tədqiqatların aparılması mərhələlərində siyasətlərin müdaxiləsinə ehtiyac var.
Həm sərmayəçiləri, həm də startapları müdafiə edən kraudfandinq, biznes mələkləri və müəssisə kapitalının istismarı üçün baza təqdim olunmalıdır. Alternativ maliyyələşdirmə üzrə tənzimləyici qum qutuları (risklərin idarə edilməsi üçün ehtiyat tədbirlərin görülməsini təmin edərək maliyyə texnologiyalarında innovasiyaların baş verə biləcəyi nəzarət olunan bir mühitdir) blokçeyn və avtonom nəqliyyat vasitələri kimi yeni texnologiyaların müştəriləri risklərə məruz qoymadan onların ehtiyaclarını ödəmək üçün necə istifadə olunacağını yoxlamaq üçün yaradılmışdır. Əqli mülkiyyət hüquqlarının müdafiəsi üçün dünyada mövcud sistem ilə uyğunlaşdırılmış təşkilati bazanın olması tələb olunur.
Əsas şərtlərin uyğunlaşdırılması və Aİ-nin qabaqcıl təcrübələrinin, alətlərinin və tənzimləmə yanaşmalarının öyrənilməsi Şərq Qonşuluğu ölkələri və Aİ ölkələrindən olan müəssisələrə oxşar qaydalar üzərində işləməyə imkan verəcək və Şərqi tərəfdaş ölkələrinə Avropanın riskli investisiyalarının axınına kömək edəcək.
4. Rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüs nədir və bölgədəki innovasiyalara necə kömək edə bilər?
Rəqəmsal innovasiyalarda sərmayələr ilə əlaqədar boşluqların aradan qaldırılmasına və regionda rəqəmsallaşdırma sahəsində çalışan startapların miqyasının genişləndirilməsinə dəstək verməyə yönəlmiş Rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüs (DISC) ilk dəfə Mərkəzi, Şərqi və Cənub-şərqi Avropada icra olunmağa başlayıb.
Bu yanaşmalara əsaslanaraq Avropa Komissiyası Şərqi tərəfdaş ölkələrində oxşar təşəbbüsə ehtiyacı və onun icrasının mümkünlüyünü qiymətləndirməyi planlaşdırır. Bu məqsədlərə nail olmaq üçün EU4Digital proqramı "Şərqi tərəfdaş ölkələrində rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüs üzrə bazarın qiymətləndirilməsi (DISC tədqiqatı)" adlı yeni fəaliyyətinin icrasına başlamışdır.
Bazarın qiymətləndirilməsi sayəsində Avropa Komissiyası sərmayə qoyuluşunda boşluqları müəyyənləşdirə biləcək. Bu qiymətləndirmə eyni zamanda Şərqi tərəfdaş ölkələrində yüksək texnologiya sahəsində çalışan yerli startaplara və böyüməkdə olan şirkətlərə, onların maliyyəyə çıxışına və region daxilində inkişafına dəstək vermək məqsədilə DİSC təşəbbüsünə (xüsusi Aİ maliyyə dəstəyi mexanizmi) oxşar təşəbbüslərin hazırlanması üçün baza rolunu oynayacaq.
5. Avropa şəbəkələri ilə inteqrasiyanı qeyd etmisiniz: yaxşı səslənir, amma Şərqi tərəfdaş ölkələrində innovasiya sahəsində çalışan müəssisələr üçün əslində hansı faydaları verəcək?
Aİ, startaplar, akseleratorlar, müəssisə kapitalistləri və s. kimi İKT-nin innovativ inkşafı ekosisteminin iştirakçıları üçün bir sıra onlayn şəbəkələr və platformalar yaradıb. Onlar Aİ-yə üzv dövlətlərdə müxtəlif müəssisə və təşkilatları əlaqələndirməyə, fikir mübadiləsi aparmağa və ümumi təşəbbüs və tədbirlərdə iştirak etməyə imkan yaradır.
Bu onlayn şəbəkə və platformaların Şərqi tərəfdaş ölkələrinə qədər genişləndirilməsi altı ölkədəki aidiyyəti maraqlı tərəflərə Aİ-nin daha geniş İKT-nin innovativ inkişafı və startap ekosisteminə inteqrasiya etməyə imkan verəcək. Şərqi Qonşuluq ölkələrində fəaliyyət göstərən müəssisə və təşkilatlar Aİ-də fəaliyyət göstərən müvafiq həmkarlarını, sərmayələr, xidmət və iş ortaqlarını asanlıqla tapacaq, bu da hər iki regionda İKT-nin innovativ inkişafı və startap ekosistemlərinin inkişafına töhfə verəcək.
6. Təlim paketləri haqqında nə deyə bilərsiniz? Onlar nədir və bacarıqlardakı hansı boşluqları aradan qaldırırlar? Onların nə vaxt tətbiq olunacağı gözlənilir?
Ümumi təlim paketləri Şərqi tərəfdaş ölkələrindəki ekosistemin maraqlı tərəflərinin əsas qruplarına yönəldilmişdir:
- Yerli qanunvericilər,
- İKT-nin innovativ inkişafı infrastrukturu təşkilatları,
- İKT və qeyri-İKT ilə əlaqəli müəssisələr.
Təlim paketləri hədəf qruplarının spesifik ehtiyaclarını ödəmək üçün müxtəlif modullardan ibarətdir. Modulların hər biri maraqlı tərəflərə mövcud İKT şəbəkələri və infrastrukturların, həmçinin inkişaf etməkdə olan texnologiyalar və tətbiq olunan tətbiqlərin istifadə qaydasını öyrətmək məqsədi daşıyır.
Təlim paketlərinin hazırlanması işləri əsasən Şərqi tərəfdaş ölkələrinin hər birində bacarıq və biliklərdəki uyğunsuzluğu aşkar edən İKT-nin innovativ inkişafına dair tədqiqatına əsaslanır. Bu diqqət tələb edən sahələr, maraqlı tərəflərin hədəf qruplarının hər biri üçün modulların hazırlanmasında baza rolunu oynayır.
Bu fəaliyyətin sonunda EU4Digital maraqlı tərəflərə ümumi təlim paketlərinə daxil edilmiş və dünya miqyasında tanınmış elektron tədris platformaları vasitəsilə ötürülən kursların hərtərəfli onlayn xəritəsinə çıxış imkanı təmin edəcək və bununla da maraqlı tərəflərə biznes proseslərinə innovativ dəyər əlavə edən yanaşma seçmək üçün lazımi bacarıq və anlayışların inkişaf etdirilməsinə imkan yaradacaq.