İyulun 2-də açıqlanan 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə prioritetlərdə rəqəmsal texnologiyalara keçid əsas prioritetlərdən biridir. Bu proqram önümüzdəki illərdə Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) ölkələri arasında əməkdaşlığı əhatə edir.
Sözügedən proqram 2020-ci ilin martında Şərq Tərəfdaşlığının gələcəyinə dair qəbul olunan beş uzunmüddətli hədəfə əsaslanır. Proqramı dəstəkləmək məqsədilə qrant, qarışıq maliyyələşdirmə və zəmanətlər şəklində 2,3 milyard avro dəyərində İqtisadi və investisiya planının qəbul edilməsi nəzərdə tutulub. Bu planın dövlət və özəl sektordan 17 milyard avroya qədər maliyyə vəsaiti cəlb edəcəyi gözlənilir. Aİ-nin yeni təklifi 2021-ci ilin dekabrında keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı sammiti daxil olmaqla, gələcəkdə Şərq Tərəfdaşlığı üzrə siyasətə dair müzakirələrə töhfə verəcək.
Hərtərəfli proqram ticarətin və məşğulluğun artırılması, iqtisadi inkişaf, əlaqələrə sərmayə qoyuluşu, demokratik institutların və qanunun aliliyinin gücləndirilməsi, yaşıl və rəqəmsal texnologiyalara keçidin dəstəklənməsi, ədalətli, gender baxımından bərabər və inklüziv cəmiyyətlərin təşviqi məqsədi daşıyır.
Təklifə əməkdaşlığın bütün prioritet sahələrində aydın öhdəlikləri qeyd etmək üçün seçilən 2025-ci il üzrə əsas on hədəf daxildir. Şərq Tərəfdaşlığının rəqəmsal transformasiyasına gəlincə, əsas on hədəf aşağıdakılardır:
- Yüksək sürətli internet: ev təsərrüfatlarının (gender bərabərliyi, şəhər və kənd yerləri arasındakı boşluğun aradan qaldırılması və sosial inklüzivlik diqqət mərkəzində saxlanılmaqla) azı 80%-i üçün əlverişli qiymətə yüksək sürətli internetə çıxış imkanının yaradılması.
Bu sahədə 2025-ci il üzrə digər mühüm hədəflərə aşağıdakılar daxildir:
- Beynəlxalq rouminq: Regional Rouminq Razılaşmasının (2021-ci ildə imzalanması gözlənilir) tətbiqi ilə Şərq Tərəfdaşlığı ölkələrində beynəlxalq rouminq tariflərinin azı 80% azaldılması; ŞT ölkələri və Aİ-yə üzv dövlətlər arasında vahid rouminq məkanının yaradılması imkanlarının bundan sonra da tədqiqi.
- Aİ-nin əlaqələndirilmiş yanaşması ilə uyğunlaşdırma vasitəsilə 5G şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi və 5G şəbəkələri və xidmətləri üçün proporsional, müvafiq və riskə əsaslanan təhlükəsizlik tədbirlərinin qəbul edilməsi və mobil operatorlar üçün tezlik diapazonlarının istifadəyə verilməsi. Şərq Tərəfdaşlığı ölkələri arasında Radiotezlik spektri üzrə regional razılaşma (2021-ci ildə imzalanması planlaşdırılır) tam tətbiq ediləcək.
- Elektron idarəçilik: dövlət xidmətlərinin azı 80%-nin qarşılıqlı fəaliyyət göstərən platformalar vasitəsilə təşkili; azı dörd ŞT ölkəsi arasında və Aİ ilə elektron imzaların qarşılıqlı tanınması, sənədlərin 30%-nin transsərhəd ötürülməsi və rəqəmsal qaydada imzalanması; TEN-T şəbəkəsinə əlavə olaraq azı dörd rəqəmsal nəqliyyat dəhlizinin fəaliyyətə başlaması və logistika üzrə sənədlərin azı 30%-nin transsərhəd ötürülməsi və rəqəmsal qaydada imzalanması.
- Rəqəmsal iqtisadiyyat və innovasiyalar: Aİ ilə transsərhəd elektron kommersiyanın həcminin 50% artırılması; rəqəmsal təhsil platformasının yaradılması vasitəsilə ŞT ölkələrində yaşayan bir milyon insanın rəqəmsal texnologiyalar sahəsində səlahiyyətləndirilməsi; rəqəmsal innovasiyaların stimullaşdırılması və yüksək fəaliyyət göstəricilərinə malik rəqəmsal startapların dəstəklənməsi, eləcə də əlaqəli yüksək keyfiyyətli iş yerlərinin yaradılmasına töhfə vermək üçün daha 100 milyon avro sərmayə yatırmaq.
