İcra olunmağa başladığı ilk ilin yekunu olaraq “EU4Digital: Tədqiqat və təhsil icmalarının əlaqələndirilməsi” (EaPConnect) layihəsi dörd qadının nailiyyətlərini işıqlandırmaq qərarına gəlib. Bu qadınların təcrübələri tərəfdaşlarının və dəstəklədikləri tədqiqat və təhsil müəssisələrinin uğurlarına töhfə verir. Onlar haqqında qısa videoroliklər hazırlanıb və onların elm, texnologiya, mühəndislik və ya riyaziyyat (STEM) sahələrindəki karyeralarından bəhs edir. STEM sahələrində uğur qazanan bu qadınlar gənc qadınları bu sahələrə həvəsləndirməyin yollarını axtarırlar.
Həmin qadınlar haqqında əvvəlcə daha geniş sosial media kampaniyasının bir hissəsi kimi “Çətinliklərin aradan qaldırılması”, “Nümunəvi qadınlar və mentorlar”, “Müxtəliflik niyə əhəmiyyətlidir”, “Qadın şəbəkələrinin gücü” və “Gələcək nəsillər üçün sözlər” başlıqlı video epizodlar hazırlanıb. Onlara EaPConnect layihəsinin internet səhifəsində dərc olunan məqalədə baxmaq olar.
“Mən karyerama başlayanda şəbəkələr, etimad və şəxsiyyət və xidmətlər sahəsində peşəkar olan çoxlu sayda ilhamverici qadınlarla tanış oldum”, – deyə EaPConnect layihəsinin keçmiş rəhbəri Yeva Muraskienye xatırlayır. “Onların hamısı bilik və təcrübələrinə görə hörmət qazanıblar və mən də nə vaxtsa özümü elə hiss etmək – müsbət dəyişiklik yaratmaq istəyirdim”. Əvvəllər EaPConect layihəsinin tərəfdaşı olan LITNET-də İT mütəxəssisi, indi isə NORDUnet-də strategiya və siyasət üzrə rəhbər vəzifəsində çalışan Yeva deyir ki, qadınların əla liderlər olmaq potensialı var, çünki onlar istədikləri istənilən məqsədə nail ola bilirlər və “istənilən texnologiyanı saat mexanizmi kimi işlədə” bildiklərini başa düşməyə təşviq edilməlidirlər.
EaPConnect layihəsinin tərəfdaşı olan Ermənistan Milli Elmlər Akademiyasının İnformatika və Avtomatlaşdırma Problemləri İnstitutunun kompüter elmləri şöbəsinin rəhbəri Maryam Harutyunyan deyir: “Mən əminəm ki, elm sahəsində gender müxtəlifliyinin bir sıra üstünlükləri var”. Onun təcrübəsində müxtəliflik məhsuldarlığı artırır, yaradıcılığı və yeniliyi təkmilləşdirir, tədqiqatların daha geniş təcrübə və perspektivləri əks etdirməsini təmin edir. Stereotiplərə baxmayaraq, “Mən sübut etdim ki, elm, müəllimlik, ailə və digər peşələri birlikdə görmək olar”.
EaPConnect layihəsinin tərəfdaşı olan Moldovanın Milli Tədqiqat və Təhsil Şəbəkəsinin (RENAM) nümayəndəsi Yekaterina Matenko ilk vaxtlar Moldovada kiçik şəhərdə yaşayan bir qız üçün kibertəhlükəsizlik sahəsində karyera qurmağın əlçatmaz olduğunu düşünürdü. O, şəbəkəyə qoşulduqdan sonra informasiya texnologiyalarının bir çox sahələrində uğur qazanmış qadınlarla tanış olduğu üçün dünyaya baxışı dəyişdi. “Sonra dəstək görməyə başladım, nümunələrlə tanış oldum və onlardan ilham ala bildim”. Yekaterina hesab edir ki, qadın şəbəkəsinin dəstəyi öz məqsədlərinin reallığına əmin olmayan, lakin ona çatmaqda həvəsli olan qızlar üçün çox vacibdir.
Gürcüstanın Qafqaz Universitetinin biotibb üzrə alimi Professor İrma Xaçidzenin fikrincə, təlimlər gender bərabərsizliyini azaltmaq və STEM-də təmsil olunan qadınların sayını artırmaqda mühüm rol oynayır. O, doktorantura tələbələrinin digər gənc qadınları STEM-ə həvəsləndirdiyinin şahidi olub. Lakin o, təşkilati və milli toplantılar və simpoziumlarda təmsil olunan qadınların sayını artıran Aİ layihələrinin, praktiki fəaliyyətlərin və tövsiyələrin də mühüm amillər olduğunu qeyd edir. O, STEM sahələrində karyera qurmaq istəyən bütün qızları əvvəlcə “tələb olunanı etməyə başlamağı, sonra mümkün olanı etməyə çağırır və nəticədə “mümkün olmayanı” əldə edəcəklərinə söz verir.