EU4Digital İKT və İnnovasiyalar Forumu rəqəmsal texnologiyalar sahəsində təhsilin əhəmiyyətinə həsr olunub

  • Tarix: 30/03/23
  • Paylaş:

EU4Digital İKT və İnnovasiyalar Forumu – 2023 kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) post-sənaye dövrü, rəqəmsal cəmiyyətə daha yaxşı hazır olmaları ilə bağlı mühüm məsələlərə həsr olunub. Martın 9-da 100-dən artıq şəxsin qatıldığı İkinci İllik İnnovasiyalar Forumu keçirilib. Tədbirdə Şərq Tərəfdaşlığı (ŞT) regionunda startaplar və KOB-ların rəqəmsal bacarıqların artırılmasının vacibliyi vurğulanıb. Tədbir zamanı yenicə fəaliyyətə başlamış EU4Digital Təhsil texnologiyaları mərkəzi (EdTech Hub) platformasının fəaliyyəti daxil olmaqla, Aİ və Şərq Tərəfdaşlığı regionundakı müxtəlif siyasət və dəstək təşəbbüsləri haqqında məlumat verilib.

Avropa Komissiyasının DG NEAR C1 bölməsinin direktor müavini Nikolas Sendroviç tədbiri giriş sözü ilə açaraq 2023-cü ilin Avropa Bacarıqlar İli olduğunu bildirib. O, iqtisadiyyatda əlavə dəyərin 47%-nin KOB-ların payına düşdüyünü xatırladaraq onların işçilərinin keyfiyyətli rəqəmsal bacarıqlara sahib olmalarının nə qədər vacib olduğunu vurğulayıb. “Biz KOB-ların məhsuldarlığını artırmaq üçün onları lazımi vasitələr dəsti ilə təmin etməliyik”, – deyə  Sendroviç qeyd edib. O, rəqəmsal bacarıqlara sərmayə qoyuluşunda boşluqların aradan qaldırılmasının, dövlət və özəl sektordan 1,5 milyard avronun səfərbər edilməsinin və beynəlxalq donorları rəqəmsal texnologiyalara keçidlə bağlı fəaliyyətlərə cəlb etmənin vacibliyini qeyd edib. O, iştirakçıları ŞT Startaplar ekosistemi platformasını tədqiq etməyə çağırıb. Bu platforma 2022-ci ilin yanvar ayında ilk İnnovasiyalar Forumunda istifadəyə verilib.  

Avropa Komissiyasının DG CNECT G2 bölməsinin rəhbərinin müavini Anna Bajart KOB-ların rəqəmsal bacarıqlarının dəstəklənməsinə yönəlmiş Aİ-nin bir sıra strateji və siyasi təşəbbüslərini təqdim edib. 2030 Rəqəmsallaşdırma kompası əhali və KOB-lar arasında rəqəmsal bacarıqlar üzrə iddialı hədəflər təyin edir və iki əsas fəaliyyət sahəsini əhatə edir: KOB-lar üçün qısamüddətli təkmilləşdirmə kurslarının dəstəklənməsi və təhsil sahəsində innovativ texnoloji həllərlə məşğul olan startap və KOB-ların dəstəklənməsi. Müxtəlif növ beynəlxalq və sektorlararası icma quruculuğu və tərəfdaşlıqlar Aİ-də rəqəmsal bacarıqlara çıxışı asanlaşdırır – Rəqəmsal bacarıqlar və məşğulluq platforması və onunla sıx əməkdaşlıq edən Rəqəmsal bacarıqlar və Məşğulluq Koalisiyası; Aİ-nin olduqca uğurlu Kod Həftəsi; özəl təşkilatları bir araya gətirən Bacarıqlar Paktıİstedadlar tərəfdaşlığıRəqəmsal Bacarıqların Artırılması (Digital SkillUp); və innovasiyalar üzrə əməkdaşlıqlar sahəsində fəaliyyət göstərən Avropa Rəqəmsal Təhsil Mərkəzi. Siyasətlərlə bağlı alətlərə Aİ-yə üzv dövlətlər ilə rəqəmsal təhsil və bacarıqlar üzrə Strukturlaşdırılmış dialoq daxildir. Dialoq nəticəsində yaxın günlərdə iki mühüm tövsiyə dərc ediləcək. Çıxışının sonunda Anna Bajart Avropa Rəqəmsal Bacarıqlar Sertifikatının, eləcə də rəqəmsal bacarıqların qiymətləndirilməsi və təlimlərin məzmunun hazırlanmasına yönəlmiş DigComp 2.2 – Rəqəmsal Səriştə Çərçivəsinin yaradılması istiqamətində görülən işlərdən danışıb.  

