Elektron çatdırılma texnoloji həlli təcrübədə: EU4Digital proqramının tanışlıq xarakteri daşıyan virtual səfərində həll yolları və imkanlar diqqət mərkəzində olub

  • Tarix: 13/10/20
  • Paylaş:

EU4Digital Proqramı oktyabrın 9-da Elektron çatdırılma üzrə tanışlıq xarakteri daşıyan virtual səfər təşkil edib. Tədbirin məqsədi, iştirakçıları Elektron çatdırılma ilə tanış etmək, onun məqsədlərini, dəyərini və faydalarını anlamaq, eləcə də təcrübədə necə işlədiyini daha yaxşı başa düşməkdir.

EU4Digital Təşəbbüsünün Koordinasiya Komitəsinin hər il keçirilən iclası çərçivəsində baş tutan tədbirə altı Şərqi tərəfdaşlıq ölkəsindən həm dövlət, həm də özəl sektora aid qurumların 45-dən artıq nümayəndəsi, eləcə də transsərhəd elektron ticarət sahəsində çalışan rəsmilər, EU4Digital proqramının Elektron çatdırılma pilot layihəsinin iştirakçıları və müşahidəçiləri və digər maraqlı tərəflər qatılıb.

Tədbir zamanı, iştirakçılar birbaşa Elektron çatdırılma sahəsində peşəkar olan şəxslərdən məlumat almaq və  CEF Digital,  e-CODEXOpenPeppol, və Norveç Dövlət və Maliyyə İdarəetmə Agentliyi daxil olmaqla, Avropanın müxtəlif ölkələrinə və təşkilatlara virtual olaraq səfər etmək imkanı qazanıblar.

Tədbiri giriş sözü ilə açan Avropa Komissiyasının İnformatika üzrə Baş Direktoratının (DG DIGIT) maraqlı tərəflərin idarə olunması üzrə məsul işçisi İnes Da Kosta Elektron çatdırılma ilə bağlı ümumi məlumat verərək maraqlı tərəflər üçün xidmətlər haqqında izah və dəstək təmin etmişdir. Təqdimatda qeyd edilib ki, Avropa Komissiyası tərəfindən hazırlanan struktur komponentlər, standart və texniki göstəricilər ödənişsizdir və bütün lazımi proqram təminatı isə açıq mənbələrdən olmaqla əlçatandır.

Səfər, Daimi ekspert işçi qrupunun rəhbəri Frank Vud və e-CODEX-də biznes məsləhətçi Hub Moelkerin rəhbərliyi ilə Elektron çatdırılmanın ədliyyə sektorunda tətbiq variantlarının təqdimatı və e-CODEX haqqında iclas ilə davam edib. Adı çəkilən şəxslər e-CODEX layihəsinin məhkəmələr, prokurorlar və digər səlahiyyətli orqanlar arasında transsərhəd rəqəmsal məlumatların mübadiləsinə necə şərait yaratdığına toxunublar.

Sonra isə Elektron çatdırılma həllinin dövlət satınalmaları və elektron qaimə sistemində mümkün tətbiq variantı nəzərdən keçirilib. Sözügedən iclasa OpenPeppol assosiasiyasında biznesin inkişafı şöbəsinin rəhbəri Stefen Qraham sədrlik edib. O, qeyd edib ki, keçən il Peppol Şəbəkəsində 150 milyondan artıq biznes əməliyyatları mübadilə olunub və həmin şəbəkənin artıq 300 mindən artıq fəal üzvü var. Onlar arasında Ukrayna və Polşa kimi ölkələrin iştirak etdiyi EU4Digital proqramının Elektron çatdırılma pilot həllinin iştirakçıları da var. Peppol şəbəkəsinin qlobal miqyasda tətbiqi genişləndikcə əlavə xidmətlərin tətbiqi və Peppol-un digər sahələrdə də tətbiqi gözlənilir (məsələn, hüquq-mühafizə orqanları tərəfindən biznes fəaliyyətləri ilə bağlı məlumatların toplanmasında).

Səfər, Norveç Dövlət və Maliyyə İdarəetmə Agentliyində Norveç Peppol orqanının rəhbəri Anna-Lis Berqin dövlət satınalma xidmətlərində milli standart olaraq Peppol Elektron çatdırılma həllinin tətbiqi təcrübəsinin müzakirəsi ilə sona çatıb. Bu təqdimat və ardınca baş tutan müzakirə iştirakçılara Norveçin sözügedən həllin tətbiqi prosesini öyrənmək imkanı verib.