2023-cü il mayın 3-də Elektron etimad şəbəkəsinin təşkil etdiyi virtual tədbirdə elektron identifikasiya (eID) və etimad xidmətləri sahəsində görülən işlər və gələcək fəaliyyətlər diqqət mərkəzində olub. EU4Digital proqramı bu tədbiri Şərq Tərəfdaşlığı ölkələrində elektron etimad və transsərhəd rəqəmsal xidmətlər sahəsində həyata keçirilən fəaliyyətləri nəzərdən keçirmək məqsədilə təşkil edib. Tədbirə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan nümayəndələr qatılıblar.
Onlar Şərq Tərəfdaşlığı ölkələrində elektron identifikasiya və etimad xidmətləri sahəsində əldə etdikləri son nailiyyətləri paylaşmaq imkanı qazanıblar. Ermənistan nümayəndələri Aİ-də elektron əməliyyatlar üzrə elektron identifikasiya və etimad xidmətlərinə nəzarət edən eIDAS Reqlamentinin standart və prinsiplərinə tam uyğun olmaq üçün bu ölkədə etimad xidmətlərinə dair yerli qanunvericiliyi yeniləməyin prioritet olduğunu vurğulayıblar. Ukraynada Aİ-nin İxtisaslı Etimad xidmətlərini tanımaq üçün görülən tədbirlər müsbət nəticə verib və hazırda bu ölkədə eIDAS qovşağı sınaqdan keçirilir. Ukrayna həmçinin Avropa Komissiyasının Üçüncü Ölkələrdən Qabaqcıl Elektron İmza/Möhür Xidməti Provayderləri Siyahısına (TC AdES LOTL) daxil edilmiş ilk ölkədir və bu da Aİ infrastrukturundan istifadə etməklə Ukraynaya elektron imzaların və möhürlərin verifikasiyasına imkan verir.
Gürcüstan həmçinin eIDAS çərçivəsində və ETSI/CEN standartlarına uyğun olaraq akkreditə olunmuş Uyğunluğun qiymətləndirilməsi orqanı (CAB) tərəfindən sertifikatlaşdırmanın yoxlanılması ilə beynəlxalq qarşılıqlı fəaliyyət sahəsində əhəmiyyətli irəliləyiş əldə edib. Azərbaycanı təmsil edən nümayəndə isə bu ölkədə elektron identifikasiya üzrə mövcud olan texnoloji həllər, o cümlədən etimad xidmətləri ilə bağlı qanunvericiliyə edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bölüşüb. Bütün iştirakçı ölkələr elektron identifikasiya və etimad xidmətlərinin inkişafı istiqamətində görülən işlərin gücləndirilməsinə sadiq olduqlarını bildiriblər.
Elektron identifikasiya və etimad xidmətləri mövzusu ilə bağlı olaraq Avropa Komissiyasının DG CNECTbölməsinin nümayəndəsi Visente Andre Navarro gələcəkdə eIDAS Reqlamentinə və Avropa Rəqəmsal İndetifikasiya (EUDI) Reyestrinə ediləcək dəyişikliklərdən söz açıb. EUDI Reyestrinin məqsədi bütün avropalılar üçün etibarlı rəqəmsal identifikasiyaları təşviq etmək və istifadəçilərə internetdəki qarşılıqlı əlaqələri və məlumatlarına nəzarət etmək imkan verir.Sözügedən səylərə uyğun olaraq, EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkələrində təhlükəsiz və qarşılıqlı tanınan elektron identifikasiya və etimad xidmətlərini təmin etmək məqsədi daşıyır. EU4Digital Elektron etimad çərçivəsi və eIDAS prinsipləri əsasında Şərq Tərəfdaşlığı ölkələri arasında qarşılıqlı tanınma üzrə sazişlərin hazırlanması prosesini dəstəkləyir. İştirakçı ölkələr arasında transsərhəd autentifikasiyanın sınaqdan keçirilməsi üçün pilot layihələrin həyata keçirilməsi planlaşdırılır. Pilot təşəbbüsün daha geniş tətbiqindən əvvəl konkret sahələrdə elektron identifikasiya üçün əməliyyat hazırlığı, uyğunluğu və istifadəsi sınaqdan keçiriləcək, həmçinin elektron identifikasiya və xidmətlərin tətbiqinə imkan verən potensial qabaqcıl sahələr müəyyən ediləcək. EU4Digital proqramı təhlükəsiz və qarşılıqlı tanınan elektron identifikasiya və etimad xidmətləri sahəsində Şərq Tərəfdaşlığı ölkələrinə dəstək verməyə davam edir.