EU4Digital Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların yaradılmasına dair regional təlim keçirib

  • Tarix: 21/07/20
  • Paylaş:

EU4Digital proqramı 2020-ci il iyul ayının 13-də Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların yaradılması və idarə edilməsi mövzusunda virtual təlim təşkil edib.

Təlimin məqsədi iştirakçıları milli koalisiyaların yaradılması və idarə edilməsində Aİ-nin qabaqcıl təcrübələri ilə tanış etmək, eləcə də Şərqi tərəfdaş ölkələrində Milli koalisiyaların yaradılması ilə bağlı tövsiyə və prinsipləri müzakirə etməkdir. Təlimə bütün altı Şərqi tərəfdaş ölkəsindən 30-dan artıq iştirakçı qatılıb və dövlət qurumları, QHT-lər və özəl sektor daxil olmaqla müxtəlif maraqlı tərəfləri təmsil ediblər.

Təlim dörd əsas fəaliyyət sahəsində Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların rolunu əhatə etmişdir:

  • hər kəs üçün rəqəmsal bacarıqlar;
  • işçi qüvvəsi üçün rəqəmsal bacarıqlar;
  • İKT mütəxəssisləri üçün rəqəmsal bacarıqlar;
  • təhsildə rəqəmsal bacarıqlar.

Tədbir zamanı Latviya, Litva və İrlandiyada milli koalisiyaların yaradılması və idarə edilməsi ilə bağlı təcrübələr nəzərdən keçirilmişdir.  Təlimdə Meri Klir (İrlandiya Milli Rəqəmsal Bacarıqlar və Məşğulluq Koalisiyası, İrlandiya Kompüter Cəmiyyəti), Loreta Krizniauskin (Langas į ateitį assosiasiyası, Litva Milli Rəqəmsal Koalisiyası) və EU4Digital proqramının ekspertləri çıxış ediblər. Təlim, Şərqi tərəfdaş ölkələrinin hər birində Milli Koalisiyalarının yaradılması və fəaliyyətinə dair vəziyyət, prioritetlər və problemlər barədə müzakirə ilə başa çatıb.

Şərqi tərəfdaş ölkələrindən olan iştirakçılar koalisiyaların idarə edilməsi və bu prosesdəki əsas addımlar haqqında məlumatları yaxşı qarşıladıqlarını və bu cür təlimlərin hər bir ölkədə rəqəmsal bacarıqların inkişafını uyğunlaşdırmaq üçün əməkdaşlığın gücləndirilməsinə səbəb olacağına ümid etdiklərini bildiriblər.

“Koalisiyanın düzgün qurulması (strukturu, hədəflərin təyin edilməsi, fəaliyyət planı), əsas hədəfə dəyər verəcək müxtəlif sahələrdə olan bütün lazımi iştirakçıların müəyyənləşdirilməsi və cəlb olunması, eyni zamanda hər bir üzvün məsuliyyətinin, gözləntilərinin, ən əsası da prioritetlərin dəqiq müəyyənləşdirilməsi olduqca vacibdir”. Bunu iştirakçılardan biri deyib.

Hal-hazırda iki tərəfdaş ölkədə – Ermənistan (2017-ci ildə) və Ukraynada (2019-cu ildə) milli koalisiyalar yaradılıb və digər Şərqi tərəfdaş ölkələrində bu cür koalisiyaların yaradılması ilə bağlı müzakirələr davam edir. Sözügedən təlim EU4Digital proqramının fəaliyyətləri çərçivəsində keçirilir və buraya rəqəmsal bacarıqlar mövzusunda Aİ və Şərqi tərəfdaş ölkələri arasında ən yaxşı təcrübə mübadiləsini dəstəkləmək üçün bir sıra təlimlər, konfranslar və səfərlər daxildir. Rəqəmsal bacarıqlar şəbəkəsi 2020-ci il aprelin 29-da keçirilən seminar zamanı təlimlərin prioritetlərini müəyyən etmişdir. EU4Digital təşəbbüsünün Rəqəmsal bacarıqlar şəbəkəsi Şərqi tərəfdaş ölkələri arasında və Aİ ilə qabaqcıl təcrübə mübadiləsi üçün platforma rolunu oynayaraq sinerjilərin və birgə uyğunlaşdırma layihələrinin hazırlanması ilə bağlı ideyaları təşviq edir. EU4Digital proqramı, qanunvericilər və təlim təminatçıları üçün təlimlərin, konfransların və tanışlıq xarakteri daşıyan səfərlərin təşkili və Şərqi tərəfdaş ölkələrində milli koalisiyaların yaradılması kimi bir sıra fəaliyyətlər vasitəsilə şəbəkənin işinə dəstək verir.