Sürətlə böyüyən nəqliyyat və transsərhəd fəaliyyətlərinin olduğu getdikcə qloballaşan dünyada, sərhədin hər iki tərəfində nəzarəti həyata keçirən gömrük orqanları arasında əməkdaşlıq və məlumat mübadiləsi qanuni ticarətin inkişafında mühüm rol oynayır. Ölkələrin gömrük orqanları arasında səmərəli əməkdaşlıq və məlumat mübadiləsinin avtomatlaşdırılması cari dövrdə daha böyük əhəmiyyət daşıyır.
Avropa İttifaqı və Şərqi tərəfdaş ölkələri arasında 31 sərhəd-keçid məntəqəsi mövcuddur. 2018-ci ildə 1,62 milyon yük avtomobili Şərqi tərəfdaş ölkələrindən Aİ ərazisinə, 1,8 milyon yük avtomobili isə əks istiqamətdə hərəkət etmişdir. Orta hesabla bir sərhəd-keçid məntəqəsi (SKM) ay ərzində hər iki istiqamət üzrə hərəkət edən təqribən 10000 yük avtomobilinə xidmət göstərir.
İri həcmli tranzit daşımaların olduğu sərhəd-keçid məntəqələrində xidmət göstərilən kommersiya xarakterli yük maşınlarının sayı lap çoxdur. Məsələn, Belarus və Litva arasındakı sərhəd-keçid məntəqəsi, regionda Aİ ərazisinə keçidin mövcud olduğu və ən gur ticarət nəqliyyatı axınının müşahidə olunduğu sərhəd-keçid məntəqəsidir. 2019-cu ildə gündəlik olaraq (dörd SKM vasitəsilə) hər iki istiqamətdə orta hesabla 1700 yük maşınına xidmət göstərilib. Polşa və Ukrayna arasındakı səkkiz sərhəd-keçid məntəqəsində də eyni həcmdə nəqliyyat axını (gündə orta hesabla 1900 yük maşını) müşahidə olunur. Bəzi hallarda Belarus və Litva arasında sərhəd-keçid məntəqələrində müşahidə olunan növbələr 14-16 km-ə qədər uzana bilər və sərhədi keçmək üçün iki gündən dörd günə qədər vaxt tələb oluna bilər. Bu maneələr malların gec çatdırılması ilə yanaşı, regionlar arasında işləyən müəssisələr üçün mənfəət itkisinə səbəb olur.
Uzun növbələr və təhlükəsizliyin qeyri-səmərəli idarə edilməsi
Sərhəddə uzun növbələr və gözləmələrdən başqa, lazımi dərəcədə rabitənin olmaması və məlumatın vaxtlı-vaxtında alınmaması diqqət tələb edən problemlərdəndir. Bu, əmniyyət və təhlükəsizlik risklərinin qeyri-səmərəli şəkildə idarə edilməsi ilə nəticələnir. Həm Şərq qonşuluğu regionunda, həm də Aİ-də qanuni ticarəti asanlaşdırmaqla yanaşı, təhlükəsizlik ilə bağlı riskləri idarə etmək, gömrük nəzarəti xidmətini istiqamətləndirmək və regionun maliyyə və iqtisadi maraqlarını qorumaq üçün etibarlı real zamana uyğun məlumatlara ehtiyacın olduğu açıq-aydın görünür.
Günümüzdə rəqəmsal məzmunlar, gəlişdən əvvəl məlumat mübadiləsi sistemləri, yaxud SKM-lərdə nəqliyyat axınını proqnozlaşdıran vasitələr kimi funksiyaların tətbiqi ilə gömrük prosedurlarını optimallaşdırmağa və avtomatlaşdırmağa imkan verən rəqəmsal həllərə ehtiyac həmişəkindən daha böyükdür. Buna baxmayaraq, belə bir rəqəmsal həll hələlik istifadə edilmir və Şərqi tərəfdaş ölkələri arasında mövcud məlumat mübadiləsi hal-hazırda yalnız qarşılıqlı inzibati yardım və/və ya ikitərəfli razılaşmalar kontekstində həyata keçirilir.
Aİ-nin xarici sərhədlərində məlumat mübadiləsi məhduddur, hər hansı quruluşa malik deyil və əsasən müraciət əsasında icra olunur. Bununla belə, bu yaxınlarda üçüncü ölkələr ilə gömrük sahəsində məlumat mübadiləsinə dair müzakirələrə başlamağa dair təşəbbüs irəli sürülmüşdür. Müvafiq olaraq Aİ və Belarus arasında gömrük sahəsinə dair dialoqlar üzrə işçi qrupu yaradılıb və məqsədi bu tərəflər arasında məlumat mübadiləsi ilə bağlı problemləri aradan qaldırmaqdır.
