31 yanvar 2023-cü il tarixində Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflər üçün keçirilən tədbirdə logistika sahəsində elektron yükdaşıma məlumatlarının mübadiləsinin (eFTI) tətbiqinin əhəmiyyəti və faydaları diqqət mərkəzində olub. EU4Digital proqramının Elektron ticarət üzrə komandası tədbiri məlumatlılığı artırmaq, eFTI mübadiləsi və Aİ-nin əlaqədar qaydaları haqqında daha ətraflı məlumat vermək məqsədilə təşkil edib.
Tədbir zamanı həmçinin EU4Digital proqramının II mərhələsi çərçivəsində Rəqəmsal Nəqliyyat Dəhlizlərinə (eFTI-nin tətbiqi) dair fəaliyyətlərə start verilib. Sözügedən fəaliyyət iki seçilmiş Şərq Tərəfdaşlığı ölkəsində elektron yükdaşıma infrastrukturunun yaradılması və eFTI Reqlamentinin həyata keçirilməsi üçün mərhələli planın hazırlanması məqsədi daşıyır.
EU4Digital proqramının qrup lideri Arturas Piliponis tədbiri giriş sözü ilə açıb. O, Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin logistika sektoru arasında uzlaşdırılmış tərəfdaşlığın zəruriliyindən danışıb.
EU4Digital proqramının elektron ticarət üzrə qrup rəhbəri Ruta Salvite-Tamosiyuniyen yük daşımaları ilə bağlı elektron məlumatların mübadiləsinin üstünlüklərinə diqqət çəkib. Buraya nəqliyyat sənayesində şəffaflığın və səmərəliliyin artırılması, xərclərin azaldılması, biznes sektoru ilə dövlət orqanları arasında (B2A) məlumat mübadiləsinin sadələşdirilməsi və əlaqəli ekoloji faydalar daxildir. O, Aİ-də yükdaşıma məlumatlarının elektron mübadiləsi üçün standartları müəyyən edən eFTI Reqlamentinin əhəmiyyətini və onun Şərq Tərəfdaşlığı ölkələrində nəqliyyat sektorunun inkişafına necə dəstək ola biləcəyinin əhəmiyyətinə toxunub.
Bu sahədə çalışan ekspertlər regionda yük daşımaları və eFTI Reqlamentinə dair elektron məlumat mübadiləsində ən son yeniliklər və tendensiyalar barədə geniş məlumat veriblər.
- Aİ-də tətbiq edilən rəqəmsal logistika həlləri üzrə mütəxəssis Risardas Bedulskis Estoniya, Latviya, Litva və Polşada eCMR üzrə (logistika üçün çap sənədsiz texnoloji həlli) DIGINNO-Proto və DINNOCAP pilot layihələrinin uğurundan söz açıb. Bu həllərin əsas faydaları logistika şirkətləri üçün iş yükünün və çap sənədlərlə işin azaldılması və B2A məlumat mübadiləsinin sürətləndirilməsidir.
- EU4Digital proqramının logistika məlumatlarının mübadiləsi üzrə hüquqi məsələlər və Aİ-nin məlumatlarla bağlı standartları sahəsində eksperti Valter Trezek Avropa Komissiyasının eFTI Reqlamentinin (Rəqəmsal Nəqliyyat və Logistika Forumu) tətbiqi üçün texniki yardım göstərən Aİ-nin ekspert işçi qrupundakı yeni işlər haqqında qısa məlumat verib. Hal-hazırda DTLF mütəxəssisləri eFTI və milli tələblər üçün müəyyən edilmiş məlumatlar üzrə səlahiyyət verilmiş aktların qəbulu, o cümlədən səlahiyyətlilər üçün ümumi qaydalar üzrə aktların həyata keçirilməsi üzərində işləyirlər. Bu aktların Rəqəmsal Nəqliyyat Dəhlizi üzrə fəaliyyətlərin hazırlanması zamanı qəbul ediləcəyi və Şərq Tərəfdaşlığı ölkələrində elektron yük daşımaları infrastrukturunun həyata keçirilməsi üçün mərhələli planın işlənib hazırlanmasında mühüm rol oynayacağı gözlənilir.
- Nəqliyyatın planlaşdırılması, logistika və rəqəmsal nəqliyyat həlləri üzrə mütəxəssis Vladimir Obuçina Qərbi Balkanlarda layihə çərçivəsində eFTI-nin tətbiqinin praktiki nümunəsini təqdim edib. Burada olan altı ölkə eFTI Reqlamentinin tətbiqinə hazırlaşırlar. Layihə rəqəmsal texnologiyalardan daha çox istifadəni, logistika operatorları üçün inzibati yükün azaldılmasını və avtomobil, dəmir yolu və daxili su yolu nəqliyyatı daxil olmaqla multimodal daşımaların artırılmasını təşviq edir.
Müzakirə iştirakçıları eFTI mübadiləsinin həyata keçirilməsində öz təcrübələrini və qabaqcıl təcrübələrini bölüşüblər. Məsələn, Ukrayna nümayəndələri hal-hazırda bu ölkədə yüklər üzrə elektron qaimələrin (eTTN) tətbiqinə dair təşəbbüs haqqında məlumat veriblər. Bu ölkədə eTTN-nin 2023-cü ilin avqust ayından istifadəyə verilməsi planlaşdırılır.
Ümumilikdə Şərq Tərəfdaşlığı ölkələrinin hökumət və gömrük orqanlarının, elmi dairələrinin və ticarət assosiasiyalarının 40-dan çox nümayəndəsi eFTI mübadiləsi və əlaqədar tənzimləmə haqqında dəyərli biliklər əldə ediblər. Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrində adı çəkilən mühüm təşəbbüslər haqqında məlumatlılığın artırılmasının və onların həyata keçirilməsinə dəstəyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.