Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində rəqəmsal iqtisadiyyatın və cəmiyyətin təşviqi 2019-cu ildən etibarən icra olunan EU4Digital proqramının diqqət mərkəzində olmuşdur. 2021-ci il üzrə ŞT siyasət proqramının məqsədlərinə uyğun olaraq EU4Digital proqramının ikinci mərhələsi rəsmi olaraq icra olunmağa başlayıb. EU4Digital proqramı Vahid Rəqəmsal Bazarın faydalarını Şərq Tərəfdaşlığı ölkələrinə genişləndirmək məqsədi daşıyır və bu ölkələrdə rəqəmsal transformasiyanı dəstəkləmək üçün Aİ-nin flaqman regional proqramı olan EU4Digital təşəbbüsünün əsasını təşkil edir.
EU4Digital proqramının yenidən icrasına başlanması münasibətilə EU4Digital təşəbbüsü onlayn formatda iki tədbir təşkil edib: 2022-ci il oktyabrın 24-də Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransı və oktyabrın 25-də EU4Digital proqramının II mərhələsinin təqdimatı mərasimi və proqramın Koordinasiya komitəsinin iclası.
Daha güclü rəqəmsal iqtisadiyyatın və cəmiyyətin inkişafı daha çox iş yerlərinin açılmasına və iqtisadi artıma şərait yaradacaq, Şərq Tərəfdaşlığı ölkələrində biznesin inkişafına yardım edəcək və vətəndaşların həyatını yaxşılaşdıracaq. 2021-ci ilin dekabrında təsdiq edilmiş yenilənmiş Şərq Tərəfdaşlığı üzrə siyasətdə Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin dayanıqlı rəqəmsal transformasiya istiqamətində fəaliyyətlər həyata keçirməsi bir daha təsdiqlənib. EU4Digital təşəbbüsü rəqəmsal infrastruktur, e-hökumət, rəqəmsal iqtisadiyyat və innovasiyalar, kibertəhlükəsizlik və dayanıqlıq sahələrindəki fəaliyyəti ilə bu məqsədi və rəqəmsal bazarların uyğunlaşdırılmasını dəstəkləyir. EU4Digital təşəbbüsünün fəaliyyəti altı EU4Digital şəbəkəsi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.
EU4Digital proqramının II mərhələsi (2022-2025) birinci mərhələnin nailiyyətlərinə əsaslanacaq. EU4Digital proqramının I mərhələsi (2019-2022) Şərq Tərəfdaşlığı ölkələrində tövsiyələr və bazaların hazırlanması, razılaşmalar və siyasətə dair digər sazişlərin imzalanmasının asanlaşdırılması və rəqəmsal imza, e-faktura, e-gömrük və e-ticarət kimi əsas rəqəmsal həlləri sınaqdan keçirməklə rəqəmsal transformasiya vasitəsilə daha güclü iqtisadiyyatlar və daha yaxşı idarəçiliyin qurulmasına yönəlib.
Növbəti üç il ərzində EU4Digital proqramının II mərhələsi altı əsas siyasət sahəsini diqqət mərkəzində saxlamağa davam edəcək: Telekommunikasiya qaydaları, elektron etimad və transsərhəd rəqəmsal xidmətləri, e-ticarət, İKT və innovasiyalar və startap ekosistemi, e-səhiyyə və rəqəmsal bacarıqlar. Onlar Şərq Tərəfdaşlığı (ŞT) siyasətinin rəqəmsal infrastruktur, e-hökumət, kiberdayanıqlıq, rəqəmsal iqtisadiyyat və innovasiyalar üzrə əsas prinsiplərinə uyğun qurulub.
Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransı Şərq Tərəfdaşlığı üzrə rəqəmsal siyasət proqramı və qarşıdan gələn prioritetlərə həsr olunmuş illik mühüm tədbirdir. Tərəfdaş ölkələri və Aİ-ni təmsil edən nümayəndələrlə müzakirələr zamanı Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya ilə bağlı əsas mövzular müzakirə olunacaq. Konfransda həmçinin Şərq Tərəfdaşlığında sözügedən sahədə görülən işlər və çətinliklər, eləcə də bu çətinliklərin həllində və davamlı və dayanıqlı hökumətin, iqtisadiyyatın və cəmiyyətin qurulmasında rəqəmsal texnologiyaların roluna toxunulacaq. Tədbirdə iştirak etmək istəyən şəxslər burada qeydiyyatdan keçə bilərlər.Rəqəmsallaşdırma üzrə konfransdan və təqdimat mərasimindən (yalnız dəvət olunmuş iştirakçılar üçündür) əsas məqamlar EU4Digital proqramının xəbər bülleteninin xüsusi buraxılışında dərc olunacaq. E-poçt vasitəsilə yeniliklərdən xəbərdar olmaq üçün xəbər bülleteninə abunə olun.