Cable.co.uk internet portalına əsasən ən ucuz genişzolaqlı internet Şərq Tərəfdaşlığı ölkələrində qeydə alınıb. Portalın tərtib etdiyi cədvəldə 206 ölkə arasında Ukrayna ikinci, Belarus isə beşinci sırada dayanıb.
İnternetin orta aylıq qiymətinin cəmi 6.64 dollar olduğu Ukrayna ŞT regionunda genişzolaqlı internetin qiymətinin ən ucuz olduğu ölkədir. Ondan sonra beşinci yerdə Belarus (9.87 dollar), 12-ci yerdə Moldova (11.57 dollar), 19-cu yerdə Gürcüstan (13.86 dollar), 21-ci yerdə Ermənistan (14.60 dollar) və 25-ci yerdə Azərbaycan (16.76 dollar) qərarlaşıb.
Ümumilikdə MDB genişzolaqlı internetin qiymətinə görə dünyanın ən ucuz bölgəsidir. Belə ki, 12 ölkədən 11-i cədvəlin ilk yarısında, 9-u ilk dördlükdə və 4-ü isə ilk onluqda yerləşib. Genişzolaqlı rabitə infrastrukturu bölgənin əksər hissəsində yaxşı inkişaf etmişdir və əksər hissəsində sağlam rəqabət bazarları mövcuddur. Nisbətən seyrək əhalisi olan Türkmənistan, Tacikistan və Qırğızıstan sağlam genişzolaqlı bazarın yaranması üçün az iş gördüyü üçün istisna təşkil edir.
Hesabata əsasən genişzolaqlı rabitənin Ukraynada sürətli və ucuz olmasına baxmayaraq, ondan istifadə edənlərin sayı nisbətən azdır. Ukraynada əhalinin təxminən yarısı internetdən istifadə edə bilir. Bu da əhalisinin 90%-nin internetdən istifadə etdiyi Böyük Britaniya ilə müqayisədə çox aşağı rəqəmdir.
Müharibədən zərərçəkmiş Suriyada genişzolaqlı internet dünyada ən aşağı qiymətlə (6.60 dollar) təklif olunur, lakin bu daha çox Suriya funtunun dəyərdən düşməsi ilə bağlıdır. Bu ölkədə internetin sürəti çox aşağıdır.
Aylıq internet paketinin qiymətinin orta hesabla 35.71 dollar təşkil etdiyi Birləşmiş Krallıq cədvəldə 71-ci, 27.81 dollar təşkil etdiyi Fransa 49-cu və 28.74 dollar təşkil etdiyi Almaniya isə 52-ci sırada dayanıb.
ABŞ Qərb ölkələri arasında internetin qiymətinin ən yüksək olduğu ölkələrdən biridir və cədvəldə 119-cu sırada dayanıb. Bu ölkədə internetin orta aylıq qiyməti 50 dollar təşkil edir.
28 noyabr 2019 – 8 yanvar 2020 tarixləri arasında Cable.co.uk-da genişzolaqlı internet qiymətlərinin müqayisəsi üzrə ekspertlər 206 ölkədə ümumilikdə 3995 sabit xətli genişzolaqlı rabitəyə dair sövdələşmələr təhlil ediblər.
Cable.co.uk: 206 ölkədə sabit xətli genişzolaqlı rabitənin qiyməti