Qərbi Balkanlarda optimallaşdırılmış və avtomatlaşdırılmış gömrük məlumat sisteminin faydalı nümunəsi tətbiq edilmişdir. Məlumatların ardıcıl elektron mübadiləsi sisteminin (SEED) regionun altı ölkəsi arasında tətbiqi, ardıcıl və avtomatik gəliş öncəsi məlumat mübadiləsinin qurulmasına kömək etmişdir və bununla da regional əməkdaşlığın yaxşılaşdırılmasına və daha yaxşı hüquq-mühafizə xidmətinin təşkilinə şərait yaratmışdır. Sözügedən sistemin icrası Aİ tərəfindən maliyyələşdirilmişdir.
Şərqi tərəfdaş ölkələri üçün qabaqcıl rəqəmsal həllərin sınaqdan keçirilməsi
EU4Digital proqramı, elektron ticarət və elektron gömrük sahələrini dəstəkləyən fəaliyyətləri çərçivəsində gömrük məlumat mübadiləsi mexanizmlərini sınaqdan keçirməyi planlaşdırır. Şərqi tərəfdaş ölkələri, eləcə də tərəfdaş ölkələri və Aİ arasında bir neçə hədəf qrupları ilə qabaqcıl rəqəmsal həllər sınaqdan keçiriləcək. Zəruri hüquqi bazanın mövcud olmamasına baxmayaraq, məlumat mübadiləsi üzrə qabaqcıl rəqəmsal həllərin sınaqdan keçirilməsi və potensial faydaların müəyyənləşdirilməsi mümkündür. Bundan əlavə, bu rəqəmsal həllərin tam tətbiq edilməsi üçün zəruri hüquqi, texniki və təşkilati dəyişiklikləri və tövsiyələri müəyyənləşdirməyə imkan verəcək.
Elektron gömrük fəaliyyətinin məqsədi, vaxtlı-vaxtında gömrüklər arasında məlumat mübadiləsinə şərait yaratmaq və malların buraxılış vaxtında təkmilləşdirilməsi kimi nəticələrin nümayiş etdirilməsidir. Bu məqsədlərə nail olmaq üçün Elektron gömrük üzrə pilot fəaliyyət iki qonşu ölkədə ticarət üçün ən yüksək əhəmiyyətə malik transsərhəd gömrük idarələri arasında mərkəzləşdiriləcək.
Seçilmiş pilot həllər üçün bəzi hazırlıq fəaliyyətləri artıq həyata keçirilmişdir və onlara daxildir:
• gəlişdən əvvəl məlumat mübadiləsi sisteminin mövcud alternativlərinin təhlili;
• Avropa Komissiyası tərəfindən irəli sürülmüş ölkələr daxil olmaqla, tərəfdaş ölkələrdə bu sahədə görülən işlərin cari vəziyyətinin təhlili;
• pilot fəaliyyət ərzində mübadilə ediləcək prioritet məlumatların siyahısı;
• pilot ölkələr üçün pilot planının hazırlanması, habelə pilot fəaliyyətlər üçün mütəxəssislərin təklif olunması kimi tədbirlər.
Mövcud rəqəmsal həllərin təhlilini həyata keçirdikdən sonra, məlumatların ardıcıl elektron mübadiləsi sistemi (SEED) sübut olunmuş təhlükəsizlik və məlumat standartlarına, regionda mövcud milli sistemlərə asanlıqla uyğunlaşmasına və funksionallığı və məlumat dəstlərinin mübadiləsi baxımından ən əlverişli seçim hesab edilmişdir.