Təhsil texnologiyaları və yeni Təhsil texnologiyaları mərkəzi (EdTech Hub)

“Texnologiyaların tətbiqi, şübhəsiz ki, peşələrə təsir göstərəcək”. Bunu tədbirin əsas məruzəçisi EY-nin qlobal təhsil üzrə tərəfdaşı olan Riaz Şah deyib. Keçmişə qayıtsaq və məsələyə daha geniş kontekstdə baxsaq görərik ki, rəqəmsal bacarıqlara yiyələnmək nə dərəcədə əhəmiyyətlidir. Avtomatlaşdırılmış anbarlar, nağd ödənişsiz mağazalar, avtonom rejimdə çalışan nəqliyyat vasitələri və qarışıq istehsal kimi nümunələri misal çəkən Riaz Şah texnologiyaların iş yerlərini necə dəyişdiyini diqqətə çatdırıb. “Xalqlarımızın bacarıqlarının artırılması tamamilə zəruridir”- o, bildirib. “Məktəblərimizin əksəriyyəti uşaqları sənaye dövrünə hazırlayır;uşaqları rəqəmsallaşdırma dövrümüzə hazırlamaq üçün onların təhsilini nəzərdən keçirməliyik”. Bu, biznes sahəsində rəhbərlərin təhsilinə də aiddir. O EY-nin məqsədinin təkcə texnologiyalar və biznes bacarıqları deyil, həm də liderlik düşüncəsini əhatə edən, təlim prosesini interaktiv formada həyata keçirmək üçün 5 səviyyəli çərçivədən istifadə edən 235 müxtəlif virtual nişan təklif edən qlobal, dinamik təlim və təcrübə proqramı olan EY nişan proqramı vasitəsilə 400 000 insanı hazırlamaqdır. 350 000-dən artıq nişan artıq sahiblərinə verilib ​​və daha 300 000-dən çoxu üçün təlimlər keçirilir. Bu da işçi heyətlərinə EY Tech MBA proqramını pulsuz başa vurmaq imkanı verir. 

EY-nin “nişan” yanaşması Şərq Tərəfdaşlığında KOB-lar və startaplar üçün EU4Digital EdTech hub innovasiyalar platformasına tətbiq ediləcək. EU4Digital proqramının komanda rəhbəri Artur Piliponis həm texnologiyalar, həm də qeyri-İT sənayesində fəaliyyət göstərən KOB-ların yüksək keyfiyyətli rəqəmsal və innovasiyalarla ilə əlaqəli təlim məzmununa çıxışını asanlaşdıracaq bu platformanın hazırlanması üçün fəaliyyətə başlandığını elan edib. O, Şərq Tərəfdaşlığından olan maraqlı tərəfləri platformanın iş rejimi, idarəetmə və mülkiyyət modeli, prioritet bilik sahələrinin seçilməsi ilə bağlı müzakirələrə qoşulmağa dəvət edib. O, xatırladıb ki, bu təhsil üzrə texnoloji həll Şərq Tərəfdaşlığı regionunda yaşayan 1 milyon vətəndaşın rəqəmsal texnologiyalar sahəsində hüquq və imkanlarının artırılmasına yönəlmiş Aİ və Şərq Tərəfdaşlığı siyasət proqramı kontekstində hazırlanıb. “Biz sərfəli həllər və mövcud təşəbbüslərlə sinerji axtarırıq; bu fəaliyyətin davamlılığı əsas məqsədlərimizdən biridir”- o, bildirib. 

