Şərq Tərəfdaşlığı ölkələri Regional Rouminq Razılaşmasının prinsipləri ilə bağlı razılığa gəliblər

  • Tarix: 21/11/19
  • Paylaş:

Regional Rouminq Razılaşmasının Şərq Tərəfdaşlığı üzrə əsas prinsipləri noyabrın 12-də Litvanın paytaxtı Vilnyusda keçirilən Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EapPeReg) Rouminq sahəsi üzrə maraqlı tərəflərinin görüşündə razılaşdırılıb. Razılaşmanın 2020-ci ilin sonuna qədər imzalanacağı gözlənilir.

Rouminq sahəsi üzrə maraqlı tərəflərin görüşü, Ukraynanın Milli Tənzimləyici Orqanı olan Rabitə və İnformasiyalaşdırma üzrə Dövlət Nəzarəti Milli Komissiyası və Litva Respublikasının Rabitə Tənzimləmə Təşkilatının (RRT) sədrlik etdiyi EaPeReg-in Roaminq üzrə mütəxəssis işçi qrupunun (REWG) davamlı təşəbbüsüdür. REWG işçi qrupu Ukrayna tərəfindən 2015-ci ildə irəli sürülən və altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsi üçün vahid rouminq məkanının yaradılmasını nəzərdə tutan təşəbbüsün icrasının əlaqələndirilməsinə cavabdehdir.

Vilnyusda keçirilən görüşdə sözügedən işçi qrupunun üzvləri Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq nazirliklərinin nümayəndələri ilə danışıqlar apararaq altı ŞT ölkəsi arasında imzalanacaq Regional Rouminq Razılaşmasının (RRR) əsas prinsipləri ilə bağlı razılığa gəliblər. Regional rouminq razılaşmasının məqsədi Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna arasında rouminq qiymətlərinin uyğunlaşdırılması və azaldılmasıdır. Görüşdən sonra operatorlar və səlahiyyətli qurumlar ilə yerli səviyyədə keçirilən ictimai məsləhətləşmələr nəticəsində razılaşmanın tərtib olunması planlaşdırılır. Regional rouminq razılaşmasının 2020-ci ilin sonuna qədər imzalanacağı gözlənilir.

ŞT ölkələrinin Aİ-yə sosial və iqtisadi inteqrasiyasının daha geniş bir kontekstində vacib olan digər mühüm bir mərhələ, ŞT ölkələri ilə Aİ-yə üzv dövlətlər arasında vahid rouminq məkanının yaradılmasıdır. 2019-cu il fevralın 28-də Buxarestdə keçirilən Rəqəmsal İqtisadiyyata dair Nazirlərin Üçüncü Şərq Tərəfdaşlığı Görüşündə yuxarıda təsvir olunan bu mühüm məqsədə ilkin addımlar atılıb. Həmin görüşdə maraqlı tərəflər ŞT ölkələri və Aİ regionları arasında rouminq tariflərinin azaldılması və texniki-iqtisadi əsaslandırma işinin başlanılması məqsədilə təşəbbüsün icrasına dair müzakirələrin başlanılması ilə bağlı razılığa gəliblər.

Bu iddialı məqsədi daha geniş siyasi səviyyədə təqdim etmək məqsədilə Rouminq sahəsi üzrə maraqlı tərəflərin görüşündən sonra ŞT ölkələri və Aİ-yə üzv dövlətlərin səfirləri üçün xüsusi brifinq təşkil edilmişdir. Tədbirdə altı ŞT ölkəsi arasında Regional rouminq razılaşmasının imzalanması ilə əlaqədar cari vəziyyət və irəliləyişlərlə bağlı iştirakçılara, yəni Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Latviya, Polşa, Rumıniya, Macarıstan və Almaniyanın səfir və nümayəndələrinə məlumat verilmişdir. İştirakçılar həmçinin ŞT ölkələri və Aİ-yə üzv dövlətlər arasında vahid rouminq məkanının yaradılmasını nəzərdə tutan təşəbbüsün növbəti mərhələsi haqqında məlumatlandırılıblar. Rouminq sahəsi üzrə maraqlı tərəflərin görüşü Ukraynanın Milli Tənzimləyici Orqanı olan Rabitə və İnformasiyalaşdırma üzrə Dövlət Nəzarəti Milli Komissiyası və Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində Litva Respublikasının Rabitə Tənzimləmə Təşkilatı tərəfindən təşkil edilib.