“Eap Connect” layihəsi çərçivəsində təşkil olunan təlimlər nəticəsində AzScienceNet şəbəkəsinin tədqiqat üzrə xidmət imkanları genişlənmişdir

  • Tarix: 11/12/19
  • Paylaş:

Azərbaycanda fəaliyyət göstərən AzScienceNet adlı tədqiqat şəbəkəsinin işçi heyəti Aİ tərəfindən maliyyələşdirilən və yerli elmi icmaların Avropaya inteqrasiyasına dəstək verməyə yönəlmiş “EaPConnect” layihəsi çərçivəsində təşkil olunan təlimlərdə iştirak edib.

Oktyabr ayında şəbəkə avadanlıqlarının istismarı və konfiqurasiyası mövzusunda keçirilən silsilə təlimlərdən sonra AzScienceNet şəbəkəsi genişzolaqlı internet bağlantının sürətini artırmağa nail olub. Beləliklə də şəbəkənin xidməti yaxşılaşmışdır.

“Junos Enterprise Switching”, “Introduction to the Junos Operating System” və “Junos Intermediate Routing” kimi mövzuları əhatə edən təlimə “Juniper Networks” şirkətinin sertifikatlı təlimçisi Mark Levin rəhbərlik edib. Təlimlər 7-15 oktyabr tarixlərində MUK Azərbaycan təlim mərkəzində keçirilmişdir.

“AzScienceNet komandasının şəbəkə qurğularının quraşdırılması, konfiqurasiyası və problemlərin aradan qaldırılması ilə bağlı yaxşı təcrübəyə malik olmasına baxmayaraq, ixtisaslaşma kursuna ehtiyac var idi, çünki “Juniper” şirkətinə məxsus avadanlıqların işləmə mexanizmi və konfiqurasiya tərzi istifadə etdiyimiz digər şəbəkə avadanlıqlarından fərqlidir. Bu təlimdən sonra cihazların bütün funksiya və texniki şərtlərindən yararlanmağı bacarırıq”, – deyə AzScienceNet-in məlumat mərkəzinin administratoru Tural Mustafayev bildirir.

Sözügedən təlimlərdə iştirak edən AzScienceNet-in işçi heyəti “Juniper” avadanlıqlarının korporativ və kommunikasiya şəbəkələrində istifadəsinə dair məlumat əldə edərək texniki və praktiki təcrübələrini artırıblar. Təlim sayəsində AzScienceNet şəbəkəsi genişzolaqlı internet bağlantının sürətini artırmağa nail olub. Bununla da Azərbaycan elmi icmasının Avropaya daha da inteqrasiyasına və yerli elm adamlarının GÉANT adlı ümumavropa tədqiqat və təhsil üzrə şəbəkəsinin daha əlverişli və keyfiyyətli xidmətlərindən yararlanmağına şərait yaranmışdır. 

“Bunlar GÉANT və “EaPConnect” layihəsinin köməyilə mümkün olmuşdur”,– deyə AzScienceNet-də beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Babək Nəbiyev vurğulayıb.

EaPConnect” layihəsinin məqsədi Aİ-nin Şərqi tərəfdaş ölkələri – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada regional tədqiqat və təhsil şəbəkəsinin yaradılmasıdır. Layihə ümumilikdə rəqəmsal sahədə qeyri-bərabərliyin azaldılmasına, regionlararası bağlantının yaxşılaşdırılmasına və yerli alimlərin, tələbələrin və təhsil işçilərinin tədqiqat və təhsil sahəsindəki qlobal əməkdaşlıqlarda iştirakına şəraitin yaradılmasına yönəlmişdir.

Mətbuat üçün açıqlama