Şərq Tərəfdaşlığı ölkələri diqqət mərkəzində

Əvvəlki məruzəçilərin qeyd etdiyi bir çox mövcud Aİ təşəbbüsləri və platformaları Şərq Tərəfdaşlığı ölkələrində KOB-lar üçün əlçatan olsa da, panel müzakirələrdə bir neçə ümumi problem ortaya çıxıb: mövcud texnologiyalar və ya onların faydaları barədə məlumatlılığın olmaması, təlim və ya məsləhət dəstəyinin olmaması, həmçinin rəqəmsal texnologiyalar və ya biznesə dair savadlılığın qeyri-kafi səviyyədə olması. Həmçinin, bacarıqların artırılmasına çıxış və mənimsənilməsini yaxşılaşdırmaq üçün hər bir ölkəyə xas texnoloji həllərə hələ də ehtiyac var.

  • Ermənistan İqtisadiyyat Nazirliyinin nümayəndəsi Haykuhi Gevorgyan deyib ki, bu ölkədəki sahibkarlıq müəssisələrinin 98%-i KOB-ların payına düşür. Ermənistan hökuməti rəqəmsal transformasiyanı təşviq edən DigiTec Sammiti kimi KOB-lar üçün rəqəmsal bacarıqların inkişafını dəstəkləmək üçün bir sıra birgə təşəbbüslərin icrasına başlayıb və özəl sektor və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. Əmək və Sosial Məsələlər Nazirliyi BMT-nin İnkişaf Proqramının Ermənistan ofisi ilə birgə həyata keçirilən qadınların rəqəmsal marketinq sahəsində bacarıqlarını artırmaq üçün “Platforma 5” layihəsi də uğurlu layihələrdəndir. Özəl sektor və qeyri-hökumət sektoru ilə birgə həyata keçirilən təşəbbüslər həmçinin rəqəmsal bacarıqlara artan tələbatı ödəyir. Əməkdaşlıq məkanı və startaplar və KOB-lar üçün inkubator olan “Impact Hub Yerevan” və bulud texnologiyaları, böyük verilənlər və süni intellekt kimi mövzular üzrə təlim və dəstək verən Microsoft İnnovasiya Mərkəzi buna misaldır. Ermənistanda Dünya Bankının dəstəyi ilə yaradılmış Müəssisə İnkubatoru Fondu KOB-lara texniki yardım göstərir. Bundan əlavə, İqtisadiyyat Nazirliyi ekosistemin qurulması, təlim və bacarıqların artırılması, benefisiarların səlahiyyətlərinin artırılması və 2026-cı ilədək həyata keçiriləcək rəqəmsal vasitələrin tətbiqinə yönəlmiş 24 layihə vasitəsilə istehsal və xidmət sahələrinin rəqəmsallaşdırılması üçün prioritetləri müəyyən edən tədbirlər planı hazırlayıb.
  • Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Şahin Əliyev rəqəmsal bacarıqların xüsusilə də pərakəndə satış və kənd təsərrüfatı sektorları üçün əhəmiyyətini qeyd edib. Təlim vacibdir, lakin istifadə hallarını müəyyənləşdirmək və KOB-lara bizneslərini təkmilləşdirmək üçün lazım olan düzgün alətləri tapmaqda kömək etmək lazımdır. CRM (müştəri münasibətlərinin idarə edilməsi alətləri) və əlaqəli alətlərin rəqəmsal kitabxanasının yaradılması prioritet məsələdir. Sözügedən agentlik həmçinin İKT ilə bağlı daxili tələbatları ilə mübarizə aparan qeyri-İKT sahəsində fəaliyyət göstərən KOB-lar üçün texniki xidmətlər göstərən KOB-ları dəstəkləyir. Rəqəmsallaşma ilə əlaqəli riskləri azaltmaq üçün İsrail Texnologiya İnstitutu ilə birgə həyata keçirilən “Technion” adlı layihə çərçivəsində üç il ərzində 1 000-ə yaxın kibertəhlükəsizlik mütəxəssisinin hazırlanması nəzərdə tutulub. 
