Regional Rouminq Razılaşması: Şərqi tərəfdaşlıq ölkələrində rouminq qiymətləri təqribən 90% ucuzlaşa bilər

  • Tarix: 19/11/20
  • Paylaş:

Hal-hazırda EU4Digital təşəbbüsünün dəstəyi ilə hazırlanan Regional Rouminq Razılaşmasına uyğun olaraq Şərqi tərəfdaşlıq ölkələrində rouminq qiymətlərinin 2026-cı ilə kimi 90%-ə qədər ucuzlaşması gözlənilir.

2019-cu ilin fevralında, Rəqəmsal İqtisadiyyata dair Şərq Tərəfdaşlığı Ölkələri Nazirlərinin Görüşü zamanı altı Şərqi tərəfdaşlıq ölkəsi Regional Rouminq Razılaşmasını (RRR) imzalamağa dair öhdəliklərini bir daha təsdiqləyiblər. Bu yekun təsdiqlənmədən sonra EU4Digital Təşəbbüsünün Telekommunikasiya qaydaları qrupu Şərqi tərəfdaşlıq ölkələrində beynəlxalq mobil rouminq tənzimləmə bazasının uyğunlaşdırılmasına yönəlmiş regional təşəbbüs üzərində çalışıb.

Coğrafiyası

Regional Rouminq Razılaşması Şərqi tərəfdaşlıq ölkələrinin (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) mobil operator istifadəçilərinin altı Şərqi tərəfdaşlıq ölkəsindən hər hansı birini ziyarət edərkən mobil rabitə xidmətlərindən istifadə etmək imkanlarını əhatə edir.

Təsiri

EU4Digital təşəbbüsü tərəfindən hazırlanan Rouminqə dair hesabat göstərir ki, sözügedən razılaşma Şərqi tərəfdaşlıq ölkələrinin cəmiyyətlərinə fayda verəcəkdir. Altı Şərqi tərəfdaşlıq ölkəsindəki istifadəçilər üçün rouminq qiymətlərinin beş illik keçid dövründə tədricən azalması və bununla da bazarda lazımi dəyişikliklərin edilməsinə imkan verməsi gözlənilir.

Keçid dövrünün sonunda (2026-cı ildə), Şərqi tərəfdaşlıq ölkələrindəki istifadəçilər üçün rouminq xidmətlərinin pərakəndə satış qiymətlərinin 87% azalması gözlənilir. Ümumilikdə layihənin müsbət təsiri 4.6 milyon avro dəyərində qiymətləndirilir və bu rəqəm istifadəçilərin çoxluğu ilə mobil operatorların gəlir itkisi arasındakı fərqi təşkil edir.

Xidmətlər

Regional Rouminq Razılaşması rouminq zamanı istifadəçilərə əlçatan olan bütün mobil rabitə xidmətlərini əhatə edir.

  • səsli zənglər etmək və qəbul etmək;
  • SMS göndərmək və qəbul etmək;
  • mobil məlumatların ötürülməsi xidmətlərindən istifadə.

Növbəti tədbirlər

Regional Rouminq Razılaşmasını imzalamaq üçün hər bir Şərqi tərəfdaşlıq ölkəsində həmin razılaşmanın yekun mətninin təsdiqlənməsi ilə bağlı milli prosedurlar tamamlanmalıdır. Regional Rouminq Razılaşmasının imzalanması və həyata keçirilməsi ilə əlaqədar aşağıdakı qrafik təyin olunub:

  • 2021-ci ilin payızı

Şərqi tərəfdaşlıq ölkələri nazirlərinin RRR-ni imzalayacağı planlaşdırılır.

  • 2021-ci il boyunca

RRR-nin məqsədlərinə və icrasına nail olmaq üçün zəruri olan hər hansı qanunlara və/və ya normativ-hüquqi aktlara düzəlişlərin qəbulu.

  • 1 yanvar 2022

Razılaşma qüvvəyə minir, Şərqi tərəfdaşlıq ölkələrindəki insanlar altı tərəfdaş ölkə daxilində rouminq xidmətindən istifadə edərkən mobil xidmətlər üçün daha az pul ödəyəcəklər.

  • 2023-2025

Rouminq qiymətləri təklif olunan plana uyğun olaraq ucuzlaşmağa davam edəcək. 2026-cı ildə sözügedən dövrün sonunda müştərilərin rouminq xərclərinin 87% azalacağı gözlənilir.

  • 1 yanvar 2026

Müştərilərin rouminq xərclərinin Aİ-nin yeni topdansatış qiymətlərinin əks olunması və hesablanmış səmərəli daxili qiymətlərin əlavə olunması nəticəsində pərakəndə satış qiymətlərini təyin etməklə daha da azaldılacağı gözlənilir.

Regional rouminq razılaşması imzalanan kimi altı Şərqi tərəfdaşlıq ölkəsi arasında mövcud rouminq qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı salınmasını təmin edəcək. Bu, mobil rabitə şəbəkələrinin rouminq xidməti müştərilərinə digər Şərqi tərəfdaşlıq ölkələrində olan zaman daha sərfəli rouminq xidmətlərindən yararlanmağa imkan verəcək.Bundan əlavə, Regional Rouminq Razılaşmasının tətbiqi üçün tələb olunan qanuni və tənzimləyici bazaya dəyişiklik edilməsi, həmin ölkələrin milli tənzimləmə sistemlərinin Aİ-nin tənzimləyici bazası ilə uyğunlaşdırılması istiqamətində daha bir addım olacaq.

Şərqi tərəfdaşlıq ölkələri və Aİ-yə üzv ölkələr arasında beynəlxalq rouminq məkanı

2019-cu ilin fevralında keçirilən Rəqəmsal İqtisadiyyata dair Nazirlərin Üçüncü Şərq Tərəfdaşlığı Görüşündə Şərqi tərəfdaşlıq ölkələri və Aİ-yə üzv ölkələr arasında rouminq tariflərinin iqtisadi cəhətdən davamlı endirilməsi daxil olmaqla, vahid beynəlxalq rouminq məkanının yaradılması imkanının tədqiqinə dair razılığa gəlinib. Görüş zamanı həmçinin müzakirələrə başlamaq və bu prosesi dəstəkləmək üçün texniki-iqtisadi əsaslandırma aparmaq barədə də razılıq əldə edilib.

Beləliklə, yekun təsdiqlənmədən sonra, Şərqi tərəfdaşlıq ölkələri nazirləri, EU4Digital Təşəbbüsü 2020-ci ilin oktyabrında ŞT və Aİ arasında rouminq məkanına dair əsaslandırma işinə başlayıb. Bu, Telekommunikasiya qaydaları tematik sahəsi çərçivəsində yeni fəaliyyətdir. Şərqi tərəfdaşlıq ölkələri arasında Regional rouminq razılaşmasının imzalanması, ŞT və Aİ arasında vahid rouminq məkanının yaradılmasının mümkünlüyü ilə bağlı gələcək qiymətləndirmələr üçün əsas yaradır və EU4Digital proqramının heyəti bu istiqamətdə öz dəstəyini əsirgəmir. Regional rouminq razılaşmasının imzalanma mərasiminin 2021-ci ilin payızında keçiriləcəyi gözlənilir.

Gələcəkdə ŞT və Aİ-yə üzv ölkələr arasında vahid rouminq məkanının yaradılmasının reallaşacağı təqdirdə, ŞT və Aİ arasında rouminq məkanına dair əsaslandırma, layihənin həyata keçirilməsi üçün ən əlverişli hüquqi, iqtisadi və texniki seçim variantının irəli sürülməsi məqsədi daşıyacaq.