İllik EU4Digital Startap və İnnovasiya Forumu 2022

  • Tarix: 25/01/22
  • Paylaş:

Yanvarın 27-də EU4Digital proqramı hökumət nümayəndələrinin, aparıcı startap ekosistem təşkilatlarının və innovasiya sahəsində çalışan ekspertlərin iştirakı ilə “Şərq Tərəfdaşlığında startap ekosisteminin inkişafı üzrə innovativ həllərə doğru” adlı 1-ci yüksək səviyyəli forumunu keçirəcək.Tədbir virtual seans formatında məsafədən təşkil ediləcək.

Bu yüksək səviyyəli forum nailiyyətlər və qarşıda duran vəzifələr haqqında məlumat mübadiləsi üçün platforma təmin etmək, həmçinin regionun inkişafı üçün innovativ həllərin tapılması istiqamətində gələcək əməkdaşlığı müzakirə etmək məqsədi daşıyır. Bu il forum Şərq Tərəfdaşlığı ölkələrində startap ekosisteminin inkişafını dəstəkləmək üçün strategiyalar və vasitələrə həsr olunacaq. 

Tədbirin əsas auditoriyası Avropa Komissiyasının (DG NEAR) nümayəndələri, milli hökumətlərin yüksək vəzifəli nümayəndələri, startap ekosisteminin aparıcı təşkilatları və startaplar, eləcə də İKT-innovasiyalar sahəsində tanınmış ekspertlər olacaq.

Forum Avropa Komissiyasının (DG NEAR) nümayəndəsinin çıxışı ilə başlayacaq, ardınca isə Kiyevdə EO Biznes İnkubatorunun təsisçisi və Cornell Tech-də (ABŞ) Hüquq, Texnologiya və Sahibkarlıq Proqramı üzrə təsisçi direktor olan Çarlz K. Vayt çıxış edəcək. O, regionun potensialına və bağlantının əhəmiyyətinə toxunaraq Şərq Tərəfdaşlığında İKT və startap innovasiyaları sahəsində nailiyyətlərdən nümunələr paylaşacaq.

Tədbirdə artıq 2200-dən çox startapı, 20-dən çox vençur kapitalı şirkətini və 135-dən çox korporasiyanı birləşdirən innovativ Şərq Tərəfdaşlığı startap ekosistem platformasının rəsmi təqdimatı olacaq. Platformanın məqsədi startap ekosisteminin  inkişafı üzrə məlumatlara əsaslanan siyasətin inkişafı üçün makro səviyyəli tendensiyalar və etibarlı məlumatlar təmin etməkdir. Sözügedən platforma EuropeanStartups platforması kimi Avropa İttifaqının qabaqcıl təcrübələrinə əsaslanaraq Dealroom.co ilə birgə hazırlanıb. Forum zamanı Dealroom şirkətinin ekosistemlər üzrə rəhbəri Mateu Demolin platformanı və onun çoxsaylı istifadəçi qruplarına və region olaraq Şərq Tərəfdaşlığına gətirəcəyi faydaları təqdim edəcək.

Forum çərçivəsində “Startap ekosisteminin inkişafı üzrə innovativ həllərin əhəmiyyəti” mövzusunda panel müzakirə də təşkil olunacaq. ŞT ölkələrinin yüksək vəzifəli nazirlərinin nümayəndələri və ekspertlərlə mövcud həllər, ölkə və beynəlxalq səviyyələrdə təşəbbüslərin startap ekosisteminin inkişafının sürətləndirilməsi və gələcək perspektivlər barədə müzakirələr aparacaqlar.

Panel müzakirələrdə aşağıdakı tanınmış məruzəçilər iştirak edəcək:

  • Ermənistanın Yüksək Texnologiyalar Sənayesi nazirinin müavini Davit Sahakyan
  • Moldova Respublikası İqtisadiyyat Nazirliyinin İnformasiya Cəmiyyəti və Rəqəmsal İqtisadiyyat Direktorluğunun rəhbəri Andrey Kuşka
  • Ukrayna Rəqəmsal Transformasiya nazirinin müavini və Diia Layihəsinin rəhbəri Aleksandr Bornyakov
  • EU4Digital proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobol
  • EU4Digital Proqramının İKT və innovasiyalar şəbəkəsinin aparıcı eksperti Çus Lozano

Sual-cavab sessiyası zamanı iştirakçılar sual vermək, həmçinin öz ehtiyaclarını ifadə etmək və öz fikirlərini xüsusi milli nümayəndələr və digər ekosistem iştirakçıları ilə bölüşmək imkanı qazanacaqlar. 

Bu ilk yüksək səviyyəli tədbirin hər il innovasiyalar və startaplarla bağlı müxtəlif mövzulara yönəlmiş illik foruma çevrilməsi üçün möhkəm zəmin yaradacağı gözlənilir.

Tədbirin ətraflı proqramına buradan baxa bilərsiniz.