  • “Enterprise Georgia”-nın direktor müavini İrakli Qabriadze bildirib ki, KOB-ların rəqəmsallaşdırılmasna dəstək məqsədilə 2023-cü ilin ikinci yarısında yeni fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır. Dəstək fəaliyyətlərinə rəqəmsallaşmanın faydaları haqqında məlumatlılığın artırılması, həmçinin rəqəmsal bacarıqların təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi üçün birgə maliyyələşdirmə daxildir. Bu dəstəyi həyata keçirmək üçün texnologiyalara əsaslanan proqramları həyata keçirmək və rəqəmsal bacarıqlar üzrə komponentlər daxil olmaqla KOB-lar üçün uyğunlaşdırılmış rəqəmsallaşma planlarını hazırlamaq üçün mərkəzləşdirilmiş qaydada rəqəmsal keçid üzrə mütəxəssislərin işə götürülməsi nəzərdə tutulub. Rəqəmsal həllərin və təlimlərin həyata keçirilməsinin birgə maliyyələşdirilməsi hər şirkət üçün 10 000 avroya yaxın və ya xərclərin 90%-ni təşkil edə bilər.
  • Moldova Sahibkarlığın İnkişafı Təşkilatının (ODA) nümayəndəsi Rodika Krudu bildirib ki, KOB-lar Moldova iqtisadiyyatının 99%-ni təşkil edir və hökumət onların rəqabət qabiliyyətinin artırılmasında çox maraqlıdır. Bir sıra qanunlar və siyasətlər qəbul edilib və qanunvericilik bazasının sadələşdirilməsi prioritet məsələ kimi gündəmdədir. ODA KOB-ların bazar ehtiyaclarını qarşılaya bilməsi üçün bacarıqlarını təkmilləşdirməyi əhatə edən üç proqram həyata keçirir. Bu yaxınlarda elektron ticarət, rəqəmsal marketinq və satışlara dair kurslar və idxal və ixrac kimi prosesləri təkmilləşdirmək üçün rəqəmsal həllər daxil olmaqla yeni tədris planları hazırlanmışdır. Təlim təminatçıları bu ayın sonuna kimi seçiləcək və donorlar bu fəaliyyəti maliyyələşdirməyə kömək etməyə çalışırlar, çünki təcrübəli işçilərin çatışmazlığı bu bazarı rəqabətli bir bazara çevirir. Adı çəkilən təşkilat həmçinin digər tərəfdaşlıqlar vasitəsilə öz proqram və layihələrinin davamlılığını yaxşılaşdırmaq yollarını araşdırır.
  • Ukrayna Sahibkarlıq və İxracın Təşviqi İdarəsinin nümayəndəsi Denis Blinda sahibkarlıq və ixracın təşviqi sahəsində icra olunan “Diia Business” adlı geniş miqyaslı milli layihəni təqdim edib. 2021-ci ildə rəsmi rəqəmsal dövlət brendi olan “Diia” ekosistemində tətbiq olunan portal öz biznesini açmaq istəyən sahibkarlar üçün “bir pəncərə” rolunu oynayır. Portal oflayn dəstək mərkəzləri şəbəkəsi ilə tamamlanır. Xidmətlər və məsləhətlər, alış-veriş platforması və təhsil proqramları ilə birlikdə şablonlar, biznes ideyaları, hüquqi sənədlər və nümunələr təklif olunur. Biznesin sürətləndirilməsinə dair proqramlar 2023-cü ildə icra olunmağa başlayıb və digər təşəbbüslər arasında İlhamlanmış Qadınlar üçün Sürətləndirici (Visionary Women’s Accelerator) və qadın sahibkarlar üçün Cəsur (Brave) proqramı daxildir. Platforma və xidmətlərdən istifadə edən qadınların sayı artır və artıq istifadəçilərin 50%-ni təşkil edir. 
  • Ukrayna Startap Fondunun (USF) nümayəndəsi və Ukraynanın Elm və Təhsil Nazirinin müşaviri İhor Markeviç bildirib ki, ölkənin İT sektoru keçən il inkişaf edən yeganə sənaye sektoru olub və Ukraynanın texnologiya sahəsində çalışan bütün sahibkarlarının 70%-i hələ də bu sektordadır. QHT-lər və hökumət arasında əməkdaşlığa əsaslanan “İT ordusu” kibertəhlükəsizlik və kibertexnologiyalar sahəsində layihələrə yönəlib. Rəqəmsal texnologiyalar üzrə bacarıqların artırılmasının sənayeni dəstəkləmək və Ukrayna iqtisadiyyatını yeniləmək üçün mövcud olmasını təmin etmək üçün mentorlar, təlimçilər, korporasiyalar və s. ilə əməkdaşlıq tələb olunur.  