Səmərəli sistem: Qərbi Balkanların nümunəsi
Qərbi Balkanlarda icra olunan layihənin əsas məqsədi, gəlişdən əvvəl məlumatların mübadiləsi üzrə məlumatların ardıcıl elektron mübadiləsi sisteminin (SEED) tətbiqində Gömrük orqanlarına dəstək verməkdir. SEED sisteminin tətbiqi ilə regiondakı gömrük orqanları İT və risklərin təhlili üzrə inzibati bacarıqlarını və gəlirləri artırmaqla yanaşı, hazırda regional əməkdaşlığı inkişaf etdirməklə qanunsuz ticarətlə mübarizə aparırlar. Sözügedən sistem sayəsində aşağıdakı pozuntular və saxtakarlıqlarla mübarizə aparmaq və ya aradan qaldırmaq mümkündür:
• lazımi dərəcədə qiymətləndirilməmə (qaimələrin mübadiləsi / giriş zamanı gömrük dəyərinin azaldılması);
• yüklənmiş yük maşınlarının çıxmasının saxta təsdiqi (ƏDV-nin geri qaytarılması ilə əlaqədar pozuntular);
• ATA karnetinin (düzgün olmayan) istifadəsi ilə bağlı qanunauyğunsuzluqlar.
Qərbi Balkanlarda SEED layihəsinin növbəti mərhələsində benefisiarlar arasında ticarət axınlarına uyğun gəlişdən əvvəl məlumat mübadiləsi sisteminin başa çatdırılması planlaşdırılır. Bu isə o deməkdir ki, gömrük orqanlarından əlavə, SEED+ sistemində regional elektron məlumat mübadiləsinə, həm FBM orqanları (fitosanitar və baytarlıq müfəttişləri), həm də dərman vasitələri üzrə idarələr daxil ediləcəkdir. Bu, sərhəd-keçid məntəqələrində prosedurları və rəsmiləşdirilməni asanlaşdırmaq və sürətləndirmək üçün əvvəlcədən sertifikatlar və digər müvafiq sənədlərin mübadiləsinə imkan verir.
Belarus və Litva arasında pilot layihənin icrasına başlanılıb
Təklif olunan pilot ölkələrin nəzərdən keçirilməsindən sonra, Avropa Komissiyası, Belarus və Litvanı Aİ və Şərqi tərəfdaş ölkələr arasında gömrük məlumat mübadiləsi üzrə pilot layihənin icra olunacağı pilot ölkələr olaraq təsdiqləmişdir. Nəticə etibarı ilə pilot layihədə iştirak etmək istəyi və hazırlığı barədə təsdiqlənmiş sənədlər qəbul edilmişdir və pilot ölkələrin ilk işçi görüşü təşkil edilmişdir.
EU4Digital təşəbbüsünün Elektron gömrük şəbəkəsinin mütəxəssisləri və pilot ölkələrin mütəxəssisləri arasında ilk işçi görüşü 27 fevral 2020-ci ildə Litvanın Vilnüs şəhərində baş tutdu. Görüş zamanı seçilmiş rəqəmsal həll (SEED) və onun funksiyaları barədə ümumi məlumat təqdim edildi və iştirakçılar SEED sisteminin canlı nümayişini görmək imkanı əldə etdilər. Görüşdə həmçinin mübadiləsi mümkün olan məlumatlarla bağlı müzakirələrə başlanıldı.
Fevralın 28-də Vilnüsə səfərləri çərçivəsində SEED sisteminin mütəxəssisləri həmçinin mövcud gömrük sistemlərinin və infrastrukturun tətbiq olunduğu Medininkay sərhəd-keçid məntəqəsinə baş çəkiblər.
Martın 23-də pilot ölkələrin nümayəndələrindən ibarət işçi qrupunun ikinci görüşünün (video konfrans) keçirilməsi planlaşdırılır. Görüşün məqsədi pilot qaydada sınaqdan keçiriləcək potensial funksiyalar barədə razılığa gəlmək, həmçinin texniki tələblər, proqram təminatı üzrə platforma və s. kimi daha çox texniki detalları müzakirə etməkdir.
Belarus-Litva sərhəddində icra ediləcək pilot layihədə məlumat mübadiləsi sisteminin sərhəd-keçid məntəqələrində sürətli hərəkətin təmin edilməsinə təsiri, o cümlədən təhlükəsizlik risklərinin idarə edilməsi sınaqdan keçiriləcək. Pilot layihədə həmçinin təşkilati, hüquqi və texniki sahələrdə qalan və aradan qaldırılması tələb olunan maneələrin müəyyənləşdirilməsinə kömək etmək planlaşdırılır.
Pilot qaydada tətbiq olunan sistemin gələcəkdə Aİ və Şərqi tərəfdaş ölkələri arasındakı digər sərhəd-keçid məntəqələrində elektron ticarəti asanlaşdırmaq məqsədilə təkrar tətbiq oluna biləcəyi və tam şəkildə çalışan sistemə çevriləcəyi gözlənilir.