EU4Digital proqramı Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların yaradılmasına dəstəyi çərçivəsində Rəqəmsal bacarıqlara dair milli koalisiyalara dair təlimatlar toplusu hazırlayıb.
2013-cü ilin mart ayında Avropa Komissiyası ilk dəfə olaraq “Rəqəmsal bacarıqlar və məşğulluq koalisiyası” yaradıb və Avropada rəqəmsal bacarıqlar çatışmazlığını aradan qaldırmaq məqsədilə tədbirlər görən Aİ-yə üzv dövlətlər, şirkətlər, sosial tərəfdaşlar, qeyri-kommersiya təşkilatları və təhsil sahəsi üzrə təchizatçıları bir araya gətirib. Ümumilikdə Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyalar (Milli koalisiyalar) rəqəmsal bacarıqlar ilə əlaqədar təşəbbüslərin əlaqələndirilməsi, maarifləndirmə işinin gücləndirilməsi və həmin koalisiyaları yaradan bütün ölkələr arasında qabaqcıl təcrübələrin paylaşılmasına kömək məqsədi daşıyır. Hesablamalara əsasən 2018-ci ilin oktyabr ayına qədər Aİ koalisiyasının fəaliyyətləri təxminən 10,9 milyon insan əhatə edib.
Aİ-də ümumilikdə 24, Şərqi tərəfdaş ölkələrində (Ermənistan və Ukrayna) cəmi iki milli koalisiya yaradılıb və 2020-ci il ərzində daha çox milli koalisiyanın yaradılması gözlənilir. 2017-ci ildə yaradılan İrlandiya rəqəmsal bacarıqlar və məşğulluq koalisiyası, dəqiq müəyyənləşdirilmiş hədəfləri və geniş əhatə dairəsi olan düzgün qaydada qurulmuş milli koalisiya nümunəsi hesab olunur.
“İrlandiya rəqəmsal bacarıqlar və məşğulluq koalisiyası bu məqsədlə yaradılmış çox faydalı bir təşəbbüsdür. İrlandiyada rəqəmsal bacarıqlar çatışmazlığını aradan qaldırmağa çalışan şirkətlər, sosial tərəfdaşlar, qeyri-kommersiya təşkilatları və təhsil sahəsi üzrə təchizatçılar ən yaxşı təcrübə və imkanları bölüşmək və bütün səviyyələrdə rəqəmsal savadlılığı və İKT bacarıqlarını artırmaq üçün yeni fikirlər yaratmaq məqsədilə bir araya gəliblər”. Bu sözləri İrlandiya rəqəmsal bacarıqlar və məşğulluq koalisiyasının koordinatoru Meri Kliri deyib. “Milli koalisiya bizə gələcək imkanlarımızı artırmaq və İrlandiyada təkrarlana bilən təşəbbüslər dairəsini genişləndirmək üçün digər Aİ-yə üzv dövlətlərin maraqlı tərəfləri ilə işləmək imkanı verir. Hər kəsin rəqəmsal iqtisadiyyatda və cəmiyyətdə səmərəli fəaliyyət göstərməsi üçün birlikdə çalışdığımız üçün Avropa koalisiyasındakı tərəfdaşlarımızla öz fikirlərimizi bölüşməkdən məmnunluq və qürur hissi keçiririk. Rəqəmsal bacarıqlara tələbat qlobal bir hadisədir və Avropanın digər yerlərində olduğu kimi İrlandiyada da artmaqda davam edir. Bu bacarıqları inkişaf etdirmək və təkmilləşdirmək üçün istifadə etdiyimiz strategiyalarda yaradıcı olmalıyıq”.
Hal-hazırda iki tərəfdaş ölkədə – Ermənistan (2017-ci ildə) və Ukraynada (2019-cu ildə) milli koalisiyalar yaradılıb və digər Şərqi tərəfdaş ölkələrində bu cür koalisiyaların yaradılması ilə bağlı müzakirələr davam etdirilir. Digər ölkələrdə milli koalisiyaların yaradılmasına şərait yaratmaq və Ermənistan və Ukraynadakı milli koalisiyaların idarə edilməsinə və təbliğinə dəstək olmaq üçün EU4Digital proqramı çərçivəsində milli koalisiyaların yaradılması və idarə olunmasının əsas fəaliyyət istiqamətlərini və prinsiplərini ümumiləşdirən Rəqəmsal bacarıqlara dair milli koalisiyalar üçün təlimatlar hazırlanıb.
Təlimatlar milli koalisiyaların yaradılmasında aşağıdakılar daxil olmaqla, əsas mərhələləri əhatə edir:
- Potensial milli koalisiya üzvlərinin müəyyənləşdirilməsi;
- Milli koalisiyanın məqsədlərinin müəyyənləşdirilməsi;
- Fəaliyyət planının tərtib olunması;
- Milli koalisiyanın idarə edilməsi;
- Milli koalisiyanın təşviqi.
Təlimatlarda həmçinin milli koalisiyalar, Aİ Koalisiyası üzvləri nizamnaməsi, resurslar və qabaqcıl təcrübələr və Aİ koalisiyasının öhdəlikləri barədə məlumat
verən bir neçə mənbəyə keçidlər təqdim edilib.
Avropa İttifaqı EU4Digital təşəbbüsü çərçivəsində Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqlara dair strategiyaların icrasını dəstəkləyir və rəqəmsal bacarıqlar və məşğulluq üzrə koalisiyaların, KOM-lar və mikromüəssisələr üzrə səlahiyyət bazasının yaradılması istiqamətində fəaliyyət göstərir.
Daha çox öyrən
EU4Digital: Rəqəmsal bacarıqlara dair milli koalisiyalar üçün təlimatlar
Avropa Komissiyası: Milli koalisiyalar
Avropa Komissiyası: Rəqəmsal bacarıqlar və məşğulluq üzrə koalisiya
Avropa Komissiyası: Rəqəmsal bacarıqlar və məşğulluq üzrə koalisiya (qısa məlumat)
Rəqəmsal bacarıqlar və məşğulluq üzrə koalisiya üzvlərinin nizamnaməsi
Rəqəmsal bacarıqlara dair resurs və qabaqcıl təcrübələr
Rəqəmsal bacarıqlar və məşğulluq üzrə koalisiya üzvlərinin öhdəlik səhifəsi