Rəqəmsal onilliyə doğru: 2030-cü il üçün siyasət proqramı qüvvəyə minir

  • Tarix: 27/01/23
  • Paylaş:

2030-cu il üçün Rəqəmsal Onillik siyasət proqramı qüvvəyə minib. Proqramda Avropa Parlamenti, İttifaqa üzv dövlətlər və Avropa Komissiyası rəqəmsal iqtisadiyyatın inkişafına dair dörd əsas istiqamət üzrə konkret məqsəd və hədəfləri birgə müəyyən ediblər. 

Rəqəmsal cəmiyyət və rəqəmsal texnologiyalar təhsil, əyləncə, iş, araşdırma və karyera ilə bağlı planların həyata keçirilməsi üçün yeni yollar açır. Onlar həmçinin yeni azadlıqlar, hüquq və vəzifələr gətirir, eləcə də fiziki icmalarımız, coğrafi yer və sosial mövqelərimizin sərhədlərini aşmağa imkan verir. Avropa institutları ilə Aİ-yə üzv dövlətlər arasında rəqəmsal bacarıqlar, infrastruktur, o cümlədən bağlantı, biznesin rəqəmsallaşdırılması və onlayn dövlət xidmətləri üzrə siyasi razılıq əldə olunub.

Proqramın məqsədləri

2030-cu ilə hazırlıq tədbirləri görərkən Aİ-yə üzv dövlətlər Avropa Parlamenti, Avropa İttifaqı Şurası və Komissiya ilə əməkdaşlıq edərək bu dörd sahədə hədəflərə çatmaq üçün rəqəmsal siyasətlərini formalaşdıracaqlar:

  • Vətəndaşların əsas və qabaqcıl rəqəmsal bacarıqlarını təkmilləşdirmək;
  • Aİ şirkətlərində süni intellekt, verilənlər və bulud texnologiyaları kimi yeni texnologiyaların tətbiqini yaxşılaşdırmaq;
  • Aİ-də bağlantı, kompüter texnologiyaları və məlumat infrastrukturunun daha da inkişafı;
  • Dövlət xidmətlərini və idarəçiliyi onlayn olaraq əlçatan etmək.

Siyasət proqramının məqsədlərinə təhlükəsiz və etibarlı rəqəmsal texnologiyaların təmin edilməsi, kiçik və orta müəssisələr üçün rəqabətə davamlı onlayn mühit, təhlükəsiz kibertəhlükəsizlik təcrübələri, hamı üçün rəqəmsal imkanlara ədalətli çıxış və dayanıqlı, enerjiyə və resurslara qənaət edən innovasiyaların yaradılması daxildir.

Texnologiyalar cəmiyyətimizdə və həyatımızda getdikcə daha da vacib rol oynamağa başlayacaq. Monitorinq mexanizmi sayəsində indi rəqəmsal texnologiyaların bütün insanlar və müəssisələr üçün fayda verməsinə dair konkret məqsədlərimiz var.

Avropa Komissiyasının rəqəmsal texnologiyalar üzrə proqramının icraçı vitse-prezidenti Marqaret Vestager

İrimiqyaslı layihələr 2030-cu ilə qədər rəqəmsal texnologiyaların tətbiqinə dair məqsədlərə və rəqəmsal transformasiyaya nail olmaqda mühüm rol oynayır. Aİ-yə üzv dövlətlər resursları birləşdirərək təkbaşına təmin edilməsi çətin olan rəqəmsal bacarıqları inkişaf etdirmək üçün bir çox ölkəni əhatə edən layihələrdə yaxından əməkdaşlıq edəcəklər. Siyasət proqramında xüsusilə 5G texnologiyası, kvant hesablama texnologiyaları və bir-biri ilə inteqrasiya olunmuş dövlət idarələri kimi sahələrdə bir çox ölkəni əhatə edən layihələrin müəyyən edilməsi və işə salınması prosesi işlənib hazırlanıb.

Əlavə məlumat

Rəqəmsal Onillik proqramı 9 yanvar 2023-cü ildə qüvvəyə minib.

Proqramın nailiyyətlərini qiymətləndirmək və 2030-cu ilə qədər tamamlanması nəzərdə tutulan meyarların müəyyən edilməsi üçün məqsəd və hədəflər artıq başlanmış dövri əməkdaşlıq prosesi ilə tamamlanır.

Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 2022/2481 saylı Qərarı (Aİ)