Beynəlxalq təşkilatlara aid təşəbbüslər

Dəyirmi masanın yekun sessiyasında rəqəmsal bacarıqlar sahəsində boşluqların aradan qaldırılması üçün  Şərq Tərəfdaşlığı regionunda regional və ölkə səviyyəsində beynəlxalq donorlar tərəfindən dəstəklənən müxtəlif təşəbbüslər nəzərdən keçirilib:

  • Avropa Təlim Fondunun (ETF) nümayəndəsi Kristien Van den Eynde tikinti, ağac emalı və mebel sənayesində rəqəmsal bacarıqlarla bağlı xüsusi ehtiyacları müəyyən edən və regional strategiyaların hazırlanmasına töhfə verən Ermənistan və Ukraynada ETF tərəfindən həyata keçirilən layihələrə diqqət çəkib. Şərq Tərəfdaşlığı regionu üçün digər müvafiq nümunə ETF-in Qərbi Balkanlarda kənd təsərrüfatı məhsulları sahəsində həyata keçirdiyi layihədir. Layihədə rəqəmsal bacarıqlardakı boşluqları aradan qaldırmaq üçün kənd təsərrüfatı məhsulları şirkətləri, təlim təminatçıları və vasitəçilər bir araya gəlib. O, ticarət palataları, regional inkişaf agentlikləri və innovasiya mərkəzləri kimi vasitəçi qurumların bacarıqların inkişafında oynaya biləcəyi mühüm rolu, eləcə də yaxın gələcəkdə istifadəyə veriləcək EU4Digital EdTech Hub kimi təlim resurslarına çıxışın vacibliyini vurğulayıb. 
  • Almaniya İnkişaf Agentliyinin (GIZ) nümayəndəsi Niklas Rüffer Almaniya tərəfindən maliyyələşdirilən və 2023-cü ilin mart ayından həyata keçiriləcək “Şərq Tərəfdaşlığı ölkələrində KOB-ların rəqəmsal transformasiyası” layihəsi haqqında danışıb. Layihə milli səviyyədə rəqəmsallaşmaya dair strategiyalar əsasında həyata keçiriləcək, KOB-ları dəstəkləmək üçün daha yaxşı statistika və həllər təqdim edəcək, bilik şəbəkələri yaratmaq üçün klasterlər, assosiasiyalar və digər vasitələrlə əməkdaşlıq edəcək. Layihə həmçinin birbaşa qrantlar, tanışlıq səfərləri və məsləhətləşmələr vasitəsilə mövcud və yeni rəqəmsal innovasiya mərkəzlərini dəstəkləyəcək.
  • İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) siyasi analitiki Salome Vil çıxışında qeyd edib ki, KOB-ların rəqəmsallaşdırılması və bacarıqlarının artırılmasına son illərdə böyük diqqət yetirilir. İƏİT ölkələrə özünün qabaqcıl təcrübələrindən istifadə etməklə təhlil, monitorinq və müqayisəli təhlilə əsaslanan siyasətə dair məsləhətlər, regional dialoq və potensialın gücləndirilməsi üçün platforma, hökumət nazirlikləri, özəl sektor, elmi dairələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək imkanı təklif edir. Bu çərçivədə həm texnologiyaların mənimsənilməsi, həm də rəqəmsal mədəniyyət rəqəmsal texnologiyalara keçidin zəruri komponentləri kimi nəzərdən keçirilir. Bacarıqlar da burada hərtərəfli elementlər hesab edilir. 2021-ci il üzrə regional hesabat göstərir ki, Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal cihazların istifadəsi İƏİT səviyyəsindən aşağıdır, dövlət və özəl sektor arasında tərəfdaşlıqlara və KOB-ların rəqəmsal bacarıqlara çıxışını asanlaşdırmaqda yerli ekosistemlər və icmaların roluna ehtiyac var. Hal-hazırda davam edən layihələr 2024-cü il üzrə KOB-lara dair siyasət indeksi çərçivəsində Şərq Tərəfdaşlığı regionunda rəqəmsal bacarıqlara dair siyasətlərin müqayisəli qiymətləndirilməsini, eləcə də Ermənistan və Ukraynaya xüsusi dəstəyi təmin edir. 
