30 mart 2023-cü il tarixində EU4Digital təşəbbüsünün İKT və innovasiyalar komandası Şərq Tərəfdaşlığı (ŞT) regionunda blokçeyn ekosisteminin inkişafına dəstək üçün onlayn şəbəkə tədbiri keçirib. Blokçeyn assosiasiyaları, innovasiya ekosisteminin əsas iştirakçıları, eləcə də ŞT hökumətləri orqanlarının nümayəndələri Beynəlxalq Etibarlı Blokçeyn Tətbiqlərinin Assosiasiyası (INATBA) və onun əsas tərəfdaşlıqları və əməkdaşlıq imkanlarını müzakirə ediblər.
30-a yaxın ŞT təşkilatını, o cümlədən normativ-hüquqi bazanın işlənib hazırlanmasında iştirak edən mərkəzi bankları, blokçeyn assosiasiyalarını, İT müəssisələri assosiasiyalarını, eləcə də maliyyə texnologiyaları şirkətlərini, startapları və blokçeyn və digər bölüşdürülmüş kitabça texnologiyası (DLT) ilə işləyən müəssisələri təmsil edən 50-dən artıq iştirakçı, blokçeyni diqqət mərkəzində saxlayan təhsil təşkilatları, həmçinin Şərq Tərəfdaşlığı ölkələrində innovasiyalar ekosistemlərin inkişafını əlaqələndirən nazirlik və qurumların nümayəndələri tədbirdə iştirak edib.
Tədbirin məqsədi ŞT-də yerləşən blokçeyn assosiasiyalarının və qanunverici orqanların nüfuzlu ekspertlər və oxşar Aİ təşkilatları ilə inteqrasiyasını dəstəkləməkdir. Bu da öz növbəsində Şərq Tərəfdaşlığı ölkələrində innovasiyaların inkişafına şərait yaradan blokçeyn ekosisteminin tənzimlənməsində və inkişafında müsbət dəyişikliklərə töhfə verə bilər.
Blokçeyn ekosisteminə dair geniş təqdimat
EU4Digital Proqramının köməkçi qrup rəhbəri Ruta Salvite-Tamosiyuniyen tədbiri açaraq onun məqsədləri haqqında danışıb və EU4Digital proqramını təqdim edib. INATBA-nın Direktorlar Şurasının üzvü Marqarita Leder daha sonra INATBA-nın qlobal fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib.
INATBA blokçeyn həllərinin inkişaf edə biləcəyi bir mühit yaratmaq üçün təsis edilib… burada biz tənzimləyicilər və qanunvericilərlə bu texnologiyanın bazarı necə dəyişdirdiyi və işçi qüvvəsinə necə təsir etdiyi barədə açıq söhbət edə bilərik.
INATBA-nın Direktorlar Şurasının üzvü Marqarita Leder
Aİ-nin Blokçeyn üzrə Rəsədxana və Forumunun rəhbəri Toniya Damvakeraki Aİ-nin bir çox innovativ həllərin sınaqdan keçirilməsinə imkan verən əhəmiyyətli maliyyələşdirmə və dövlət-özəl tərəfdaşlıqlarla dəstəklənən blokçeyn strategiyasının prinsipləri və elementləri haqqında ümumi məlumat verib. O, Aİ-ni texnologiya sahəsində lider olmasına yönəlmiş Avropa Komissiyasının blokçeyn strategiyasından bəhs edib və Blokçeyn üzrə Rəsədxana və Forumunun rolunu izah edib. Bu, Aİ-də blokçeyn ilə bağlı innovasiyaları və blokçeyn ekosisteminin inkişafını sürətləndirmək məqsədi daşıyan Avropa Komissiyasının təşəbbüsüdür. INATBA ilə birlikdə Aİ-nin Blokçeyn üzrə Rəsədxanası və Forumu Avropa Komissiyasının blokçeyn icması, özəl sektor və elmi dairələr ilə qarşılıqlı əlaqədə olması üçün bir kanal təqdim edir. Rəsədxananın internet səhifəsində hökumətlər, korporasiyalar və ya startaplar tərəfindən dəstəklənən blokçeyn təşəbbüslərinin xəritəsini, o cümlədən ŞT ölkələrində fəaliyyət göstərən bir neçəsini tapa bilərsiniz.
