

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
EU4Digital proqramının təşkil etdiyi tədbirlərdə innovasiyaların və startapların təşviqi üzrə prioritetlər müəyyən edilib
Tarix: 20/08/23
Şərq Tərəfdaşlığı (ŞT) regionunda innovasiyalar və startap inkubatorları ekosisteminin səmərəliliyini artırmaq və inkişafını gücləndirmək üçün EU4Digital proqramı əsas prioritetləri müəyyən edərək iki tədbir zamanı onları təqdim edib. Onlayn formatda keçirilən bu məlumatlandırma sessiyaları Şərq Tərəfdaşlığının startap ekosistemlərinin səmərəliliyinin, eləcə də mövcud boşluqların və tələbatların intensiv öyrənilməsinin yekun mərhələsi olmuşdur. Sözügedən iki tədbirin iştirakçıları regionun ekosistem iştirakçılarını dinləyib və əsas ehtiyacları müzakirə ediblər. Şərq Tərəfdaşlığı ölkələri ekosistem qurucularının səlahiyyətlərinin artırılmasına və inkubatorların potensialının artırılmasını prioritet məsələ olaraq gündəmdə saxlamalıdırlar.
Bu tədbirlər innovasiya və inkubasiya ekosistemində müxtəlif tərəflərin vəzifə və funksiyaları haqqında stereotipləri aradan qaldırmağa, eləcə də ŞT-dəki ekosistemdə daha yüksək fəaliyyət göstəricilərinə çatmaq məqsədi daşıyan fəal yanaşmanın tapılmasına yönəlib.
Ekosistem qurucularının hüquq və imkanlarının artırılması
“Donor maliyyələşdirməsi vasitəsilə milli ekosistem qurucularının fəaliyyətinin dəstəklənməsinin əhəmiyyəti”adlı ilk tədbir 18 iyul 2023-cü il tarixində keçirilib. Burada ekosistem qurucularının və onların hüquq və vəzifələrinin artırılmasının mühüm əhəmiyyəti izah olunub.
Tədbirə EU4Digital proqramının İKT və innovasiyalar üzrə aparıcı eksperti Çus Lozano rəhbərlik edib. Onun sahibkar və investor kimi 28 ildən artıq təcrübəsi var. O, həmçinin yüksək fəaliyyət göstəricilərinə malik inkubatorların inkişafı daxil olmaqla ekosistem quruculuğunda 15 ildən artıq təcrübəyə malikdir. Onun sözlərinə görə, innovasiya ekosistemlərinin səmərəliliyi onların startapların inkişafını bir mərhələdən digərinə keçirmə qabiliyyətindən (“konversiya dərəcəsi” kimi tanınan) asılıdır. Bu qabiliyyət innovasiya ekosistemindəki müxtəlif tərəflər arasında əlaqələr formalaşdıran (“körpülər yaradan”) və startapların və innovativ müəssisələrin davamlı böyüməsini təmin edən innovativ təşkilati çərçivələr yaradan ekosistem qurucuları, fərdi şəxslər və təşkilatlar tərəfindən gücləndirilə bilər. İnnovasiyaları dəstəkləyən tərəflər – universitetlər, inkubatorlar, sürətləndiricilər kimi “rifahı təmin edən qurumlar” startaplara lazımi resurs və xidmətləri təqdim etmək üçün kifayət qədər imkanlara malik olarsa, startap ekosistemlərində daha yaxşı nəticələr əldə edilə bilər. Ekosistem qurucuları rifahı təmin edən qurumlar və tənzimləyicilər, donorlar, pedaqoqlar və ekosistemin sərmayəçiləri arasında əlaqələr yaratdıqda və rifahı təmin edən qurumlara startapları daha yaxşı dəstəkləmək və onların fəaliyyətini gücləndirmək üçün səlahiyyətlərini artırdıqda onların bu potensialı daha da artır.
EU4Digital Şərq Tərəfdaşlığı ölkələrində innovasiyalar və startaplar ekosistemini yaratmaq, gücləndirmək və inkişaf etdirmək məqsədilə ekosistem qurucusu vəzifəsini üzərinə götürən 24 təşkilatı təhlil edib.Çus Lozano bildirir ki, bu tədqiqat ekosistem qurucularının xüsusi sektorlarda və ya hədəf qruplarında daha da ixtisaslaşması ehtiyacını ortaya qoyub. Ekosistem qurucuları həm dövlət, həm də özəl sektordan ola bilər, lakin onlar əsasən qeyri-kommersiya təşkilatları qismində fəaliyyət göstərirlər. Buna görə də təşkilatların qurulması və güclü şəbəkələrin yaradılmasının vaxt və resurs tələb etdiyini nəzərə alsaq, onların hökumət və beynəlxalq donorların, eləcə də özəl sektorun dəstəyinə ehtiyacı var.