  • Dünya Bankının aparıcı iqtisadçısı Moraes Leitao Kampos KOB-ların rəqəmsallaşması ilə bağlı hər bir sektorda mövcud problemləri anlamaq üçün diaqnostik tədbirlərin əhəmiyyətindən danışıb. Dünya Bankının dünya üzrə  texnologiyaların şirkət səviyyəsində mənimsənilməsi ilə bağlı sorğularında Şərq Tərəfdaşlığı regionu və ölkələrin tərəqqiyə necə nail ola biləcəyi barədə məlumat verilib; məsələn, Gürcüstanda CRM-dən istifadə edən kirayə mənzil və otel sektorunda daha çox firma var, topdan və pərakəndə ticarətdə isə KOB-lar adətən CRM-dən istifadə etmirlər. Düzgün və səmərəli müdaxilələri təşviq etmək üçün müdaxilələri sınaqdan keçirmək və konsepsiyanın sübutlarını əldə etmək vacibdir. Müsbət nümunələr kimi o, rəqəmsallaşmaya dəstək siyasətlərinin işlənib hazırlanması və sınaqdan keçirilməsi üzrə GenIE (Gürcüstanın Milli İnnovasiya Ekosistemi) layihəsinin və Digi Trans layihəsinin tədris planını göstərib.
  • Moldova Texnologiyalar Fəaliyyətinin nümayəndəsi Livia Turkanu Moldova şirkətlərinin müxtəlif sektorlarda rəqabət qabiliyyətinin artırılması sahəsindəki təcrübəsini bölüşüb. KOB-ların və startapların rəqəmsallaşdırılmasını təşviq etmək üçün ekosistemin digər cəhətləri, o cümlədən sahibkarlar arasında rəqəmsal bacarıqların təkmilləşdirilməsi, maliyyə və investisiyalara çıxış imkanları və elektron ticarət və elektron xidmətlər üzrə ödənişlər üçün normativ-hüquqi bazaların dəstəklənməsi nəzərə alınmalıdır. O, rəqəmsal bacarıqların tədrisinə ehtiyac olduğunu vurğulayb və bildirib ki, “Biz universitetlərdə yeni texnologiyalara yönəlmiş yeni magistr dərəcələri və yeni tədris planları təqdim etməkdən qürur duyuruq və indi tələbələr gələcəkdə istifadə edəcəkləri yeni bacarıqlar əldə edirlər”.  

Tədbirin tam proqramına buradan baxın.

Məruzəçilərin təqdimatlarına buradan baxın:

Əlavə məlumat

EdTech Hub platformasını yaradılmasında EU4Digital proqramı ilə əməkdaşlıq etməkdə maraqlı olan təşkilatlar İKT və innovasiyalar komandası ilə əlaqə saxlaya bilərlər: EU4Digital@lt.ey.com.  

27 yanvar 2022-ci il tarixində “Şərq Tərəfdaşlığında startap ekosisteminin inkişafı üzrə innovativ həllər” mövzusunda ilk İnnovasiyalar Forumu keçirilib.  

İnnovasiyalar Forumu Şərq Tərəfdaşlığı ölkələrinin və Aİ-nin rəqəmsal bazarlarını uyğunlaşdırmaq təşəbbüsü ilə innovasiyalar və startaplarla bağlı mövzulara həsr olunmuş müstəqil illik silsilə tədbirlərdir.