Oktyabrın 9-da keçirilən virtual tədbirdə iştirak edən 50-dən artıq rəqəmsal texnologiyalar sahəsində çalışan ekspert, qanunverici, Aİ Nümayəndəliklərinin əməkdaşları və Şərqi tərəfdaşlıq ölkələrinin nümayəndələri elektron imzadan kibertəhlükəsizliyə qədər EU4Digital təşəbbüsünün Etimad və təhlükəsizlik şəbəkəsinin fəaliyyətlərinin əhatə etdiyi sahələrdə əldə olunan nailiyyətlər haqqında məlumat alıblar.
EU4Digital təşəbbüsünün qrup rəhbəri Artur Piliponis və EU4Digital Etimad və təhlükəsizlik şəbəkəsinin qrup rəhbəri Martinas Daugirdasın rəhbərlik etdiyi iclas, 5-9 oktyabr tarixlərində baş tutan EU4Digital təşəbbüsünün Koordinasiya Komitəsinin iclası çərçivəsində EU4Digital Proqramı tərəfindən təşkil edilib.
Etimad və təhlükəsizlik qrupunun nümayəndələri iştirakçılara Şərqi tərəfdaşlıq ölkələrində elektron identifikasiyanın qarşılıqlı tanınması və elektron identifikasiyanın yetkinlik səviyyəsinin qiymətləndirilməsi, transsərhəd elektron imza üzrə pilot layihəsi, transsərhəd elektron xidmətlər və Şərqi Tərəfdaşlıq regionunda kibertəhlükəsizliyə dair qaydalar barədə iştirakçılara məlumat veriblər.
Şərqi tərəfdaşlıq ölkələrində elektron identifikasiyanın (eID) istifadəsi, cəmiyyətə təsiri və yetkinlik səviyyəsinin təhlili ilə bağlı əldə olunan nəticələr təqdim olunub. Nəticələr göstərir ki, ölkələr texnoloji baxımdan fəaliyyətlərini müəyyən dərəcədə uyğunlaşdırıb, amma təşkilati və idarəçilik sahələrində görüləcək işlər hələ də çoxdur. EU4Digital Proqramı, Şərqi tərəfdaşlıq ölkələrində kibertəhlükəsizlik potensialının və kibertəhlükəsizliyin dayanıqlığının gücləndirilməsi baxımından aradan qaldırılması tələb olunan əsas maneələri və boşluqları ümumiləşdirərək kibertəhlükəsizliyə dair təlimatların nəticələrini də təqdim edib.
Transsərhəd elektron imza vahid rəqəmsal bazarın Şərq Tərəfdaşlığı ölkələrinə genişlənməsinə imkan verən əsas amillərdən biridir. İclas zamanı EU4Digital Proqramının Etimad və təhlükəsizlik şəbəkəsinin baş mütəxəssisi Serqey Seşel Ukrayna ilə Estoniya arasında transsərhəd elektron imza üzrə pilot layihənin növbəti nəticələrini, o cümlədən iki ölkə arasında elektron imzaların yaradılmasını və yoxlanılmasını nümayiş etdirən prototip texnoloji həlli təqdim edib.
İştirakçılar, bütün Şərqi tərəfdaşlıq ölkələrində Elektron imza və transsərhəd elektron xidmətlər üzrə pilot layihələrin genişləndirilməsi, qarşılıqlı təsirlərə dair milli strukturların yaradılması, transsərhəd əməkdaşlığın gücləndirilməsi və Şərqi tərəfdaşlıq ölkələrində CI/CII infrastrukturlarının (Son dərəcə vacib əhəmiyyətə malik infrastruktur/Son dərəcə vacib əhəmiyyətə malik məlumat infrastrukturu) identifikasiyasına dəstək daxil olmaqla, 2021-ci ildən sonrakı dövrə aid fikirlərini müzakirə ediblər. İclas, EU4Digital “Cybersecurity EAST” layihəsinin qrup lideri və GFA Consulting Group-un nümayəndəsi Besnik Limayın rəhbərliyi ilə davam edib. O, kibertəhlükəsizliyə dair layihənin mövcud vəziyyətini və qarşıdakı dövr üçün planları təqdim edib.
Etimad və təhlükəsizlik mövzusunda keçirilən iclas, müzakirələr və sual-cavab sessiyası ilə başa çatıb. Elektron identifikasiyaların qarşılıqlı tanınması üzrə regional fəaliyyət planlarının işlənib hazırlanmasına dair planlaşdırılan gələcək tədbirlər, transsərhəd qarşılıqlı tanınma və transsərhəd elektron xidmətlərin qarşılıqlı fəaliyyətini təmin etmək üçün elektron imza üzrə pilot layihənin davam etdirilməsi ilə əlaqədar olaraq, müzakirələr mövcud fəaliyyətlərdəki irəliləyişlərə, gələcək tədbirlərin prioritetlərinə və COVID-19 pandemiyası dövründə kibertəhlükəsizlik və etimad xidmətlərinin əhəmiyyətinə yönəlmişdir.
EU4Digital Etimad və təhlükəsizlik şəbəkəsinin növbəti iclasının dəqiq tarixi təsdiqlənməsə də noyabr ayında keçiriləcəyi gözlənilir.