2020-ci il mart ayının 3-də və 4-də Serbiyanın paytaxtı Belqrad şəhərində Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis Qrupunun (IRB EWG) 9-cu iclası keçirilib. İclasda bütün Şərqi tərəfdaş ölkələrindən (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna), eləcə də Aİ-yə üzv dövlətlərdən (Çexiya Respublikası, Almaniya, İtaliya, Latviya, Polşa, Portuqaliya, Sloveniya, İsveç, Rumıniya) və Serbiyadan nümayəndələr iştirak edib.
Görüşdə hər üç regiondan (ŞT, Aİ və Qərbi Balkan ölkələri) olan iştirakçılar genişzolaqlı rabitə infrastrukturunun inkişafı üzrə cari layihələri təqdim edərək bu mövzuda fikir mübadiləsi aparmaq imkanı qazanıblar. İclasın yekununda işçi qrupunun ekspertləri tərəfindən Şərqi tərəfdaş ölkələri üçün elektron rabitə üzrə milli tənzimləyici orqanların müstəqilliyinin qiymətləndirilməsinə dair metodologiya qəbul olunub. EU4Digital mexanizmi çərçivəsində Şərqi tərəfdaş ölkələri üçün yaradılan bir vasitə kimi bu metodologiya elektron rabitə üzrə milli tənzimləyici orqanının (MTO) olmadığı ölkədə belə bir orqanı yaratmaq və ya mövcud MTO-ların müstəqilliyini qiymətləndirmək üçün nəzərdə tutulmuşdur. O sözügedən qiymətləndirməyə ehtiyac olduğu hallarda MTO-ların müstəqilliyinin özünü qiymətləndirməsi üçün təlimat rolunu oynayacaqdır.