EU4Digital Azərbaycan, Ermənistan, Gürcüstan və Almaniya arasında avtomatlaşdırılmış transsərhəd məlumat mübadiləsi üzrə pilot texnoloji həllinin nümayişini təşkil edib

  • Tarix: 16/06/21
  • Paylaş:

İyunun 9-da EU4Digital proqramı təşkil etdiyi virtual tədbirdə Azərbaycan, Ermənistan, Gürcüstan və Almaniya arasında avtomatlaşdırılmış transsərhəd məlumat mübadiləsi üzrə Elektron kommersiya pilot layihəsini təqdim edib.

Virtual nümayiş Elektron ticarət şəbəkəsinin 10-cu seminarı ilə paralel şəkildə baş tutub və nümayişdə Şərqi tərəfdaşlıq ölkələrindən, eləcə də Avropa İttifaqından 40-dən artıq nümayəndə iştirak edib. Tədbirdə Aİ Nümayəndəliklərinin, Elektron kommersiya üzrə işçi qrupunun nümayəndələri, EU4Digital proqramının Elektron kommersiya üzrə ekspertləri, eləcə də Şərq Tərəfdaşlığı ölkələri nazirliklərinin, vətəndaş cəmiyyəti təşkilatları, özəl şirkətlərin, milli poçt operatorları, rəqəmsallaşdırma üzrə proqramın icrasında iştirak edən nazirliklərin, beynəlxalq standartlaşdırma təşkilatlarının nümayəndələri və digərləri iştirak edib.

EU4Digital proqramının köməkçi qrup rəhbəri, Ruta Salvite-Tamosiyuniyen, Elektron çatdırılma pilot həllinə praktik baxış təqdim edərək tədbiri açıq elan edib. Tədbirin məqsədi, pərakəndə satıcılar, bazarlar, karqo şirkətləri və gömrük orqanları arasında pilot texnoloji həll olan virtual anbar vasitəsilə Elektron kommersiya məlumatlarının avtomatlaşdırılmış və elektron mübadiləsinin necə baş verdiyini ardıcıl şəkildə nümayiş etdirmək olub. EU4Digital proqramının aparıcı eksperti Valter Trezek və Volodimir Kovalenko pilot layihədə iştirak edən ölkələr arasında baş verən prosesləri izah ediblər.

Elektron kommersiya üzrə pilot layihə 2021-ci il may-iyun aylarından etibarən icra olunmağa başlayıb. Pilot ölkələrdən olan kiçik və orta ölçülü sahibkarlıq müəssisələrinin (KOB-lar) istehsal etdiyi məhsullar internet vasitəsilə Almaniyada satışa çıxarılıb və məhsullar satıldıqdan sonra onlar haqqında məlumatlar karqo şirkətləri və gömrük orqanları ilə avtomatik qaydada mübadilə edilib.

Virtual nümayiş zamanı mübadilə prosesinin texniki cəhətləri, o cümlədən pilot konsepsiya, Aİ ilə elektron mübadilənin həyata keçirilməsi üçün Elektron kommersiya məlumatlarına dair tələblər diqqət mərkəzində olub. Qeyd olunub ki, layihə çərçivəsində virtual anbar vasitəsilə Aİ və Ümumdünya Poçt İttifaqına üzv olan 192 ölkə ilə elektron mıəlumat mübadiləsi aparmaq mümkün olmuşdur.

Tədbir iştirakçıları öz növbələrində təcrübələrini bölüşərək  Azərbaycan, Ermənistan və Gürcüstan kimi nisbətən kiçik bazarlarda transsərhəd elektron kommersiya sahəsinin inkişafında

sözügedən təşəbbüsün əhəmiyyətini vurğulayıblar.

  • Azərbaycan məhsullarının xarici və yerli bazarlarda satışına imkan verən Azexport platformasının meneceri Ayxan Qədəşov qeyd edib ki, pilot texnoloji həll sayəsində (məhsul haqqında məlumatların avtomatik və elektron mübadiləsi vasitəsilə) elektron kommersiya əməliyyatları əhəmiyyətli dərəcədə sürətlənmişdir.
  • Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin nümayəndəsi Sopio Tvalavadze transsərhəd elektron kommesiya sahəsi haqqında məlumatlandırılmanı artırdığına və bu sahədə praktiki biliklər təmin etdiyinə görə EU4Digital proqramına təşəkkürünü bildirib.
  • Gürcüstanda fəaliyyət göstərən iki şirkət – RKOFunduki şirkətlərinin nümayəndələri pilot layihənin Gürcüstan kimi kiçik ölkələrdə çalışan kiçik və orta ölçülü sahibkarlıq müəssisələrinin (KOB-lar) Aİ bazarına daxil olmasına şərait yaratdığını vurğulayıblar. Pilot texnoloji həllin köməyilə şirkətlər bir neçə kliklə məhsullarını Almaniyadakı eBay satış platformasına satışa çıxara biliblər. İndi bu şirkətlər məhsullarını digər satış platformalarında satışa çıxarmaq və Aİ-dəki alıcılar üçün məhsulların çeşidini artırmağı planlaşdırırlar.
  • Ermənistanın milli poçt operatorunun nümayəndəsi Karapet Elçibekyan isə məhsullar haqqında məlumatların avtomatlaşdırılmış və elektron mübadiləsinin logistika proseslərini sürətləndirdiyini və bununla da alıcıların məhsulun sürətli çatdırılması ilə bağlı gözləntilərini doğrultduğunu bildirib.

Layihədə iştirak edən ölkələrin nümayəndələri layihə haqqında müsbət fikirlərini bölüşüblər və onun miqyasının genişləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Pilot fəaliyyətdən sonra, EU4Digital Proqramı iki əsas prioritetə əsaslanan tövsiyələrini təqdim edəcək: 1) ilk sınaq və miqyaslandırma – yəni ölkələrin sınaq mühitindən Elektron çatdırılma həllinin tam istifadəsinə keçidi; və 2) öyrənilməsi və təkrar istifadəsi, yəni digər Şərqi tərəfdaşlıq ölkələrinin bu pilot layihədən faydalarının araşdırılması və həmin həllin tətbiqi.