1. Ümumiyyətlə rəqəmsallaşdırma sahəsində "Etimad və təhlükəsizlik" nədir? Bu sadəcə kibertəhlükəsizlik deməkdir?
Etimad innovasiyalara və əməkdaşlıq fəaliyyətinə imkan verən mühüm anlayışdır. Bu anlayış rəqəmsal dünyaya ötürülə və bir-birimizə kor-koranə etibar etməyimizə kömək edə bilər. Bu baxımdan, kibertəhlükəsizlik çox vacib əhəmiyyətə malikdir, ancaq bu etimadı yaratmağımıza imkan verən vasitələr və texnologiyaların olması, bu vasitələrdən etibarlı şəkildə istifadə edə bilmək qədər vacibdir.
Rəqəmsal etimad xidmətləri və elektron identifikasiya xidmətləri, müasir cəmiyyətlər və müəssisələrə cəmiyyət ilə biznes arasında qarşılıqlı əlaqələrin sürətləndirilməsinə, fərqli coğrafi bölgələrdə etimadın gücləndirilməsinə, fərdi şəxslərə və şirkətlərə daha az əməliyyat xərcləri ilə dəyər yaratmağa və tam elektron və çap sənədsiz mühitdə çalışmağa kömək edir.
Elektron imzalar və elektron identifikasiya xidmətləri, dövlət xidmətlərindən istifadə etdikdə, şəxsiyyətin təsdiqlənməsi zamanı və ya hüquqi müqavilələrin imzalanması kimi iştirakçılar arasında rəqəmsal qarşılıqlı əlaqəni sürətləndirən iki əsas texnoloji həlldir.
EU4Digital proqramı çərçivəsində rəqəmsal etimad və kibertəhlükəsizlik mühüm şərtlərdən hesab olunur, çünki rəqəmsal iqtisadiyyatın və cəmiyyətin bütün digər cəhətlərinə dəyərini etibarlı şəkildə təmin etməyə imkan verir.
2. Etimad və təhlükəsizlik Şərqi tərəfdaş ölkələrində nə dərəcə inkişaf edib? Bu region sözügedən sahədə qabaqcıl rəqəmsal iqtisadiyyatlardan nə qədər geridədir və bunun fəsadları necə ola bilər?
Şərq Tərəfdaşlığı ölkələri əlverişli rəqəmsal etimad xidmətləri sahəsində əsaslı texnoloji bazaya malikdirlər, lakin etimad xidmətlərinin qarşılıqlı tanınmasına nail olmaq üçün hələ çox iş görülməlidir. Şərq Tərəfdaşlığı ölkələri və Aİ-yə üzv dövlətlər arasında etimad xidmətlərinin transsərhəd qarşılıqlı tanınmasının təmin edilməsi, tənzimləyici və təşkilati bazalarda kifayət qədər uzlaşma tələb edir. Məqsəd normativ-hüquqi tələblərin, audit xidmətinin və uyğunluq qiymətləndirilməsinin eIDAS tələblərinə uyğunluğunu, texniki
tədbirlərin eİDAS tələblərinə uyğunluğunu, məlumatların məxfiliyi və qorunması təcrübələrinin GDPR ilə uyğunluğunu, eləcə də qarşılıqlı tanınma üzrə etimadın təmsil olunmasını təmin etməkdir.
EU4Digital layihəsinin etimad və təhlükəsizlik sahəsində əsas vəzifələri, etimad xidmətlərinin qarşılıqlı tanınması prosesində potensial boşluqları müəyyən etmək və bu problemlərin aradan qaldırılması üçün əməli fəaliyyət planı və yardım təklif etməkdir. EU4Digital proqramı hər bir Şərq Tərəfdaşlığı ölkəsində etimad və elektron indetifikasiya xidmətlərinin hüquqi və texniki yetkinliyinin qiymətləndirilməsinə dair işləri yekunlaşdırıb. Elektron imza üzrə pilot layihələrə və sözügedən qiymətləndirmələrə əsaslanaraq EU4Digital, eIDAS və MRA təlimat kitabı tərəfindən müəyyən edilən təcrübələrə əsaslanaraq hər bir ölkəyə xas transsərhəd qarşılıqlı tanınma üzrə fəaliyyət planları hazırlayıb. Verilən tövsiyələrin məqsədi ölkələrin transsərhəd qarşılıqlı tanınma üçün növbəti hazırlıq səviyyəsinə çatmasına kömək etməkdir.
3. EU4Digital elektron imza üzrə pilot layihələri hansı ölkələr arasında sınaqdan keçirib? Pilot layihələrin hansı nəticələri var?
