EU4Digital investisiyalarda boşluqlar və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən startapların maliyyəyə çıxışı mövzusunda tərəfdaş ölkələrdən olan maraqlı tərəflərlə onlayn məsləhətləşmələr keçirib

  • Tarix: 14/07/20
  • Paylaş:

2020-ci il iyun ayının əvvəlində EU4Digital təşəbbüsü Şərqi tərəfdaş ölkələrindən olan maraqlı tərəflər ilə “Şərqi tərəfdaş ölkələrində rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüs üzrə bazarın qiymətləndirilməsi (DISC)” tədqiqatı çərçivəsində çoxlu sayda onlayn məsləhətləşmələr keçirib.

Tədqiqatın məqsədi yüksək texnologiyalar sahəsində çalışan startapların maliyyələşməsindəki boşluqları müəyyən etmək və maliyyə dəstəyi mexanizmi və əlaqəli dəstək proqramları üzrə  yüksək səviyyəli tövsiyələr hazırlamaqdır. Sözügedən tədqiqat əvvəlcə Mərkəzi, Şərqi və Cənubi Şərqi Avropada icra olunmağa başlayan DISC təşəbbüsündən ilhamlanmışdır. Məsləhətləşmələr həmçinin tədqiqatın nəticələrini təqdim etmək, əsas tövsiyələri təsdiqləmək və onları yerli kontekstə uyğunlaşdırmaq üçün təşkil edilmişdir.

Bu müzakirələrdə aşağıdakılar daxil olmaqla çoxlu sayda maraqlı tərəflər iştirak etmişdir:

  • investorlar, startaplar və müxtəlif korporativ iştirakçılar;
  • dəstək təşkilatları, o cümlədən texnoloji parklar və akseleratorlar;
  • universitetlər;
  • yerli və beynəlxalq innovasiya agentlikləri, qurumlar və proqramlar.

Əsas tədqiqat mövzularına DISC təşəbbüsünün layihəsi çərçivəsində region üzrə maliyyə dəstəyi vasitələri və əlaqəli proqramlar daxil edilmişdir.  Xüsusilə, hər bir ölkə üçün maliyyələşdirmə səylərinin ardıcıllığı, hədəf maliyyələşdirmə mərhələləri və texnoloji seqmentlər müzakirə edilib. Komanda, həmçinin beynəlxalq akselerasiya proqramı üçün təklif olunan maliyyə alətləri, qrant proqramları və potensial bacarıqların artırılmasına dair təşəbbüslərini təqdim edib. Məsləhətləşmələrin sonunda ekosistemin dəstəklənməsi ilə bağlı daha geniş potensial variantlar və hüquqi və vergi mühitində mümkün təkmilləşmələr tərtib edilib.

Maraqlı tərəflər tədqiqat qrupuna dəyərli töhfələr verib. Mövcud ümumi regional boşluqlara (ən böyük boşluqlar maliyyələşmədən əvvəlki mərhələdə və ilkin maliyyələşmə mərhələsindədir) baxmayaraq, altı ölkənin yerli bazarları müxtəlif inkişaf mərhələsindədir və özəl investisiya və ya dövlət dəstəyi proqramlarına eyni səviyyədə çıxış imkanına malik deyillər. Regiondakı beynəlxalq investorların maraqları da fərqlənir. Bununla belə, bütün milli bazarların ilkin inkişaf mərhələsində olduğu və bazarın böyüməsini və genişlənməsini stimullaşdırmaq üçün daha çox hədəfli maliyyə dəstəyi alətlərinə və əlaqəli proqramlara ehtiyac olduğu qənaətinə gəlinib. Bu məsləhətləşmələr zamanı hazırlanmış və təsdiqlənmiş regional tədqiqatın əsas nəticələri yerli bazarların ehtiyaclarını daha yaxşı həll etməyə və bölgədə maliyyə dəstəyi alətləri və əlaqəli proqramlar hazırlamaq üçün Avropa Komissiyasına planlarını tənzimləməyə kömək edəcək.