INATBA tərəfindən təklif olunan fürsət və faydalar
Tədbirin ikinci hissəsində INATBA-nın icraçı diretoru Rikardo Simoyes sözügedən təşkilatı təqdim edib. Şirkətlər, hökumətlər və elm adamlarından ibarət bu qlobal assosiasiya Aİ tərəfindən 105 təsisçi üzvlə yaradılmışdır. O, INATBA-nın blokçeyn texnologiyası haqqında yanlış təsəvvürləri və məlumatsızlığı necə aradan qaldırdığına toxunub. Assosiasiyanın fərqli dəyərləri startaplardan tutmuş bu sahədə çalışan əsas tərəflərə qədər biznes müəssisələrinin ehtiyaclarına, həmçinin DLT proqramı üzərində işləyən elmi dairələrin və tənzimləyicilərin ehtiyaclarına xidmət etməkdir. “Bu yanaşma sənaye, dövlət sektoru, elmi dairələr və tədqiqatlar arasında qarşılıqlı əlaqə və bilik mübadiləsinə imkan verir”, – deyə o, bildirib. O, həmçinin kollektiv mövqelərin təkmilləşdirilməsinə və INATBA-nın tənzimləyicilər və qanunvericilər tərəfindən etibarlı olmasını təmin etməyə kömək edir. Bu, blokçeynlə bağlı bir çox mühüm normativ-hüquqi aktlarla yanaşı, etimad xidmətləri və bacarıqların inkişafı proqramı kimi sahələrdə INATBA-nın faydalı töhfəsi və müsbət təsiri ilə nəticələnir.
Daha sonra, INATBA-nın PR/Elmi dairələr və üzvlük üzrə rəhbəri Bara Greplova iştirakçılara təşkilatın fəaliyyət mühiti və Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflər üçün əməkdaşlıq imkanları haqqında ətraflı məlumat verib.O, həmçinin 2022-2023-cü illərdə məşvərət orqanlarının işi və qanunvericilərin iştirak imkanları haqqında ümumi məlumat verib. O, INATBA-nın maliyyə, təhsil, eyniyyət, məxfilik, sosial təsir və dayanıqlıq kimi sahələr üzrə işçi qruplarına, eləcə də Standartlar Komitəsinə qoşulmağa dair kriteriyaları və bunun faydalarını izah edib və 2023-cü il üzrə görüləcək əsas işlərdən danışıb.
INATBA-nın tərəfdaşlıqlar və üzvlük üzrə rəhbəri Morqan Steyn bu sektorda çalışan maraqlı tərəflər üçün dəyərli təklifi daha ətraflı izah edib. Buraya üzvlər üçün mövcud olan bir sıra alətlər və qaydaların işlənib hazırlanmasından tutmuş istifadə hallarının təşviqinə və bazarın araşdırmasına töhfə verməyə qədər müxtəlif xidmətlər daxildir. O, həmçinin Şərq Tərəfdaşlığındakı milli blokçeyn assosiasiyalarını anlaşma memorandumları əsasında mümkün sinerji və əməkdaşlığı müzakirə etməyə dəvət edib.
Təcrübə mübadiləsi və məsləhətləşmə
Tədbirin kulminasiya nöqtəsində Bara Qreplovanın moderatorluğu ilə keçirilən müzakirədə INATBA-nın üzvləri və tərəfdaşları əməkdaşlıq təcrübələrini bölüşüblər.
- Gent Universitetində baş elmi işçi və INATBA-nın elmi dairələrlə məşvərət orqanının üzvü Qustavo Priyeto INATBA-nın dövlət və özəl sektorda çalışan orqanlarla işi ilə bağlı müsbət təcrübəsini bölüşüb. Onun sözlərinə görə, sözügedən assosiasiyada praktiki məsələlərin müzakirəsi və geniş ictimaiyyətlə inteqrasiya üçün tədbirlər həyata keçirilir. O, blokçeyn sahəsində standartların hazırlanması üçün ümumi terminlər üzərində işi misal gətirib.
