EU4Digital təşəbbüsünün telekommunikasiya sahəsindəki uğurlarının arxasında təcrübə mübadiləsi, əlaqələrin qurulması və əməkdaşlıq dayanır. 2022-ci il oktyabrın 13-də Rumıniyanın paytaxtı Buxarestdə Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi (EaPeReg) ilə birgə keçirilən iclasda Telekommunikasiya qaydaları tematik sahəsinin son nailiyyətləri və gələcək uğurları təqdim olunub. Bu, EU4Digital proqramının II mərhələsi çərçivəsində Telekommunikasiya qaydaları tematik sahəsi üzrə keçirilən ilk tədbirdir.
Tədbirə EU4Digital telekommunikasiya qaydaları komandası və EaPeReg, Şərq Tərəfdaşlığı ölkələri (Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova) və Aİ-yə üzv ölkələri (Çex Respublikası, İrlandiya, Litva, Latviya və Rumıniya) təmsil edən 25-dən artıq ekspert canlı və ya onlayn formada qatılıb. Onlar EU4Digital proqramının I mərhələsinin Telekommunikasiya qaydaları sahəsi üzrə nailiyyətlərini və II mərhələ üçün gələcək planları nəzərdən keçiriblər. I mərhələnin fəaliyyətləri ətrafında baş tutan müzakirələrdə qabaqcıl təcrübələrdən yararlanmağın, güclü daxili şəbəkənin qurulmasının və milli maraqlı tərəflərlə əməkdaşlığın əhəmiyyəti ön plana çəkilib. İştirakçılar Ukraynada davam edən cari münaqişə səbəbindən proqramın II mərhələsi çərçivəsində görüləcək işlərin daha çevik və xüsusi yanaşma tələb etdiyini vurğulayıblar.
EU4Digital proqramının II mərhələsi çərçivəsində Telekommunikasiya qaydaları sahəsi üzrə fəaliyyətlərin əsasını bundan sonra da beynəlxalq rouminq, genişzolaqlı bağlantı və radiotezlik spektri təşkil edəcək. Görüləcək işlərin əsası I mərhələdə artıq qoyulub. Regional Rouminq Razılaşmasının (RRA) və Radiotezlik spektri üzrə regional razılaşmasının (RSA) həyata keçirilməsinin monitorinqi və dəstəklənməsi, Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ-yə üzv ölkələr arasında rouminq sazişlərinin hazırlanması, həmçinin genişzolaqlı bağlantı bazarının təhlilinin hazırlanması həyata keçirilib.
Tədbir zamanı Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri RRA və RSA razılaşmalarını imzalamağa hazır olduqlarını təsdiqləyiblər. RSA razılaşmasının imzalanma mərasiminin dekabrda keçiriləcəyi gözlənilir; RRA haqqında daha ətraflı məlumat veriləcək. Müqavilələrin imzalanması EU4Digital proqramına II mərhələ boyunca razılaşmaların icrasına nəzarət etməyə imkan verəcək.
2019-cu ildən etibarən Avropa İttifaqının EU4Digital təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələrində təhlükəsiz və dayanıqlı rəqəmsal və telekommunikasiya infrastrukturunun qurulması istiqamətində səyləri dəstəkləməkdədir. EU4Digital proqramı EU4Digital təşəbbüsünün əsas proqramıdır. 2022-ci il oktyabrın 25-də EU4Digital proqramının II mərhələsinin icrasına başlanıb və 2025-ci ilə qədər davam edəcək.