Çus Lozanonun fikrincə, donor maliyyələşdirilməsi milli ekosistem qurucularının potensialının və səlahiyyətlərinin artırılmasında mühüm rol oynayır. O, bu dəstəyin aşağıdakı qaydada təmin edilməsinin əhəmiyyətini vurğulayıb. Milli təşkilatlar əməkdaşlığa və tədbirlərin həyata keçirilməsinə cəlb edilməli, milli səviyyədə bilik və təcrübə formalaşdırılmalı və ekosistemi inkişaf etdirmək üçün istənilən fəaliyyətdə davamlılıq təmin edilməlidir. Hökumətin və donorların bu sahədəki əsas vəzifəsi ölkədə innovasiyaları dəstəkləmək üçün ixtisaslaşmış qurumlara səlahiyyət verməkdir.
Aİ-dən qonaq məruzəçi, İspaniyada Avropa Biznes İnnovasiya Mərkəzlərinin Milli Assosiasiyasının (ANCES) prezidenti Alvaro Simon de Blas tədbirdə çıxış edib. O, ANCES-in 25 ildir fəaliyyət göstərdiyini və biznes innovasiyaları mərkəzlərinə (BİM-lər) startaplara, akademik və sənaye sahəsində layihələrə dəstək verməyə kömək etdiyini qeyd edib. Bu, BİM-lərin əməkdaşlarına dayanıqlı və gəlirli biznes modelinin hazırlanması, o cümlədən dövlət qurumları ilə əməkdaşlığın hansı formada qurulması barədə təlim keçməklə həyata keçirilir. ANCES, BİM-lərin xərclərinin 50%-ni qarşılayan Aİ-nin ilkin dəstəyinə əlavə olaraq dəstək verir. Fəal ekosistem qurucusu olan ANCES milli innovasiya institutları, ticarət nişanı üzrə qurum və digər milli səviyyədə fəaliyyət göstərən tərəflərlə əlaqələrin qurulmasına, həmçinin özəl investorların cəlb olunmasına və startapların korporasiyalarla əlaqələndirilməsinə cavabdehlik daşıyır. ANCES həmçinin tədqiqata əsaslanan şirkətlər üçün nüfuzlu akkreditasiya “möhürü” və həmçinin ANCES Akademiyası vasitəsilə üzv BİM-lər üçün xüsusi təlimlər təşkil edir. Aİ tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində ANCES üzvləri tərəfindən qeyd olunan xüsusi ehtiyaclar üçün əlavə vəsaitlər ayrılır.
ŞT-dən olan məruzəçi Nataliya Bejan Startup Moldova-da icraçı direktordur. O, bu təşkilatın ekosistem qurucusu olmaq istiqamətində keçdiyi yola nəzər salıb. “Startup Moldova” Moldova İKT şirkətlərinin birliyi olan ATIC tərəfindən həyata keçirilən təşəbbüsdür. Bu təşkilat ölkədə texnoloji startapları və rəqəmsal innovasiyalar ekosistemini dəstəkləmək üçün istifadəyə verilib. Texnologiyalar ekosisteminin inkişafını dəstəkləmək üçün üç əsas istiqamət müəyyən edilib. İlk növbədə icma quruculuğu, yəni startaplar, investorlar və icma qurucuları daxilində və onlar arasında paralel şəbəkələrin yaradılmasıdır. “Startup Moldova” öz ekosistem quruculuğu fəaliyyətinə texnologiyalar sahəsində fəaliyyət göstərən startaplar haqqında məlumat bazasının yaradılması, fərdi startap təsisçilərinin təşviqi və müxtəlif icmaların yaradılmasına kömək etməklə başlayıb. Moldovadakı digər ekosistem qurucuları ilə müntəzəm yarı-formal görüşlər nəticəsində yerli ekosistemin tərəfləri arasında vəzifələrin bölüşdürülməsinə dair razılığa gəlinib, fəaliyyətlər tamamlanıb. İkinci istiqamət yerli startapların maliyyə resurslarından yararlanmasına kömək etməkdən ibarətdir. Bu maliyyə dəstəyinin birbaşa təmin edilməsi ilə yanaşı, onlara üçüncü tərəflərin maliyyə dəstəyini əldə etməyə kömək formasında həyata keçirilir. Startaplara həmçinin qazanmaq və investorlardan maliyyə yardımı almaq sahəsində təlimlər keçirilir. Sonuncu istiqamət startapların inkişafını, böyüməsini və genişlənməsini təmin edən resursları əhatə edir. Buraya