2021-ci il sentyabrın 30-da EU4Digital təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflərin iştirakı ilə istehsalat sahəsində fəaliyyət göstərən KOB-ların I4MS İKT və innovasiyalar təşəbbüsünə qoşulmasına dəstək olmaq üçün virtual tədbir təşkil edib.
Sessiya iştirakçıları istehsalat sahəsində fəaliyyət göstərən KOB-ların və orta ölçülü şirkətlərin rəqəmsallaşdırılmasını dəstəkləyən Avropa təşəbbüsü olan I4MS ilə praktik söhbətə dəvət olunublar. Sözügedən təşəbbüs EU4Digital proqramının Rəqəmsal innovasiya mərkəzləri mövzusunda daha əvvəl təşkil olunan şəbəkə tədbirində təqdim olunub. Maraqlı tərəflərə I4MS təşəbbüsünə qoşulması və xüsusi xidmətlərin istifadəsi ilə bağlı məsləhətlər verilib.
Məsləhətləşmələr Şərq Tərəfdaşlığı ölkələrindən seçilmiş təşkilatların nümayəndələri ilə keçirilib. Buraya biznes assosiasiyaları və potensial olaraq yerli istehsal sahəsini təmsil edən KOB-lara dəstək verə biləcək xüsusi texnoloji təcrübəyə malik mükəmməllik mərkəzləri daxildir. Məsləhətləşmələrdə tərəfdaş ölkələrdən 20-yə yaxın təşkilat iştirak edib.
Virtual turun açılışını EU4Digital Proqramının köməkçi qrup rəhbəri Ruta Salvite-Tamosiyuniyen və EU4Digital proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobol edib. Funding Box şirkətində aparıcı layihə rəhbəri Mariya Roka I4MS-in Avropanın istehsal sektorunun rəqəmsal transformasiyasının sürətləndirilməsinə verdiyi töhfə mövzusunda çıxış edərək I4MS onlayn icmasına virtual tura rəhbərlik edib. Bu icma rəqəmsallaşdırma və dərin texnologiyalar sahəsində 1 500-dən artıq sahibkar və eksperti əlaqələndirir.
Tədbirdə bu sahədə məşğul olan “EU4Digital Ağıllı Sənaye İcmasının” işə başladığı qeyd olunub. Bu icma ŞT-dən olan maraqlı tərəflərə KOB-ların rəqəmsal transformasiyası məqsədilə təcrübə mübadiləsi üçün şəbəkə yaratmağa kömək edəcək. Bundan sonra Şərq Tərəfdaşlığı ölkələrindən olan təşkilatlar və ekspertlər öz tədbirlərini, layihələrini və təşkilatlarını qurulmuş cəmiyyət daxilində təbliğ edə və istənilən iştirakçı ilə əlaqə saxlaya biləcəklər. Tədbirdə həmçinin I4MS-ə qoşulan ilk təşkilatların adları çəkilib. Ukrayna Sənaye Avtomatlaşdırma Birliyi (APPAU) və Ukraynadakı 4-cü Sənaye İnqilabı Platforması, Gürcüstan İKT Klasteri, Gürcüstan İnnovasiya və Texnologiya Agentliyi, Belarus Robot texnologiyası və Süni intellekt assosiasiyası və digərləri buraya aiddir. Ekspertlər və KOB-ların rəqəmsallaşmasını dəstəkləmək istəyən təşkilatların nümayəndələri EU4Digital Ağıllı Sənaye İcmasına pulsuz qoşula bilərlər.
Daha sonra “Mobile World Capital Barcelona” fondunda Aİ layihələri üzrə koordinator Marta Portales vasitəçilik sistemini təqdim edib. O, layihə qəbulunun başlandığını elan edərək təlim imkanları haqqında da danışıb. Xanım Portales Ermənistan, Moldova, Gürcüstan və Ukraynada (Horizon 2020 ölkələri) fəaliyyət göstərən istehsalat sahəsini təmsil edən KOB-ların yeni Dördüncü sənaye inqilabı üzrə texnologiyaları sınaqdan keçirmək üçün broker sistemi vasitəsilə maliyyə resurslarına çıxış əldə etmək imkanlarına, eləcə də ŞT ölkəsindən olan istənilən KOB-ların müvafiq innovasiyalar və texnologiyaların tətbiqi üzrə layihələrin nümayəndələri ilə əlaqə qura biləcəklərinə toxunub. KOB-lar həmçinin işçilərinin bacarıqlarını artırmaq üçün təlimlərə çıxış əldə edə biləcəklər. Bu da çox vacib məsələdir, çünki ŞT-dən olan iştirakçılar kadr hazırlığının ölkələrində KOB-ların rəqəmsallaşdırılmasında ən ciddi problemlərdən biri olduğunu qeyd ediblər.
Tədbirin sonunda FundingBox-da layihə menecerinin müavini İrina Frijoi texnologiyaların inkişafı və KOB-larn rəqəmsallaşdırılması üçün milli səviyyədə maraqlı tərəflərlə maliyyələşdirmə imkanları haqqında ən uyğun məlumatları yaymağa imkan verən I4MS Şəbəkəsinin Əlaqə Mərkəzlərindən biri olma prosesini izah edib. Bundan əlavə, APPAU-nun rəhbəri Aleksandr Yurçak Ukraynada I4MS şəbəkəsinin əlaqə mərkəzi olaraq öz təcrübəsini bölüşüb və biznes və texnologiyaların inkişafı üçün rəqəmsallaşma ilə bağlı ixtisaslaşmış alt icmalara rəhbərlik edən mütəxəssislərin əhəmiyyətini vurğulayıb.
Ümumilikdə Şərq Tərəfdaşlığından olan maraqlı tərəflər öz ölkələrində KOB-ların rəqəmsallaşmasını dəstəkləmək üçün təbliğat aparmaq və regional ekspert cəmiyyətinin inkişafı üçün I4MS-nin praktiki vasitələrindən istifadə etməyə və EU4Digital Ağıllı Sənaye İcmasına qoşulmağa dəvət ediliblər.
I4MS şəbəkəsinin fəaliyyəti, iştirak imkanları və seçim kriteriyaları haqqında məlumatı buradan tapmaq olar.
***
İKT və innovsiyalar şəbəkəsinin təbliğat tədbirləri İKT-nin innovativ inkişafı mövzusunda şəbəkələşmə tədbirlərinin məqsədi İKT-nin innovativ inkişafına dair seçilmiş siyasət sahələrində ŞT icmalarının təsis edilməsinə şəraitin yaradılmasıdır. Regionda şəbəkələrin qurulması ilə yanaşı, tədbirlərin məqsədi gələcəkdə davamlı ortaq fəaliyyət və layihələrin həyata keçirilməsi üçün Şərqi tərəfdaşlıq ölkələrində olan təşkilatlar ilə Aİ-də olan maraqlı tərəflər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasıdır. Bu səylər Aİ-nin qabaqcıl təcrübələrinin regiondakı maraqlı tərəflər tərəfindən bütövlüklə və daha dərindən anlaşılmasına yönəlmişdir. Beləliklə, silsilə tədbirlər nazirliklərin nümayəndələri və dövlət orqanları səviyyəsində, assosiasiyalar və müvafiq siyasət sahələrini əhatə edən şəbəkələr, İKT infrastrukturunda çalışan təşkilatlar və İKT innovasiyalar ekosistemindəki digər iştirakçılar daxil olmaqla geniş bir auditoriyanı əhatə etməyi qarşısına məqsəd qoyub.