EU4Digital proqramının elektron ticarət üzrə məsləhət mərkəzi təsis edilib. Mərkəzdə Şərq Tərəfdaşlığı ölkələrində fəaliyyət göstərən kiçik və orta müəssisələrə (KOB-lar) elektron satış platformalarında qeydiyyatdan keçməyə və məhsullarını satışa çıxarmağa imkan verəcək təlim sessiyaları keçiriləcək. Mərkəzin əsas məqsədi ŞT-də KOB-ların sayını artırmaq və Aİ ilə ŞT arasında elektron ticarətin həcmini 50% artırmağa kömək etməkdir. 16 mart 2023-cü il tarixində proqramın Elektron ticarət üzrə komandası Elektron ticarət üzrə məsləhət mərkəzini açaraq ilk təlim sessiyasını təşkil edib.
Şərq Tərəfdaşlığı regionu Aİ bazarları ilə əlaqələr qurmağa çalışır. ŞT-də fəaliyyət göstərən KOB-ların Aİ-də məhsullarını satışa çıxara bilməsi üçün onlar ilk növbədə beynəlxalq alış-veriş platformalarında satışla məşğul olmağı bacarmalıdırlar. Lakin, belə platformalara daxil olmaq və biznesi genişləndirmək üçün resurslar, araşdırmalar və təhlillər tələb olunur. Bunun üçün KOB-lar məhsullarını münasib ticarət platformalarına uyğunlaşdırmağı, orada qeydiyyatdan keçməyi, məhsul siyahısı yaratmağı və satışları artırmaq üçün ən uğurlu marketinq üsullarından istifadə etməyi öyrənməlidirlər.
EU4Digital proqramının II mərhələsindəki Elektron kommersiya üzrə sürətləndiricinin fəaliyyəti ŞT KOB-larının Aİ-dəki elektron ticarət platformalarında onlayn satışları artırmaq qabiliyyətlərinin sınaqdan keçirilməsinə yönəlib. EU4Digital proqramı Aİ-dəki istehlakçıları əhatə etmək üçün mövcud Aİ bazarlarından vasitə kimi istifadə edərək rəqəmsal ticarəti asanlaşdırmağı planlaşdırır. Bəzi ŞT KOB-ları artıq yerli və beynəlxalq səviyyədə onlayn ticarətdə təcrübəyə malikdirlər, digərləri isə sadəcə olaraq elektron ticarət kanallarını sınamağa qərar veriblər. Buna görə də, EU4Digital iki elementdən ibarət konsepsiya hazırlayıb. Birinci hissə milli pavilyon hesabının yaradılmasıdır ki, bu da daha az təcrübəli KOB-ların bir və ya bir neçə bazarda vahid milli hesab vasitəsilə məhsul satmasını asanlaşdırır. İkinci hissədə isə EU4Digital daha təcrübəli KOB-lar üçün Elektron ticarət üzrə məsləhət mərkəzi yaradıb. Mərkəz qeydiyyat və vergilərlə bağlı məsələlərdən tutmuş reklam kampaniyası strategiyalarına, məhsulun yerləşdirilməsinə və s. mövzuları əhatə edən bir sıra kollektiv təlim və fərdi məsləhətlər təklif edir. Yaxın günlərdə milli pavilyon hesabının sınaqdan keçirilməsinə başlanacaq. Təcrübəli şirkətlər üçün təlim və məsləhət xidməti artıq göstərilir.
Günümüzdə Amazon və eBay kimi nəhəng elektron ticarət platformaları haqqında məlumatı olmayan şəxs yoxdur. Bu platformaların ən böyük istifadəçi kütləsi Aİ-də yerləşir. Görəsən, bir çox insan bəzi məhsulların bu platformalarda satışa çıxarılmasının münasib olmadığını və Aİ-də yerləşən daha kiçik elektron ticarət platformalarında daha çox populyarlıq qazana biləcəyini haradan bilir? Bu məqsədlə Elektron ticarət üzrə məsləhət mərkəzinin Avropalı ekspertlərdən ibarət komandası hamının tanıdığı böyük satış platformaları ilə yanaşı, Etsy, Zalando, Pigu.lt, Allegro, OTTO, Bol və Kaufland kimi az tanınmış alış-veriş saytları haqqında da məsləhətlərini bölüşəcəklər.
Elektron ticarət üzrə məsləhət mərkəzinin şirkətlərin elektron ticarət sahəsində məqsədlərinə nail olmasında (yəni satış platformalarında qeydiyyatdan keçmək, məhsullarını Aİ müştərilərinə satmaq və ümumilikdə satışları artırmaq) köməyini sübut etmək üçün ŞT-də fəaliyyət göstərən 30 KOB-a təlimlər keçiriləcək və məsləhətlər veriləcək. Uğurlu nəticələr əldə olunduqdan sonra, EU4Digital proqramı daha çox KOB-u dəstəkləmək üçün tövsiyələr hazırlayacaq.
Martın 16-da təşkil olunan tədbirdə mərkəzin fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verilib. Ardınca ilk təlim baş tutub. Təlimdə satış platformaları barədə ətraflı fikir mübadiləsi aparılıb, hansı məhsulların hansı platformalarda satışa çıxarılmasının daha münasib olması, qeydiyyat prosedurları, ödəniş üsulları, xüsusi funksiyalar və digər mövzular geniş əhatə olunub. Təlim sessiyasından sonra isə iştirakçı şirkətlərin nümayəndələri onların maraq dairəsində olan məsələlərlə bağlı fərdi konsultasiyalar üçün qeydiyyatdan keçiblər.
Əlavə məlumat
EU4Digital proqramının elektron kommersiya üzrə sürətləndiricisi və onun ŞT regionunda elektron ticarət sahəsinə hansı töhfələri verə biləcəyi haqqında daha ətraflı oxuyun.