EU4Digital Ukrayna, Moldova və Estoniya arasında texniki cəhətdən etibarlı transsərhəd elektron imza üzrə pilot layihələr tətbiq edib. Buna nail olmaq üçün, pilot layihədə iştirak edən ölkələr əvvəlcə zaman işarəsinin qoyulması, doğrulama mexanizmləri və sertifikat statusunun yoxlanılması komponentləri daxil olmaqla ümumi prinsip və formatlar ilə bağlı razılığa gəlməli idilər. İlk baxışdan ümumi prinsiplər sadə görünə bilər, amma praktiki baxımdan fərqli ölkələrdə texniki cəhətdən işlək və qarşılıqlı fəaliyyət göstərə bilən elektron imza həllini təmin etmək üçün çox tərəfli mühitdə kompleks əlaqələndirilmiş tədbirlər tələb olunurdu.
Elektron imza üzrə pilot layihə həmçinin tənzimləmə və texniki baxımdan mövcud boşluqları və maneələri müəyyən etməyə kömək edir. Bu baxımdan elektron imza üzrə pilot layihələr ŞT ölkələrində və Aİ-də elektron identifikasiya və etimad xidmətləri mühitinin daha da uyğunlaşdırılması üçün zəmin yaratdı. Bundan əlavə, bütün Şərq Tərəfdaşlığı ölkələrində tətbiqi üçün ümumi təcrübə və qaydalar mövcuddur.
4. Regionda əsas kibertəhlükəsizlik problemləri nədir? EU4Digital tərəfdaş ölkələrdə dayanıqlığın qurulmasına necə kömək edir?
Şərq Tərəfdaşlığı ölkələri tərəfindən həyata keçirilən dövlət tənzimləmələri, siyasətlər və təhlükəsizlik tədbirlərinin təhlili regiondakı kibertəhlükəsizliyin əsas problemlərini müəyyən etməyə imkan verib və həmin problemlər aşağıdakılardır:
- Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış kadr və resurs çatışmazlığı;
- Bu sahədə sistemli maliyyənin kifayət qədər olmaması;
- Kibertəhlükəsizliyə dair milli strategiyalar hazırlanmayıb, yaxud köhnəlmişdir və ya Aİ-nin şəbəkə və informasiya sistemlərinin
təhlükəsizliyinə dair direktivinə (NIS Direktivi) uyğunlaşdırılmayıb;
- Köhnəlmiş milli qanunvericilik Aİ-nin qanunvericiliyi və kibertəhlükəsizliyə dair standartlarına uyğun deyil;
- Milli səviyyədə kiber təhdidlərin müntəzəm qiymətləndirilməsi həyata keçirilmir;
- Milli səviyyədə gözlənilməz vəziyyətlərdə fəaliyyət planları işlənib hazırlanmamışdır;
- Milli səviyyədə vacib əhəmiyyət daşıyan məlumat infrastrukturu (CII) siyahıları müəyyən edilməyib və ya tamamlanmayıb.
EU4Digital layihəsi çərçivəsində kibertəhlükəsizlik sahəsində qabaqcıl təcrübələr və tövsiyələr toplusu müəyyən edilib və yerli hökumətlər üçün Kibertəhlükəsizlik üzrə təlimatlar şəklində işlənib hazırlanmışdır. Bu təlimatlarda kibertəhlükəsizliyin inkişafına və bu sahədə tədbirlərin hazırlanmasına, həyata keçirilməsinə və qorunub saxlanılmasına dair tövsiyələr yer alır. Onun köməyilə tərəfdaş ölkələr arasında daha güclü və daha dayanıqlı kiberməkanın yaradılmasına töhfə vermək və şəbəkə məlumat sistemlərində fasilə və ya qəfil çökmələr
riskini azaltmaq mümkün olacaq.
Bundan əlavə, hər bir Şərq Tərəfdaşlığı ölkəsində kibertəhlükəsizliyin vəziyyətinə dair ətraflı məlumat - işlərin gedişatı, əsas problemlər və ayrı-ayrı ölkələrin hesabatlarında göstərilən sonrakı fəaliyyətlər “EU4Digital: Şərq Tərəfdaşlığı ölkələrində kibertəhlükəsizliyin
yaxşılaşdırılması” adlı layihəsinə töhfə verəcək.
5. Transsərhəd elektron xidmətlərin qarşılıqlı fəaliyyəti niyə bu qədər vacibdir və EU4Digital Şərq Tərəfdaşlığı regionunda transsərhəd elektron xidmətlərin qarşılıqlı fəaliyyətini təmin etmək üçün nə edir?