- Kiberdayanıqlıq – kibertəhlükəsizlik: Aİ qanunvericiliyinə və təlimatlarına uyğun olaraq bütün ŞT ölkələrində kibertəhlükəsizlik üçün institusional, siyasi və qanunvericilik bazalarının yaradılması; bütün ŞT ölkələrində Aİ-nin Kibertəhlükəsizlik üzrə agentliyinin (ENISA) kibertəhdidlərə dair metodologiyasının tətbiqi; Aİ və beynəlxalq məlumatların qorunması standartları ilə daha çox uyğunlaşdırılmanı təşviq etmək.
Bundan əlavə, rəqəmsal transformasiya, KOB-ların rəqəmsal texnologiyalara keçidi istiqamətində dəstəklənməsi, təhsil və təlim sahələrinin rəqəmsallaşdırılmasına dəstək, eləcə də gənclərin rəqəmsal bacarıqlarına dəstək, Tədqiqat və innovasiyalara sərmayə qoyuluşu və rəqəmsal alətlərə və elektron səhiyyə xidmətlərinə dəstək vermək kimi bütün digər prioritet sahələrdə mövcuddur.
Rəqəmsal texnologiyalara yönəlmiş bu dəstəyi dəstəkləyən İqtisadi və investisiya planı, ölkə daxilində rəqəmsal texnologiyalar sahəsindəki bərabərsizlikləri aradan qaldırmaq üçün xüsusilə ucqar və kənd yerlərində genişzolaqlı internet infrastrukturunu (fiber optik, mobil sistemlər) inkişaf etdirmək və müasirləşdirmək üçün 1,5 milyard avroya qədər potensial investisiyaları səfərbər edəcək. Aİ həmçinin rəqəmsal xidmətlər üzrə ekosistemlərin inkişafına dəstək verəcək.
Rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüs (DISC) vasitəsilə sözügedən planda rəqəmsal innovasiyaların stimullaşdırılması və yüksək fəaliyyət göstəricilərinə malik rəqəmsal startapların dəstəklənməsi və əlaqəli yüksək keyfiyyətli iş yerlərinin yaradılmasına töhfə vermək üçün daha 100 milyon avro həcmində sərmayənin yatırılması nəzərdə tutulub. DISC həmçinin Şərq Tərəfdaşlığı ölkələrində startapların inkişafı ekosistemini və onların maliyyə mənbələrinə çıxış qabiliyyətini gücləndirəcək (Seed, biznes mələkləri və vençur kapital). Aİ-nin Kopernik və Qalileo proqramlarının pulsuz və açıq məlumatlarından və xidmətlərindən yararlanmaq rəqəmsal startaplara əlavə təkan verəcək və yerli şəraitə uyğun həll və tətbiqetmələrin yaradılmasına imkan yaradacaq.
Yeni proqram həmçinin çoxtərəfli ŞT strukturunu nəzərdən keçirmək və onu yeni prioritetlərə uyğun olaraq yeniləmək və qarşıya qoyulan məqsədə tam şəkildə uyğun olmasını təmin etməyi nəzərdə tutur.
Regional iqtisadi və investisiya planı iqtisadiyyatı daha təsirli şəkildə bərpa etməyə yönəlmiş proqramı nəzərə alaraq COVID-19 pandemiyasından sonra sosial-iqtisadi bərpa və uzunmüddətli dayanıqlığa dəstək verəcək. Planda prioritet investisiyalar əks edilib və tərəfdaş ölkələrin prioritetlərinə, ehtiyaclarına və iddialarına əsasən müəyyənləşdirilmiş bir sıra qabaqcıl təşəbbüslər müəyyənləşdirilib.
Təkliflər 2021-ci ilin dekabrında keçiriləcək 6-cı Şərq Tərəfdaşlığı Sammiti öncəsi tərəfdaş ölkələr, Aİ-yə üzv dövlətlər, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə müzakirə ediləcək.
Daha çox öyrən
Gələcək prioritetlərə dair məlumat bülleteni
2020-ci il üçün 20 praktiki nəticənin nailiyyətlərinə dair məlumat bülleteni
Suallar və cavablar: 2020-ci ildən sonrakı Şərq Tərəfdaşlığına dair prioritetlər