mentorlar, həmtəsisçilər, birlikdə çalışmaq üçün məkanlar və s. daxildir. Donorların maliyyə yardımı yerli resursların çatışmazlığı şəraitində onların inkişafının sürətləndirilməsinə kömək edir. Məsələn, “Startup City Cahul” layihəsi İsveç Səfirliyi tərəfindən maliyyələşdirilən, investisiya potensialı az olan konkret regionda startaplara qrantlar və mentorluq təklif edir. Bundan əlavə, hüquqi yardım və tövsiyələrlə startapları dəstəkləmək onlara səhv etməməyə kömək edir. Yekun olaraq Nataliya vurğulayıb ki, ekosistem qurucularına dəstək onların startap və innovasiya ekosistemini təkmilləşdirmək imkanlarını artırır və onlara əməliyyat və strateji boşluqları doldurmağa kömək edir. Onun çatdırmaq istədiyi əsas fikir ondan ibarətdir ki, startaplara dəstək milli ekosistemlərin qurucuları tərəfindən həyata keçirilən təşəbbüslərin ardıcıllığı və davamlılığı ilə müşayiət olunmalıdır.
İlk tədbirə 90-dan artıq iştirakçı qatılıb. Onlar arasında Şərq Tərəfdaşlığı ölkələrində startap ekosistemlərini gücləndirən milli maraqlı tərəflər, məsələn, nazirlik nümayəndələri, ekosistem qurucuları, maliyyə təşkilatları, eləcə də beynəlxalq donorlar (AmChams, Şərqi Avropa Fondu, İsveç Səfirliyi, Cənub-Şərqi Avropa üzrə Avropa Fondu, Avropa Təlim Fondu, GIZ, Qlobal Cleantech İnnovasiya Proqramı, Helvetas, İƏİT, BMTİP, USAID, Qərbi NIS Fondu, Dünya Bankı və s.) olub.
Yüksək fəaliyyət göstəriciləri ilə seçlən inkubasiya üçün özəl sektorun dəstəyi
“ŞT ölkələrində yüksək fəaliyyət göstəriciləri ilə seçilən inkubasiyanın inkişafında özəl sektorun rolu” adlı ikinci tədbir isə 8 avqust 2023-cü il tarixində baş tutub. TədbirdəŞərq Tərəfdaşlığı regionunda innovasiyalar üzrə inkubatorların konsepsiyasının nəzərdən keçirilməsinə və onların səmərəliliyinin artırılmasına ehtiyac olduğu vurğulanıb. Burada xüsusilə böyük korporasiyalar, banklar, təhsil ocaqlarının və inkubatorların nümayəndələri olmaqla 100-dən artıq şəxs iştirak edib.
Çus Lozano Şərq Tərəfdaşlığı inkubatorlarının hazırda startapları dəstəkləmək üçün həyata keçirdikləri fəaliyyətlərin həcmini təhlil edərək bildirib ki, görülən işlər onların ehtiyaclarını ödəmək üçün kifayət etmir. Bu səmərəliliyin olmaması Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə inkişafın bir mərhələsindən digərinə uğurla keçən ŞT startaplarının aşağı konversiya göstəriciləri ilə sübut olunur. Şərq Tərəfdaşlığı inkubatorlarının aşağı fəaliyyət göstəricilərinin artırılması və inkubatorların ixtisaslarını və təmin edə biləcəkləri və ya startaplara yönəldə biləcəkləri təcrübənin həcmini artırmaq üçün əlavə resurslar vasitəsilə aradan qaldırılmalı olan boşluqdur. Şərq Tərəfdaşlığı inkubatorları üçün ən vacib məsələ investorlar və bazarlarla işin qurulması üzərində işləməkdir. Bu, startaplara sektordakı müştərilərinin real ehtiyaclarının və bazarda satış imkanlarının nə olduğunu ilkin mərhələdə anlamağa kömək edir. Ümumilikdə inkubatorlar ideyanı hədəf müştərilərlə vaxtında sınaqdan keçirməyə imkan verməklə və sınaq üçün qrantlar və ya “güzəştli” (zəmanətsiz) kreditlər ayırmaqla startaplara “sürətli və ucuz uğursuzluq” imkanları təqdim etməlidir. Özəl sektor xüsusi istedadlı şəxslərə çıxış, bazarın tədqiqi, yeni gəlir mənbələri və brend haqqında məlumatlılığın artırılması daxil olmaqla, erkən mərhələdə startapların dəstəklənməsindən birbaşa faydalana bilər.
