Elektron səhiyyə şəbəkəsinin təşkil etdiyi tədbirdə COVID-19 virusuna qarşı tədbirlər diqqət mərkəzində olub

  • Tarix: 18/05/21
  • Paylaş:

EU4Digital Proqramının Elektron səhiyyə şəbəkəsi Şərqi tərəfdaşlıq ölkələrinin nümayəndələrinin iştirakı ilə COVID-19 virusu ilə mübarizə tədbirlərinə həsr olunmuş virtual görüş keçirib. Bu tədbir Elektron səhiyyə şəbəkəsinin bu il üçün planlaşdırdığı virtual tədbirlərdən ikincisidir.

Mayın 6-da təşkil olunan virtual tədbirin məqsədi Elektron səhiyyə şəbəkəsinin altı Şərqi tərəfdaşlıq ölkəsindən olan nümayəndələrini bir araya gətirmək və onları COVID-19 pandemiyasının idarə edilməsi ilə bağlı yeni texnoloji həllərlə, onların hazırlanmasında elektron səhiyyənin əhəmiyyəti və pandemiya ilə mübarizə üzrə digər tədbirlərlə tanış etməkdir.

Tədbirin ilk hissəsində Avropa Komissiyasını təmsil edən iki məruzəçi Maykl Svirts (Siyasət üzrə məsul işçi, Elektron səhiyyə, DG CNECT-də Well-Being və Ageing üzrə məsləhətçi və DG SANTE-də Avropa İstinad Şəbəkələri və Rəqəmsal Səhiyyə üzrə rəhbər Konstantin Hypponen Rəqəmsal Yaşıl Sertifikat üzrə işlərini təqdim ediblər.

Rəqəmsal Yaşıl Sertifikat, sertifikatı verməyə cavabdeh olan üzv dövlətlər ilə birgə COVID-19 pandemiyası dövründə vətəndaşların Aİ daxilində təhlükəsiz sərbəst hərəkətini asanlaşdırmağı nəzərdə tutur. Məsələn, xəstəxanalar, test mərkəzləri və ya səhiyyə ocaqları tərəfindən verilə bilər. Sertifikatın rəqəmsal versiyası mobil cihazda əlçatan olacaq, lakin vətəndaşlar ehtiyac olduqda kağız versiyasını da tələb edə bilərlər. Hər ikisində əsas məlumatları ehtiva edən QR kod və sertifikatın həqiqiliyinə əmin olmaq üçün rəqəmsal möhür olacaq. Avropa Komissiyası, Rəqəmsal Yaşıl Sertifikatın aşağıdakılar üçün sərbəst hərəkəti asanlaşdırdığını izah edib:

  • COVID-19 virusuna qarşı peyvənd olunan şəxslər,
  • testin cavabı neqativ olan şəxslər və ya
  • COVID-19 virusuna yoluxaraq sağalan şəxslər.

Gələcəkdə Avropa Komissiyası Rəqəmsal Yaşıl Sertifikatın təsdiqlənməsini asanlaşdıracaq rəqəmsal infrastrukturun qurulmasını planlaşdırır. 2021-ci ilin yayına qədər Aİ-yə üzv olan bütün dövlətlərdə sertifikatların tam fəaliyyət göstərməsi gözlənilir.

Tədbirin ikinci hissəsində EU4Digital Proqramın Elektron səhiyyə şəbəkəsinin nümayəndələri Aİ-nin COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri, peyvənd prosesini dəstəkləmə təcrübəsi və elektron səhiyyənin rolu barədə təqdimatla çıxış ediblər. COVID-19 virusuna qarşı mübarizə tədbirlərini istiqamətləndirmək üçün Avropa Komissiyası COVID-19 virusuna qarşı peyvəndlərin hazırlanmasını, istehsalını və yerləşdirilməsini sürətləndirmək məqsədilə keçən ilin iyun ayında Aİ-nin Peyvənd Strategiyasını təqdim edib. Virusa qarşı dörd peyvənd Aİ-də istifadə üçün təsdiq edilmişdir. Avropa Komissiyası tərəfindən 2021-ci ilin yayına qədər peyvənd olunacaq yetkin əhalinin azı 70%-i üçün peyvəndləmə üzrə hədəflərə çatmaq üçün peyvənd kampaniyalarının təsirli və səmərəli şəkildə aparılması tələb olunur. Elektron səhiyyə şəbəkəsinin nümayəndələri həmçinin Avropa ölkələrinin peyvəndlərin çatdırılması və vurulması ilə bağlı problemləri necə həll etdiyinə dair bir neçə nümunə təqdim ediblər. Məsələn, bəzi Aİ ölkələri kütləvi peyvəndləmə prosesinin ümumimilikdə idarə olunması məqsədilə İT platformaları təqdim etmiş, digərləri isə peyvəndlərin tətbiqi/qeydiyyat sistemlərini işləyib hazırlayıblar.

Tədbirin sonunda altı Şərqi tərəfdaşlıq ölkəsinin nümayəndələri COVID-19 ilə mübarizə və peyvəndləmə prosesinin dəstəklənməsi metodlarını bölüşməyə dəvət ediliblər.

Ukrayna təmsilçiləri elektron səhiyyə sahəsində bir sıra uğurlu texnoloji həllər üzərində gördükləri işləri, o cümlədən Elektron Sağlamlıq Kartlarına (EHR) əsaslanan eBaby elektron doğum sertifikatı, İmmunizasiya üzrə Elektron Sağlamlıq Kartları (EHR immunizasiya), EHR (PHC COVID hesabatı) və İnteqrasiya Olunmuş Xəstəliklər Nəzarət Sisteminə (EIDSS) əsaslanan COVİD-19 ilə bağlı hesabatları ictimai səhiyyə mərkəzinə təqdim ediblər. 

Gürcüstanlı nümayəndələr bütün ölkədə peyvəndləmə proseslərini davamlı izləyən kompleks immunizasiya sistemi haqqında məlumat veriblər. Pandemiya zamanı, həmin sistem COVID-19 virusuna qarşı peyvəndləmə və müayinələrə dəstək daxil olmaqla COVID-19 infeksiyasının müalicəsinə dəstək vermək məqsədilə təkmilləşdirilib.

Moldova Respublikasının nümayəndələri COVID-19 infeksiyasının müalicəsini dəstəkləyən elektron vasitələrdən tutmuş, peyvəndləmə sertifikatları və peyvənd anbarlarının idarə edilməsi üzrə məlumat sistemlərinə və digər sahələrə qədər müxtəlif sahələrdə qazandıqları uğurları bölüşüblər.

Daha çox öyrən

Elektron səhiyyə şəbəkəsi, Avropa Komissiyası və Avropanın fərdi mütəxəssisləri ÜST-nin Ağıllı Peyvəndləmə Sertifikatları üzrə Ekspert Qrupunda fəal iştirak edirlər.