EU4Digital təşəbbüsü gender bərabərsizliyinin aradan qaldırılması və milli təşkilatların yerli texnologiya bazarlarında bu cür proqramları həyata keçirmələrini təmin etmək məqsədi ilə texnologiya sektorunda çalışan qadınlar üçün mentorluq proqramları ilə bağlı yeni fəaliyyətin icrasına başlayıb.
Texnologiya bazarında gender bərabərsizliyinin mövcudluğu qlobal problemdir və Şərqi tərəfdaşlıq ölkələrinə də mənfi təsir göstərməkdədir. Kişilərlə müqayisədə qadınların məşğulluğuna daha çox təsir göstərən, eləcə də əmək bazarındakı sürətli dəyişikliklər səbəbindən texnologiya sahəsində daha çox mütəxəssisin tələb olunduğu COVID-19 pandemiyasından sonrakı dövrdə çıxış yollarına xüsusilə ehtiyac duyulur.
Bu problemlərin fonunda EU4Digital gender bərabərsizliyini aradan qaldırmaq və yerli bazarların transformasiyasına dəstək vermək məqsədilə praktiki tədbirlər həyata keçirmək qərarına gəlib.
İcrasına yeni başlanmış sözügedən fəaliyyət texnologiya sahəsində biliklərin ötürülməsi üzrə qadınlar üçün mentorluq proqramlarının icrasına və altı Şərqi tərəfdaşlıq ölkəsinin hər birində bu cür proqramların icrası istiqamətində praktik addımlar atması üçün yerli benefisiarların səlahiyyətləndirilməsinə yönəlmişdir.
Sözügedən fəaliyyət Aİ-də yerləşən “Women Go Tech” adlı təşkilatın işçiləri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Bu təşkilat Baltik və Skandinaviya ölkələrində mentorluq və oxşar proqramların həyata keçirilməsində təcrübəyə malikdir.
Bu fəaliyyətin Şərqi tərəfdaşlıq ölkələri üçün əsas faydası və nəticələrinə aşağıdakılar daxildir:
- Texnologiyalar sahəsində qadınlar üçün mentorluq proqramları üzrə praktik və regional olaraq uyğunlaşdırılmış bələdçi. Bu bələdçi maliyyələşdirmə, mentorluq, proqramın məzmunu, marketinq və resurslar haqqında lazımi biliklər təmin edəcək;
- Altı Şərqi tərəfdaşlıq ölkəsində proqramın icrasına dair yol xəritələri (praktiki fəaliyyət planları);
- Öz ölkələrində bu cür proqramları həyata keçirmək üçün səlahiyyətləndirilmiş və öhdəliyə malik yerli təşkilatlar.
Fəaliyyət dövründə yerli benefisiar təşkilatlar fəal şəkildə cəlb proqrama olunacaq və təlimlərdə iştirak edəcəklər. EU4Digital tərəfdaşlıq ölkələrinin hər birində potensial tərəfdaşlar müəyyənləşdirib və yaxın həftələrdə onları bu fəaliyyətə cəlb etmək üçün prosedurları yekunlaşdıracaq. Seçilmiş təşkilatlar Aİ-nin qabaqcıl təcrübələrinin uyğunlaşdırılması və yerli bazarları
üçün tövsiyələrin formalaşdırılmasında praktik şəkildə cəlb olunacaqlar. Onlar həmçinin 2020-ci ilin noyabr ayının sonu və ya dekabr ayının əvvəlində keçirilməsi planlaşdırılan biliklərin ötürülməsinə dair seminarda iştirak edəcəklər. EU4Digital proqramı və “Women Go Tech” Aİ-nin bilik və təcrübələrinin ötürülməsi ilə yanaşı, fəaliyyətin davam etdirilməsini və önümüzdəki illərdə pilot proqramların həyata keçirilməsini planlaşdırır.