2023-cü il aprel ayının 27-də EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi elektron səhiyyənin inkişafı strategiyası və transsərhəd elektron səhiyyə xidmətinin pilot tətbiqinə həsr olunmuş virtual tədbir keçirib. Bu, 2023-cü ildə əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilməsi planlaşdırılan silsilə tədbirlərin birincisi olmaqla Şərq Tərəfdaşlığı ölkələrində elektron səhiyyənin inkişafı üçün konstruktiv əməkdaşlığın əsasını qoyub.
Tədbirdə beş Şərq Tərəfdaşlığı ölkəsinin elektron səhiyyə sahəsində gördüyü işlər, prioritetlər və problemləri haqqında təqdimatlar olub.
- Gürcüstanda vahid pəncərə sisteminin yaradılması üçün sistemlərin bir-biri ilə inteqrasiyası diqqət mərkəzindədir. Bundan əlavə, bu ölkədə məlumatların maneəsiz mübadiləsi, məlumatların daxil edilməsi üçün vahid mərkəz və məlumatların keyfiyyəti kimi sahələr prioritet təşkil edir. Əsas problemlərə isə səhiyyə sektorunda parçalanma və məlumatların standartlaşdırılmaması daxildir.
- Azərbaycan elektron sağlamlıq kartlarının (ESK) mərkəzləşdirilmiş məlumat bazası və mərkəzi ekosistemin gələcək inkişafına çalışır. Elektron səhiyyə üzrə mobil tətbiqin hazırlanması istiqamətində iş həm prioritet, həm də çətin tapşırıq olaraq qalır.
- Ukrayna elektron səhiyyə sisteminin davamlılığını, yəni elektron səhiyyə xidmətlərindən fasiləsiz istifadənin təmin edilməsini və hərbi ehtiyaclar və qaçqınlara yardım üçün texnologiyaların inkişafını özünün əsas prioriteti kimi müəyyən edib. Əsas problemlər arasında çoxlu sayda təşəbbüsün idarə edilməsi və İT infrastrukturunun fəaliyyətinin qorunub saxlanması var. Ukrayna həmçinin pasiyentlərə aid qısa məlumatlar və transsərhəd elektron resept (ePrescription) xidməti üzrə fəaliyyət göstərən MyHealth@EU sistemini özünün Milli Əlaqə Mərkəzi (NCP) ilə əlaqələndirmək istiqamətində çalışır.
- Ermənistan məsafədən tibbi xidmət sistemi vasitəsilə səhiyyə xidmətlərinə sadələşdirilmiş çıxışı və pasiyentlər üçün portal və mobil tətbiqin hazırlanmasını əsas prioritetləri olaraq elan edib. Cari problemlərə mövcud sistemlərdə inteqrasiyanın çətinliyi, ucqar rayonlarda texnologiyalar sahəsində geriliyin mövcudluğu və ümumilikdə səhiyyə sisteminin yeni idarəetmə mexanizmlərinə qarşı müqaviməti daxildir.
- Moldova tezliklə elektron səhiyyə üzrə bir neçə il davam edəcək yeni proqramın icrasına başlayacaq.
Tədbir zamanı ekspertlər həmçinin elektron səhiyyə strategiyalarının hazırlanması ilə bağlı biliklərini bölüşüblər. EU4Digital proqramının elektron səhiyyə üzrə uzunmüddətli eksperti Dok. Enrike Martins Lissabon Universitetinin dosentidir. Tədbirdəki təqdimatında o, orta səviyyəli menecerləri cəlb etməklə və elektron səhiyyə üzrə milli strategiyaların hazırlanmasında mühüm elementlər olan dəstək strategiyalarına diqqət yetirməklə elektron səhiyyəyə kompleks yanaşmanın əhəmiyyətini vurğulayıb. Onun ardınca Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Baş Direktoratının (SANTE) siyasətlər üzrə mütəxəssisi Karol Rout çıxış edib. O, Aİ-də fəaliyyət göstərən MyHealth@EU adlı elektron transsərhəd səhiyyə xidmətini təqdim edib. O, Aİ-yə üzv dövlətlərdə həyata keçirilən transsərhəd elektron səhiyyə xidmətləri sahəsindəki layihələr və pilot proqramlar haqqında ümumi məlumat verib və Avropa Səhiyyə Məlumatları Sahəsini (EMHA) təqdim edib.
Tədbirin sonunda EU4Digital proqramının nümayəndələri Şərq Tərəfdaşlığı ölkələri ilə transsərhəd pilot layihələr üçün ideyaların irəli sürülməsinə həsr olunmuş növbəti görüş haqqında məlumat veriblər. Transsərhəd elektron səhiyyə sahəsində pilot layihələrin icrası ilə bağlı müzakirə olunan əsas mövzular arasında insanların xarici ölkələrə sayahət etdiyi zaman mühüm rol oynayan pasiyentlərə aid qısa məlumatlar və elektron resept xidmətləri olub. Ekspress laboratoriya konsepsiyasının iki fərqli modeli təqdim olunub. Burada xarici vətəndaşların yerindəcə və ya transsərhəd məsafədən tibbi xidmətlərdən istifadə edərək qan analizi verə və onun nəticəsi yerli və ya öz ölkəsinin həkimi tərəfindən qiymətləndirilə bilər. Bundan sonra qan dəyərlərinin əsasında elektron resept yazıla bilər. Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri iyun ayında keçiriləcək görüşdə transsərhəd pilot layihələrlə bağlı ideyalarını bölüşəcəklər.