- IOTA Fondunun Baş Tənzimləmə Mütəxəssisi və Sosial Təsir və Davamlılıq üzrə INATBA İşçi Qrupunun həmsədri Mariana de la Roşe IOTA Fondunun əməkdaşlıq çərçivəsində görülən birgə işlərini təqdim edib və müəyyən spesifik mövzular üzrə izolyasiyanı aradan qaldırmaq üçün IOTA-nın INATBA ilə əməkdaşlıq etməyə başladığını deyib.
- Aİ-nin Blokçeyn üzrə Rəsədxanası və Forumunun rəhbəri Toniya Damvakeraki maraqlı praktiki halları müəyyən etməyə və ekspertləri səfərbər etməyə imkan verən hesabatların birgə hazırlanması və tədbirlərin təşkili ilə bağlı təcrübəsini bölüşüb.
Tədbirin əsas hissəsind’ Şərq Tərəfdaşlığından dəvət olunmuş şəxslərlə canlı müzakirə təşkil olunub. Müzakirə, iştirakçı şirkətlər, tənzimləyicilər və assosiasiyalar tərəfindən qaldırılan bir çox praktiki məsələləri əhatə edib. Tənzimləmə sahəsində blokçeyn həllərinin tətbiqi ilə bağlı suala cavab verərkən Toniya Damvakeraki bütün iştirakçılara Bölüşdürülmüş kitabça texnologiyası üzrə Avropa blokçeyn tənzimləyici test rejimi ilə tanış olmağı tövsiyə edib. Orada Avropa Blokçeyn Xidmətləri İnfrastrukturu əsas məlumatlar, transsərhəd dövlət sektoru blokçeyn xidmətləri və tərtibatçılar üçün fürsətlər var.
Tənzimləyici orqanların INATBA ilə əməkdaşlığa potensial olaraq necə töhfə verə biləcəyi və ya bundan faydalana biləcəyi ilə maraqlandıqdan sonra Bara Greplova hökumətin məsləhətçi orqanına qoşulmağın əsas faydasının bütün dünyada blokçeyn tətbiqinin müxtəlif mərhələlərində işləyən tənzimləyicilər və ictimai sektor nümayəndələri şəbəkəsinə çıxış imkanı olduğunu qeyd edib. İşçi qruplara qoşulmağın da faydası çoxdur, çünki iştirakçılara bu sahənin nümayəndələrinin və təcrübə keçənlərin fikirlərini eşitməyə imkan verir.
Görülən işləri necə izləmək olar
Tədbirin yekun hissəsində, EU4Digital təşəbbüsünün İKT və innovasiyalar istiqaməti üzrə rəhbəri və tədbirin moderatoru Anna Pabol ŞT-dən olan maraqlı tərəflərləyeni əməkdaşlıqların qurulması istiqamətində göstərdikləri səylərə görə onlara təşəkkür edib. O, qeyd edib ki, EU4Digital proqramı INATBA ilə əməkdaşlıq çərçivəsində INATBA-ya qoşulmağa dair bələdçi hazırlayıb və burada üzvlüyə dair kriteriyalar və şərtlər ətraflı təsvir olunub.
Bara Greplova INATBA-nın birgə layihələrin həyata keçirilməsi, TAİEX və Tvinninq tərəfdaşlıqları və mərkəzi bankların və ŞT ölkələrində blokçeyn assosiasiyalarının mentorluğu kimi qeyri-standart əməkdaşlıq növlərinə də açıq olduğunu təsdiqləyib. O, ŞT-dən olan maraqlı tərəfləri müzakirələrin aparılmasına dəvət edib.
Əlavə məlumat
Tədbirin proqramına və INATBA-ya qoşulmağa dair bələdçiyə buradan baxın və məruzəçilərin təqdimatlarına buradan nəzər salın: