1. EU4Digital telekommunikasiya sahəsində hansı işləri görür?
Telekommunikasiya sahəsində EU4Digital beynəlxalq rouminq və altı Şərqi tərəfdaş ölkəsi arasında vahid beynəlxalq rouminq məkanının yaradılması barədə mümkün razılaşma ilə əlaqədar çətin vəzifələrin yerinə yetirilməsinə, eyni zamanda milli tənzimləyici orqanların müstəqilliyinin artırılmasına və 5G daxil olmaqla, gələcəkdə mobil rabitə sahəsində 700 MHz tezlik diapazonunun istifadəyə verilməsinə yardım edir.
2. Rouminq sazişi əla səslənir! Yəni biz Avropa İttifaqında olduğu kimi səyahət zamanı “sanki evdə olduğumuz kimi” rouminqdən istifadə edə biləcəyik?
Xeyr, regional rouminq sazişi altı Şərqi tərəfdaş ölkəsi arasında mövcud rouminq qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı salınmasını təmin edəcək. Bu, mobil rabitə şəbəkələrinin rouminq xidməti müştərilərinə Şərqi tərəfdaş ölkələrində olan zaman daha sərfəli rouminq xidmətlərindən yararlanmağa imkan verəcək. EU4Digital proqramının rouminq ilə bağlı son tədqiqatının nəticələrinə əsasən (2019-cu il) qiymətlərin orta hesabla 80% aşağı salınması gözlənilir.
3. Bu yalnız altı Şərqi tərəfdaş ölkəsi arasındakı rouminq xidmətinə aiddir? Onun Aİ-yə qədər genişləndirilməsi mümkündürmü?
Bəli, regional rouminq sazişi altı Şərqi tərəfdaş ölkəsini əhatə edəcək. Buna baxmayaraq, Aİ və Şərqi tərəfdaş ölkələri nazirləri Şərqi tərəfdaş ölkələri və Aİ-yə üzv dövlətlər arasında rouminq tariflərinin iqtisadi cəhətdən davamlı azaldılması daxil olmaqla, vahid beynəlxalq rouminq məkanının mümkünlüyünü tədqiq etməyə dair razılığa gəliblər.
4. Rouminq qiymətlərinin nə vaxt azaldılacağı proqnozlaşdırılır?
Regional rouminq razılaşmasının 2021-ci ilin payızında imzalanması və azı altı aylıq keçid dövrü təmin edərək 2022-ci ildə qüvvəyə minməsi gözlənilir. Bu keçid dövrü Şərqi tərəfdaş ölkələrinin rouminq sazişinin tələblərini yerinə yetirməsi, eləcə də mobil operatorların düzəlişlər etməsi üçün kifayət qədər vaxta sahib olması üçün lazımdır.
5. Tezlik bölgüsü, 700 MHz tezlik diapazonunun istifadəyə verilməsi? Axı bu nə deməkdir? Hansı dəyişikliklərə səbəb olacaq?
Bu, 5G xidmətləri daxil olmaqla, mobil şəbəkələrin daha yaxşı əhatə olunması deməkdir. EU4Digital layihəsinin telekommunikasiya sahəsindəki işlərinin bir hissəsi 700 MHz tezlik diapazonunun istifadəyə verilməsi ilə əlaqədardır. Buraya Aİ daxilində göstərilən səy və müvafiq planlara uyğun olaraq altı Şərqi tərəfdaş ölkəsində 700 MHz tezlik diapazonunun yenidən bölünməsinə dair əlaqələndirilmiş yanaşmanın hazırlanması və həyata keçirilməsi daxildir. Yerüstü televiziya yayım şəbəkələrini 700 MHz diapazonundan çıxarmaq və sonra bu diapazonu simsiz genişzolaqlı elektron rabitə şəbəkələrinə, xüsusilə də 5G-yə təyin etmək Aİ daxilindəki səylərin bir hissəsidir.
Aİ-nin planlarına uyğun olaraq Şərqi tərəfdaş ölkələrində tezlik diapazonun istifadəsinin dəyişdirilməsi Şərqi tərəfdaş ölkələri ilə yanaşı, Aİ-də də mobil şəbəkələrə zərərli müdaxilələrin qarşısını almağa kömək edəcək. Gələcəkdə baza stansiyalarının daha az yerləşdirilməsi ilə əlaqədar xərclərin azaldılması, kənd yerlərində əhatə dairəsinin yaxşılaşdırılması və şəbəkənin yerləşdirilməsi ilə bağlı xərclərə qənaət səbəbindən istehlak qiymətlərinin aşağı salınması daxil olmaqla 5G-nin tətbiqinin çoxlu sayda faydası var.
6. Tənzimləyicilərin işi nədən ibarətdir? Onlar hökumət qurumları deyilmi? Niyə müstəqil olmalıdırlar?
Milli tənzimləyici orqanlar (MTO-lar) elektron rabitənin tənzimlənməsi həvalə olunan və milli qanunvericiliyə uyğun çalışan orqanlardır. Bu dövlət orqanları elektron kommunikasiya bazarları, xidmətlər və şəbəkələrin inkişafı nəzərə alınmaqla səmərəli rəqabət, investisiya və istehlakçı maraqlarının təşviqi arasında tarazlıq yaradırlar. Buna görə də tənzimləyici orqanlara ayrıca hüquqi struktur qismində qanunsuz olaraq təsir göstərə biləcək hər hansı digər orqanlardan funksional olaraq ayrıca fəaliyyət göstərməlidirlər, çünki bu qurumların müstəqilliyi və qərarların qəbul edilməsində qərəzsiz fəaliyyətləri lazımi qaydada çalışan ümumi tənzimləmə sisteminin əsasını təşkil edir.
EU4Digital proqramı, azı beş Şərqi tərəfdaş ölkəsində mövcud olan elektron rabitə üzrə milli tənzimləmə orqanlarının müstəqilliyinin təmin edilməsi məqsədi ilə Şərqi tərəfdaş ölkələrində MTO-ların müstəqilliyinin möhkəmləndirilməsini dəstəkləyir.