EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin iclası: rəqəmsal bağlantılar vasitəsilə uzaq məsafələrin əlaqələndirilməsi

  • Tarix: 09/10/20
  • Paylaş:

Şərq Tərəfdaşlığı (ŞT) regionundan 180-dən artıq yüksək vəzifəli rəsmi şəxsin qatıldığı EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin ikinci illik iclasının ilk günü (5 oktyabr 2020-ci il) EU4Digital təşəbbüsü çərçivəsində icra olunan proqramlar haqqında məlumat verilib və regionda rəqəmsal texnologiyaların tətbiqi vəziyyəti müzakirə olunub. Koordinasiya komitəsinin iclası 5-9 oktyabr tarixlərində keçirilib və bu il COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən virtual formatda təşkil olunub.

EU4Digital təşəbbüsünün məqsədi Avropa İttifaqının Vahid rəqəmsal bazarını Şərq Tərəfdaşlığı ölkələrinə qədər genişləndirməkdir. Təşəbbüsün icra etdiyi proqramlar genişzolaqlı rabitənin təkmilləşdirilməsinə, tədqiqat icmalarının əlaqələndirilməsinə və Şərqi tərəfdaşlıq ölkələrindəki vətəndaşlara gözəçarpan faydalar təmin etməyə yönəlmiş Telekommunikasiya qaydaları, Etimad və təhlükəsizlik və Elektron səhiyyə kimi sahələrdə rəqəmsal texnologiyaların uyğunlaşdırılması və uzlaşdırılmasına dəstək verməyə yönəlmişdir.

Tədbirin ilk günü Aİ rəqəmsal texnologiyalar üzrə siyasət proqramına və onun Şərq Tərəfdaşlığı regionuna genişlənmə imkanları haqqında təqdimat ilə başlayıb. Avropa Komissiyasının Kommunikasiya Şəbəkələri, Məzmun və Texnologiya üzrə Baş Direktoratının (DG CONNECT) ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Devid Rinqrouz, Aİ-də rouminq ödənişlərinin ləğvi, radiotezlik spektrinin koordinasiyasının yaxşılaşdırılması, Avropada yüksək fəaliyyət göstəricilərinə malik kompüter infrastrukturunun yaradılması və süni zəka texnologiyasının təkmilləşdirilməsi kimi Aİ-nin Vahid rəqəmsal bazarının nailiyyətlərinə diqqət çəkib. “Məqsədimiz Şərqi tərəfdaşlıq ölkələrindəki 70 milyon vətəndaşın rəqəmsal bazar təşəbbüslərinin uyğunlaşdırılması vasitəsilə Vahid rəqəmsal bazardan faydalanmasını təmin etməkdir”.

COVID-19 pandemiyası rəqəmsal texnologiyaların əhəmiyyətini bir daha nümayiş etdirdi: Avropa Şurası bu sürətlə böyüyən sektorun əhəmiyyətini nəzərə alaraq Aİ-nin Vahid rəqəmsal bazarının gələcəyi ilə bağlı bir sıra vacib qərarlar qəbul etmişdir. Bundan başqa, COVID-19 pandemiyasına qarşı Bərpa və Dayanıqlıq Proqramı çərçivəsində ayrılan maliyyə vəsaitlərinin minimum 20%-i Avropa cəmiyyəti daxilində rəqəmsal texnologiyalara keçidə yatırılacaq.

İlk gün iclaslara moderatorluq edən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratının (DG NEAR) nümayəndəsi Matye Buske rəqəmsal texnologiyalar sektorunda Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinə göstərdiyi dəstəyin əhəmiyyətini bir daha vurğulayıb: “Şərq Tərəfdaşlığı ölkələrinin rəqəmsal transformasiyası Avropa İttifaqının iqtisadi inkişafın genişləndirilməsinə, iş yerlərinin açılmasına və tərəfdaş ölkələrin inkişafına töhfəsinin əsasənı təşkil edir”. Həqiqətən də dayanıqlı rəqəmsal transformasiyaya dəstək, gələcək illərdə Aİ-nin Şərq Tərəfdaşlığı ilə bağlı siyasətini formalaşdıran beş əsas məqsəddən biridir.

Koordinasiya komitəsinin iclası Şərq Tərəfdaşlığından olan əsas maraqlı tərəflərlə müzakirələr aparmaq və rəqəmsal texnologiyalar sektorunda regionun gələcək prioritetlərini formalaşdırmağa kömək etmək imkanı verib. İclasın ilk günü görülən işlərin cari vəziyyəti və əldə olunan irəliləyişlər haqqında iştirakçılar arasında konstruktiv dialoq baş tutub.

Növbəti günlərdə isə Şərq Tərəfdaşlığı regionunda qarşıdan gələn rəqəmsal prioritetlər barədə müzakirələr aparılıb və həftənin sonunda EU4Digital təşəbbüsünün tematik mövzuları diqqət mərkəzində olub. EU4Digital təşəbbüsü haqqında daha ətraflı məlumatı EU4Digital proqramının internet səhifəsində tapa bilərsiniz.