Fevralın 28-də Rumıniyanın Aİ Şurasına Sədrliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə Buxarestdə Şərq Tərəfdaşlığı ölkələri nazirlərinin rəqəmsal iqtisadiyyat üzrə 3-cü görüşü keçirilib.
Tədbirdə Aİ-nin rəqəmsal iqtisadiyyat üzrə məsul nazirləri və onların altı Şərqi tərəfdaş ölkəsindən (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) olan həmkarları bir araya gəlib. Sözügedən görüşün məqsədi region boyu rəqəmsal sahədə əməkdaşlığı dərinləşdirməkdir.
Tədbirdən öncə Avropa Komissiyasının Vahid rəqəmsal bazar məsələləri üzrə vitse prezidenti Andrus Ansip bunları deyib: “Rəqəmsal iqtisadiyyat istifadə edilməmiş potensiala malik bir sahədir və həm Aİ, həm də Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına gözəçarpan faydalar vermək üçün həyati-vacib əhəmiyyət kəsb edir.
Bu gün bizim Şərq tərəfdaşlarımız öz ölkələri arasında rouminq tariflərinin azaldılması istiqamətində vacib addım atıblar. Bu, real təsirə malik konkret addımdır, ancaq məlumat axınları, təhlükəsizlik və normativ-hüquqi bazanın uyğunlaşdırılması daxil olmaqla, rəqəmsal sahənin hər bir cəhəti üzərində çalışmaq vacib əhəmiyyət daşıyır.
Nazirlərin görüşü bu sahədə mövcud olan başqa mühüm problemlərin aradan qaldırılmasına imkan vermişdir. Bu yaxınlarda icra olunmağa başlayan EU4Digital təşəbbüsünün Aİ və onun altı Şərqi tərəfdaş ölkəsi arasında bu sahədə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi gözlənilir. Bununla geniş çeşidli onlayn xidmətlərin yaxşılaşmasına və ucuzlaşmasına, eləcə də şəxsi məlumatların daha yaxşı qorunmasına nail olunacaq. Təşəbbüs nəticəsində həmçinin sərmayələrin cəlb olunacağı, ticarət və məşğulluğun gücləndirilməsi nəzərdə tutulur. Beləliklə, mövcud şirkətlər daha sürətlə inkişaf edəcək, startapların yaradılması isə asanlaşacaq.
Nazirlərin sözügedən görüşü, 2017-ci ilin noyabrında baş tutan Şərq Tərəfdaşlığı Sammiti zamanı Aİ, ona üzv dövlətlər və altı Şərqi tərəfdaş ölkəsinin qəbul etdiyi birgə öhdəliyin davamıdır və dörd prioritet sahə üzrə (daha güclü iqtisadiyyat, daha güclü idarəetmə, daha güclü əlaqələr və daha güclü cəmiyyət)2020-ci il üçün 20 praktiki nəticə adlı dəqiq fəaliyyət planına əsaslanaraq regionda yaşayan vətəndaşlara gözəçarpan faydalar vermək məqsədi daşıyıb.
Bu çərçivədə region boyu rəqəmsal iqtisadiyyatların inkişafına dair əməkdaşlığı gücləndirmək məqsədilə Aİ diqqətini Rəqəmsal bazar proqramının biznes sahəsindəki maraqlı tərəflərə və vətəndaşlara təmin etdiyi potensialdan yararlanmağa cəmləşdirib. Onun qonşuluq ölkələri ilə birləşdirilməsi nəticəsində regionda yaşayan bütün vətəndaşlar faydalanacaq.
Aİ rouminq tariflərinin endirilməsində, kibertəhlükəsizlik probleminin əlaqələndirilmiş şəkildə həll edilməsində və regionda məşğulluq imkanlarını artırmaq məqsədilə Vahid rəqəmsal bazarın biznes sahəsi və vətəndaşlara təqdim etdiyi potensialın istifadəsində Şərq Tərəfdaşlığı ölkələrini dəstəkləyir.
Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrindəki rəqəmsal iqtisadiyyata dəstəyi