Avropa Rəqəmsal Texnologiyalar üzrə KOB-lar İttifaqı və ona üzvlük barədə virtual tədbir keçiriləcək

  • Tarix: 11/10/21 – 11/10/21
  • Paylaş:

Oktyabrın 11-də EU4Digital təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflərin Avropa Rəqəmsal Texnologiyalar üzrə KOB-lar İttifaqına qoşulmasına dəstək olmaq üçün virtual ekskursiya təşkil edir.

Tədbir iştirakçılarına Avropada İKT və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən KOB-ların ən böyük şəbəkəsi hesab olunan Avropa Rəqəmsal Texnologiyalar üzrə KOB-lar İttifaqı haqqında ətraflı məlumat veriləcək. Sözügedən ittifaq daha əvvəl “Startaplar və böyüməkdə olan şirkətlər üçün İKT-nin innovativ inkişafına dair ekosistemlər” sahəsində “mütəxəssis icmaların inkişafının təşviqi və onların siyasətlərin hazırlanması və tətbiqində iştiraklarının artırılması” mövzusunda keçirilən şəbəkə tədbirində təqdim edilib.

Məsləhətləşmələr Şərq Tərəfdaşlığı ölkələrində İKT və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən KOB-ların inkişafını dəstəkləyən xüsusi seçilmiş assosiasiya və təşkilatlar qrupuna yönəlib. Görüşün məqsədi icraçı qurumlar rolunu oynayan hədəf təşkilatların potensialını artıraraq onlara üzv olan KOB-lara transsərhəd B2B əməkdaşlıq imkanlarından yararlanmasına kömək etmək və Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal texnologiyalar bazarının inkişafı üzrə siyasət və ekosistem fəaliyyətlərinə töhfə verməkdir.

Virtual məsləhətləşmələrə Avropa Rəqəmsal Texnologiyalar üzrə KOB-lar İttifaqının nümayəndələri və EU4Digital proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobol rəhbərlik edəcək. Məsləhətləşmələr aşağıdakı mövzuları əhatə edəcək: Avropa Rəqəmsal Texnologiyalar üzrə KOB-lar İttifaqı və Avropa Rəqəmsal İnnovatorlar Klubu tərəfindən göstərilən xidmətlər, layihələr və tərəfdaşlıqlar. Bundan əlavə, Rumıniyanın Cluj İT Klasterinin icraçı direktoru Andrey Klemen Balkanlar, Qara Dəniz və Baltik Dənizi hövzəsi İKT Klasterləri Şəbəkəsinə (3B ICT Network) üzv olan rəqəmsal texnologiyalar biznesi assosiasiyalarının bir araya gətirilməsi ilə bağlı təcrübəsini bölüşəcək. Bu şəbəkə də  Avropa Rəqəmsal Texnologiyalar üzrə KOB-lar İttifaqının üzvüdür.

Tədbirin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələri və Aİ-nin rəqəmsal texnologiyalar sahəsində çalışan KOB-ların rəqəmsal bazarların inkişafı istiqamətində əməkdaşlığını və birgə işini asanlaşdırmaq üçün Şərq Tərəfdaşlığı ölkələrindən olan təşkilatların Avropa Rəqəmsal Texnologiyalar üzrə KOB-lar İttifaqına inteqrasiyasını dəstəkləməkdir.

Tədbirin ətraflı proqramına buradan baxa bilərsiniz. Avropa Rəqəmsal Texnologiyalar üzrə KOB-lar İttifaqının fəaliyyəti, iştirak imkanları və seçim kriteriyaları haqqında məlumatı buradan tapmaq olar.