Bir çox dövlət xidmətləri getdikcə onlayn olaraq daha da əlçatan olur, lakin onlar nadir hallarda transsərhəd qarşılıqlı əlaqə üçün tam istifadə olunur. Hökumətlər, sahibkarlıq müəssisələri və vətəndaşlar ölkənin sərhədlərindən kənarda qarşılıqlı fəaliyyət göstərən elektron xidmətlərlə qarşılıqlı əlaqəyə girərkən elektron xidmətlərə tam çıxış əldə edə, əsas müvafiq qayda və tələbləri başa düşə, öz şəxsiyyətlərini doğrulaya bilə, transsərhəd ödənişləri həyata keçirə, sənədləri elektron şəkildə imzalaya və ya möhürləyə, elektron sübut təqdim edə bilərlər. Aİ səviyyəsində vahid rəqəmsal giriş informasiyalara, inzibati prosedurlara və yardım xidmətlərinə onlayn çıxış imkanına şərait yaradır.
Şərq Tərəfdaşlığı ölkəsinin transsərhəd elektron xidmətlər təqdim etməyə hazırlığını gücləndirmək üçün EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkəsinin transsərhəd elektron xidmətləri təqdim etməyə hazırlığının qiymətləndirilməsi üçün baza müəyyən etmişdir və həmin bazaya aşağıdakılar daxildir:
- Təşkilati və texniki maneələrin müəyyən edilməsi və aradan qaldırılması;
- Qarşılıqlı fəaliyyətə dair fundamental prinsiplər;
- Xarici vətəndaşların elektron xidmətlərə çıxış imkanı;
- Rəqəmsal vasitələrin mövcudluğu.
Qiymətləndirmələrə əsaslanaraq, EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkələri üçün təlimat və praktiki tövsiyələr verəcək qarşılıqlı fəaliyyət göstərən transsərhəd elektron xidmətlər bazası yaradacaq. Bununla da rəqəmsal vasitələrdən istifadə ilə milli səviyyədə qarşılıqlı fəaliyyət göstərən transsərhəd elektron xidmətlərin inkişafına uyğunlaşdırılmış yanaşma təmin ediləcək.
6. EU4Digital elektron idarəçilik sahəsində müsbət dəyişikliklər yaradan dövlət xidmətləri üzrə islahatlara necə töhfə verir?
Ənənəvi olaraq elektron hökumətin inkişafı zamanı ölkələr səylərinin və qaynaqlarının çoxunu dövlət və ictimai sektor əməliyyatlarının müştəriyə aid hissəsinin, yəni xidmətlər və portallar kimi geniş ictimaiyyətin daha çox göz önundə olduğu və cəld nəticə verən texnoloji həlləri rəqəmsallaşdırmağa sərf edirlər. Bu parçalanmış yanaşma rəqəmsal hökumətin əsaslarına, yəni məlumatların rəqəmsallaşdırılması, qarşılıqlı fəaliyyət, elektron kimlik, çıxış imkanı, qanunvericilik, idarəçilik və standartların həm milli, həm də beynəlxalq səviyyədə uyğunlaşdırılması sahələrini diqqətdən kənarda qoyur. Bu yanaşma son nəticədə “göz önündə olan” həllərin (məs. xidmətlər və portallar) texniki xidmətinin və idarə edilməsinin mürəkkəbləşməsinə və baha başa gəlməsinə səbəb olur, investisiya prosesləri isə daha da mürəkkəbləşir və daha az gəlir gətirir. Nəticədə, rəqəmsal inkişaf prioritetlərinin hökumətin qərarvermə səviyyəsində başa düşülməməsi, strateji prioritetlər və onların faktiki həyata keçirilməsi arasında "böyük boşluq" yaradır.
Bu strateji, uzunmüddətli və sistemli dövlət idarəçiliyi təşəbbüsləri elektron idarəçilik bazası ilə dəstəklənəcək və elektron idarəçiliyin digər cəhətlərinin müvəffəqiyyətli olması üçün əvvəlcə hansı bazaların qurulmasının tələb olunduğunu göstərəcək. Belə bir bazanın istifadəsi hökumətlərə cəmiyyətlərin yararlana biləcəyi rəqəmsal hökumətin əsaslarının vaxtında və sistemli şəkildə inkişaf etdirilməsi üçün rəhbər mexanizm - ictimai sektorda səmərəlilik, rəqəmsal xidmətlər, məlumatlara əsaslanan həllər və elektron cəmiyyətdə iştirak təmin edə bilər.
Elektron idarəçilik bazası hökumətin rəqəmsal yetkinliyinin mövcud vəziyyətini qiymətləndirmək və yaradılmayan və ya təkmilləşdirilməsi tələb olunan problemli sahələri müəyyən etməyə zəmin yaradacaq. O, həmçinin dövlət idarələrinə elektron idarəçilik bazalarının rəqəmsallaşma prioritetlərinə təsirini başa düşməyə, eləcə də elektron idarəçilik bazasının yeniliklərini rəqəmsal transformasiya proqramına inteqrasiya etməyə kömək edəcək.