Bu tədbir çərçivəsində ŞT ölkələrinin qabaqcıl təcrübəsi haqqında dəyirmə masa təşkil olunub:
- Moldovadakı XY İnkubatorunun partnyoru Trayan Kivriqa bu inkubatorun maraqlı ideyaları ilə seçilən sahibkarlara komanda tapmaq, biznes ideyalarını reallaşdırmaq və yerli korporasiyalarla əlaqə yaratmaqda necə kömək etdiyini izah edib.XY mentorları bank və ya telekommunikasiya şirkəti kimi bir növ korporasiyanı təmsil edən xüsusi sektorlarda praktiki biliyə malik insanlardır. Təlim proqramlarının işlənib hazırlanması üzərində çalışan Trayan Kivriqa, bazarın cari ehtiyacları ilə bağlı mentorların rəyləri, eləcə də biznes ideyalarının yoxlanılması kimi praktiki bacarıqlar daxil olmaqla, iterativ yanaşmanın zəruriliyini qeyd edib.
- Gürcüstanda fəaliyyət göstərən Impact Hub Tbilisi təşkilatının həmtəsisçisi Ketevan Ebanoyidze 2016-cı ildə birgə fəaliyyətin konsepsiyasının təqdimatı və populyarlaşdırılmasından söz açıb və qeyd edib ki, bu konsepsiya müxtəlif sektorlardan olan həmfikir insanlar arasında əməkdaşlığa şərait yaradır. Impact Hub Tbilisi-nin ilkin sürətləndirmə və sürətləndirmə proqramlarına əlavə olaraq, potensial investorlarla, o cümlədən sektordakı korporativ şirkətlər və mələk şəbəkəsi ilə qarşılıqlı əlaqələr qurulur. Onun sözlərinə görə, ilkin sürətləndirmə proqramlarına “Gürcüstanda çalışan və şirkəti olan demək olar ki, hər bir uğurlu sahibkar” qoşulub və bununla da startaplar real dünya təcrübəsindən öyrənmək imkanı qazanıblar.
- Moldovadakı Dreamups adlı innovasiyaların və sahibkarlığın sürətləndiricisi təşkilatında icraçı direktor olan Alyona Rotaru isə qeyd edir ki, startapları dəstəkləmək üçün Dreamups tərəfindən 2016-cı ildə həyata keçirilən ilk proqramlar Silikon Vadisindəki proqramlardan ilhamlanıb. Hal-hazırda startaplar üçün lazım olan bütün proqramlar tətbiq edilib. Buraya təhsil, istedadların inkişafı, məktəblər və universitetlərlə işdən tutmuş biznes mələkləri şəbəkəsi vasitəsilə maliyyə mənbələrinə çıxışa və özəl sektorla əməkdaşlığa qədər müxtəlif formada dəstək daxildir. Alyona Rotaru xüsusi sahibkarlıq təfəkkürünün inkişafının zəruriliyini vurğulayıb. Bu səbəbdən Dreamups gələcək startap nəsillərə çevriləcək məktəblilər üçün proqramlar işləyib hazırlayır. Məktəblilələrə dizayn təfəkkürü və texnologiyalardan istifadə daxil olmaqla, müştərilərə yönəlmiş məhsulların yaradılması öyrədilir.
- Ukraynada fəaliyyət göstərən Tech Startup School adlı təşkilatın baş direktoru və təsisçisi Nazar Podolçak bildirib ki, təşkilatın ölkənin ən böyük universitetlərindən biri olan Milli Politexnik Universitetində yerləşməsinin səbəbi ağıllı insanları bir araya gətirməyə kömək edir və startaplara prototipləşdirmə üzrə texnoloji yeniliklərdən yararlanmağa imkan verir. Hazırda Tech Startup School iqtisadiyyatın müxtəlif sektorlarında müxtəlif hədəf qrupları üçün 15 proqram, eləcə də yerli hökumət ilə birgə maliyyələşdirilən xüsusi maliyyələşdirmə proqramı həyata keçirir.
- Ermənistanın TUMO Yaradıcı Texnologiyalar Mərkəzinin inkişaf üzrə direktoru Pegor Papazyan TUMO Labs-ı təqdim edib. Bu təşkilat səhiyyə və ya yaşıl texnologiyalar kimi xüsusi sahələrə uyğunlaşdırılmış inkubasiya baxımından geniş miqyaslı xidmət təminatçısı qismində çıxış edir. Peqor Papazyan vurğulayıb ki, artıq ideyanın kəşfi mərhələsində TUMO inkubasiya iştirakçılarını biznes sektoru ilə qarşılıqlı əlaqələr qurmağa “vadar edir”. Bu metodologiya “tələsik ideyalar irəli sürməkdənsə, ideyalar yaratmaq üçün biznes sektoru ilə əməkdaşlıq etikasını formalaşdırmağa” kömək edir. Bundan əlavə, TUMO laboratoriyaları bir təşkilat olaraq texnologiyalar sahəsində yerli və beynəlxalq səviyyəli şirkətlərə müraciət edir və onlardan öz sahələrində strateji (kritik olmayan) tapşırıqlar yaratmağı, gənclərdən ibarət komandaları bu tapşırıqlar üzərində işləməyə həvəsləndirməyi və aparıcı istifadəçilər ilə ilkin əlaqələr qurmağı xahiş edir.
Qabaqcıl təcrübə mövzusuna gəlincə, dəyirmi masanın ŞT-dən olan məruzəçiləri komandanın qurulmasına dəstəyin tələb olunduğunu qeyd ediblər. Onlar xüsusilə tərəfdaşların axtarışı və müxtəlif potensial təsisçilərin qarşılıqlı kəşfi məsələlərinə diqqət yetirilməsinin vacibliyini vurğulayıblar. Onlar həmçinin yeni dəstək proqramlarının işlənib hazırlanmasında problemin həllinə yönəlmiş yanaşmanın, praktiki yanaşmanın və təhsil proqramlarında işləyərək öyrənməyin, hər bir startap təsisçisinin daxili motivasiyasını anlamağın və hər bir startap komandasının mentorluğuna və sürətləndirilməsinə fərdi yanaşmanın əhəmiyyətini vurğulayıblar.
Tərəfdaşlıqların və əməkdaşlığın ön plana çəkilməsi
Məlumatlılığın artırılmasına yönəlmiş hər iki sessiyada səmərəli və müsbət dəyişikliklər yaradan innovasiyalar və biznesin inkişafı “yolları”, eləcə də startaplar və böyüməkdə olan şirkətlər üçün xidmət alətləri olan yüksək fəaliyyət göstəricilərinə malik ekosistemlərin qurulmasında innovasiya ekosistemi iştirakçıları arasındakı tərəfdaşlıqların rolu diqqətə çatdırılıb.
EU4Digital İKT İnnovasiya Proqramının rəhbəri Anna Pobol 2022-ci ildə Dealroom ilə əməkdaşlıq çərçivəsində EU4Digital tərəfindən istifadəyə verilən ŞT Startap ekosistemi platformasını hər iki tədbirin iştirakçılarına təqdim edib. Bu platforma startaplara region ilə maraqlanan investorlar ilə əlaqələr qurmağa yardım edir. Burada həmçinin ekosistemin qurucuları və tənzimləyici orqanlar üçün, eləcə də startap ekosisteminin inkişafındakı cari tendensiyaları və boşluqları, o cümlədən məlumatlara əsaslanan siyasətlərin müdaxiləsini aşkar etməyə imkan verən praktiki alətlər vardır. Şərq Tərəfdaşlığı ölkələrindəki inkubatorlar və innovasiyalara dəstək sahəsindəki iştirakçılar çalışdıqları startapların daha yaxşı tanınmasına dəstək məqsədilə onları platformadan fəal şəkildə istifadə etməyə dəvət etməli və təkliflərdən maksimum yararlanmağa kömək etmək üçün təqdim olunmuş bələdçidən istifadə etməyə təşviq etməlidirlər.
Əlavə məlumat
Tədbirlərdəki təqdimatları aşağıdakı keçidlər vasitəsilə (pdf formatında) endirmək mümkündür:
- Çus Lozano – “Donor maliyyələşdirməsi vasitəsilə milli ekosistem qurucularının fəaliyyətinin dəstəklənməsinin əhəmiyyəti” (18 iyul)– “ŞT ölkələrində yüksək fəaliyyət göstəricilərinə malik inkubasiyanın inkişafında özəl sektorun rolu” (8 avqust)
- Alvaro Simon de Blas – “İspaniya Milli BİM Assosiasiyası ANCES”
- Natalia Bejan – “Ekosistem qurucuları nə üçün tələb olunur? Startup Moldova-nın tematik araşdırmasına əsasən“
- Azərbaycan
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu

17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu
08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu
06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu