

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransında müzakirə olunan beş vacib mövzu
Tarix: 08/11/22
Dayanıqlıq, böhran vəziyyətində cavab tədbirləri və bərpa məsələləri oktyabrın 24-də keçirilən Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransında geniş müzakirə edilib. Tədbir 2021-ci ildə baş tutan ilk Rəqəmsallaşdırma konfransının nəticələri əsasında təşkil olunub və Şərq Tərəfdaşlığı (ŞT) regionunda rəqəmsal transformasiya üzrə prioritetlərə geniş yer verilib. Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü ilə əlaqədar olaraq çıxış edən məruzəçilər konkret texnoloji həllər və mövcud alətlər haqqında danışaraq hətta çətin şəraitdə belə misli görünməmiş fəaliyyətin mümkün olduğunu dilə gətiriblər. Rəqəmsal transformasiya Şərq Tərəfdaşlığı regionunda bərpa, dayanıqlıq və islahatlar istiqamətində göstərilən səylərin əsasını təşkil etməlidir.
Müzakirə iştirakçıları və məruzəçilər aşağıdakı beş əsas sual ilə bağlı çətinlikləri və imkanları müzakirə ediblər:
Rəqəmsal idarəçilik: vətəndaşların istifadə etmək istədiyi xidmətləri necə işləyib hazırlamaq olar?
2022-ci ilin fevral ayından etibarən Ukraynada yerdəyişmə, sənədlərin itirilməsi və fövqəladə hallar səbəbindən rəqəmsal dövlət xidmətlərinə tələbat artıb. Ukraynanın Avropaya inteqrasiya üzrə nazirinin müavini Valeriya Yonan innovativ rəqəmsal idarəçilik platforması olan “Diia“-nın artıq 18,5 milyon istifadəçiyə köməklik etdiyini deyib. Məsələn, sənədi olmayan ukraynalılar şəxsiyyətlərini təsdiq etmək, itirilmiş və ya zədələnmiş əmlak haqqında məlumat vermək və cari xəbərləri əldə etmək üçün proqramdan istifadə edə bilərlər. Bu iş Ukraynanın Aİ ilə uzun illər davam edən əməkdaşlığına əsaslanır, lakin görüləcək hələ çox iş var: “Aİ-nin dəstəyi və Ukraynanın bərpasına kömək edəcək yeni texniki yardım layihələrinin irəli sürülməsi bizim üçün çox vacibdir”.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Aİ ilə birgə icra etdiyi SIGMA təşəbbüsünün baş siyasət müşaviri Nik Teyisin sözlərinə görə, Diia platforması rəqəmsal dövlət xidmətlərinin işlənib hazırlanması və çatdırılmasının vətəndaş yönümlü təfəkkürə əsaslanmasının əla nümunəsidir. O, yüksək keyfiyyətli rəqəmsal idarəçilik üçün daha geniş idarəetmə hüququnun təmin edilməsi məqsədilə bu cür məhsulların mükəmməl siyasət bazaları ilə dəstəklənməsinin vacibliyini vurğulayıb.
Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin rəqəmsal transformasiya şöbəsinin rəhbəri Xarmik Azaryanın sözlərinə görə, rəqəmsal dövlət xidmətlərinin təcrübəsini təkmilləşdirərkən bütün növ istifadəçilər nəzərə alınmalıdır. “Bizim təkcə vətəndaşlarımız yoxdur. Bizdə sənədləri olmayan insanlar var və onların təcrübəsinin təmin edilməsi də çox vacibdir”, – deyə o, əlavə edib və qeyd edib ki, istifadəçilər bu cür xidmətlərə seçim olaraq müraciət etsinlər deyə rəqəmsal dövlət xidmətlərinin təkmilləşdirilməsi “sadəcə” layihələndirmə kimi qiymətləndirilməməlidir.
Hazırda adambaşına ukraynalı qaçqınların sayının daha çox olduğu Moldovada özəl investorlarla sıx əlaqələr nəticəsində mənzil, yemək və tibbi xidmətlərdən yararlanmağa kömək edən rəqəmsal xidmətlər yaradılıb. Rəqəmsallaşma üzrə Baş nazirin müavini Yuri Turkanu bildirib ki, onlar məmnuniyyətlə qaçqınlara kömək etmək məqsədilə özəl sektorla ilə birlikdə rəqəmsal vasitələrin üzərində birgə işləyiblər.
Rəqəmsal infrastruktur: strategiyanı investisiya imkanları ilə necə uyğunlaşdırmaq olar?
Önümüzdəki illərdə Şərq Tərəfdaşlığı ölkələrinin sakinlərinin ən azı 80%-i yüksəksürətli sərfəli internetə tam çıxış əldə edəcək. Buna nail olmaq üçün rəqəmsal infrastruktura sərmayələrin yatırılması tələb olunur. Dünya Bankının Rəqəmsal İnkişaf üzrə mütəxəssisi Himmat Sinx Sandhu qeyd edib ki, qlobal bağlantı bazarı böyüyür və əsas məzmun təminatçıları (Amazon, Google, Microsoft, Facebook) ümumi beynəlxalq ötürmə qabiliyyətinin təxminən 60%-dən istifadə edir və bu rəqəm 80%-ə qədər arta bilər.
Konfransda bildirilib ki, Gürcüstan hökuməti kənd yerlərində yüksəksürətli genişzolaqlı internetə çıxışa üstünlük verir və telekommunikasiya sahəsinə özəl sərmayələr cəlb etməyə çalışır. Bu ölkə artıq Aİ-nin qanunvericilik və siyasət bazalarına uyğunlaşma istiqamətində böyük irəliləyiş əldə edib və EU4Digital təşəbbüsündə çox fəal iştirak edir. Gürcüstanın telekommunikasiya və informasiya texnologiyaları nazirinin müavini Quram Quramişvili deyib: “Biz Gürcüstanı Aİ-nin vahid rəqəmsal bazarının bir hissəsi kimi görməyə ümid edirik”.
Ukraynanın Avropaya inteqrasiya üzrə nazirinin müavini Valeriya Yonan bu ölkənin rəqəmsal infrastrukturunun bərpasının prioritet məsələ olduğunu qeyd edib. Rusiyanın Ukraynaya qarşı təcavüzü nəticəsində bir çox sahələrdə olduğu kimi bu sahə də ciddi şəkildə zərər görmüşdür. Rəqəmsal rabitə üçün vacib olan optik şəbəkələr, mobil telefon qüllələri, kabellər və rəqəmsal avadanlıqlar dağıdılmışdır.
Rəqəmsal iqtisadiyyat: startapların rəqəmsal transformasiyasını bütün iqtisadiyyata necə ötürmək olar?
Avropa İnnovasiya Şurasının üzvü və EU4Digital proqramının rəqəmsal iqtisadiyyat üzrə aparıcı eksperti Çus Lozanonun sözlərinə görə, rəqəmsal iqtisadiyyat qazanc əldə etmək üçün texnoloji resurslardan necə istifadə edə biləcəyimiz kimi müəyyən edilir. “Rəqəmsal iqtisadiyyat haqqında danışanda biz çox sürətlə startapların inkişafına ehtiyac duyuruq. Amma biz həm də müəssisələrin qruplaşdırılmasını gücləndirməli, mövcud müəssisələri isə rəqəmsal transformasiya prosesinə cəlb etməliyik”, deyən Lozano qeyd edib ki, sadəcə startapların inkişafı yetərsizdir və daha geniş hədəflər tələb olunur.
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov bildirib ki, Azərbaycan coğrafi baxımdan “beynəlxalq ticarətin kəsişməsində”, bir neçə region arasında yerləşir. Buna görə də ölkə transsərhəd rəqəmsal xətlərin yaradılmasının və gücləndirilməsinin, elektron ticarətin asanlaşdırılması üçün texnoloji həllərin, eləcə də rəqəmsal nəqliyyat dəhlizlərinin faydalarını görür. Ağıllı şəhərlər və kəndlər gələcək fəaliyyətlər siyahısına salınıb.
Ermənistan həmçinin müxtəlif dövlət qurumlarının məlumatları təkrar olaraq toplamaması üçün vətəndaşlar və müəssisələr üçün məlumatların qarşılıqlı fəaliyyəti məsələsini prioritet olaraq qəbul etmişdir. Bundan əlavə, bu ölkə rəqəmsal iqtisadiyyat proseslərinin asanlaşdırılması üçün Aİ və Ermənistan arasında elektron imzaların tanınmasını sınaqdan keçirib. “Biz artıq bu yoldayıq və indi geriyə yolumuzun olmadığını düşünürəm, ona görə də ora çatmaq üçün vaxt lazımdır”, – deyə Harmik Azaryan bildirib.
Moldova EU4Digital proqramının dəstəyi ilə sərhəd keçid məntəqələrində yoxlamaları asanlaşdırmaq üçün gömrük xidmətlərinin rəqəmsallaşdırılması və sadələşdirilməsi üzərində işləyir. Yuri Turkanu ölkənin Aİ ilə, xüsusən də əsas ticarət tərəfdaşı olan Rumıniya ilə daha da uyğunlaşmağa çalışdığını vurğulayıb.
Rəqəmsal bacarıqlar: Şərq Tərəfdaşlığının irəliləyişlərini etalon kimi Aİ ilə necə əlaqələndirmək olar?
Çus Lozanonun fikrincə, rəqəmsal bacarıqlar, texnologiya və innovasiyalar texnoloji resurslardan istifadə edərək qazanc əldə etməyin əsas üç hərəkətverici qüvvəsidir.
Yuri Turkanı əlavə edib ki, Moldova əsasən texnologiyalar üzərində işləməyə başlayıb və çoxlu bir-biri ilə əlaqəli mikroxidmətlərin yaradılmasına nail olub. Bu xidmətlər çox güclü, çox perspektivlidir, ancaq insan kapitalına o qədər də sərmayə qoyulmayıb. Bu səbəbdən də, rəqəmsal transformasiyaya rəqəmsal bacarıqların inkişafını nəzərə alan bir proses kimi yenidən baxılmalıdır.
Aİ üzv ölkələri qarşısında olduqca aydın məqsədlər qoyub. Avropa Təlim Fondunun nümayəndəsi Fabiyo Naskimbeni qeyd edib ki, Şərq Tərəfdaşlığı ölkələrində də siyasət sənədlərində rəqəmsal bacarıqlar sahəsində səriştələr, bacarıqlar və qabiliyyətlər prioritet kimi tanınır. Bununla belə, o qeyd edib ki, rəqəmsal imkanlara sahib olmağın nə demək olduğunu ölçmək qabiliyyəti dəyişir. O, əlavə edib ki, Şərq Tərəfdaşlığında 1 milyon yüksək bacarıqlara malik vətəndaşın iddialı hədəfinə nail olmaq üçün Aİ-nin DESI (Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi) kimi vahid, regional monitorinq sisteminin tam tətbiqi tələb olunur.
Kibertəhlükəsizlik: dayanıqlığın rəqəmsal transformasiyanın əsasını təşkil etməsini necə təmin etmək olar?
“Ukraynadakı müharibə ilə əlaqədar olaraq, rəqəmsal strategiyamızı tamamilə yenidən nəzərdən keçirməli olduq”,- deyə Yuri Țurkanu bildirib. Moldovanın hökumət orqanlarının dayanıqlığının və milli kibertəhlükəsizlik sisteminin təcili şəkildə gücləndirilməsi tələb olunur.
“Şərq Tərəfdaşlığı ölkələrində kibertəhlükəsizlik məsələlərinə gəldikdə, ölkələr arasındakı fərqləri göstərmək olduqca vacibdir. Eyni zamanda, biz hamımız başa düşürük ki, bir çox təhdidlər oxşardır”, – Avropa Komissiyasının Ukraynaya Dəstək Qrupunun rəhbəri Tanel Tanq bildirib. Məsələn, dezinformasiya və ümumi hibrid təhdidlər bu cür ümumi problemlərdəndir.
Kibertəhlükəsizlik, kiberhücumlara davamlılığı artırmağa yönəlmiş vasitələr təklif edən Aİ və Avropa Şurasının birgə icra etdiyi CyberEast regional proqramının əsas fəaliyyət sahələrindən biridir. Proqram çərçivəsində texniki hazırlıqla yanaşı, hüquqi və dövlət idarəçiliyi üzrə normativ-hüquqi bazaların Aİ qanunvericiliyinə uyğunlaşdırılması nəzərdə tutulub.
Aİ, həmçinin Rusiya təcavüzünün başlanmasından bəri Ukrayna qurumlarının kiberdavamlılığını artırmaq üçün 10 milyon avro səfərbər edib. Buraya proqram təminatı, avadanlıq, son dərəcə vacib infrastruktur sistemləri və təxliyyə sahələrini əhatə edən “Aİ-nin Ukraynada kibertəhlükəsizliyin gücləndirilməsinə dəstəyi” layihəsi çərçivəsində sürətli cavab tədbirləri də daxildir. Bundan əlavə, davamlı rəqəmsal transformasiya üçün əlavə 15 milyon avro ayrılıb.
“Kiberməkanda sərhədlər qeyri-müəyyəndir və bəzən ümumiyyətlə mövcud olmur”. Tanel Tanq kibertəhdidlərlə mübarizə təcrübəsinin ŞT-Aİ sərhədlərinin hər iki tərəfində olduğunu qeyd edib. Buna görə də müxtəlif ölkələrdən davamlı rəqəmsal transformasiya üzrə ekspertləri bir araya gətirməyə davam etmək vacib əhəmiyyət kəsb edir.
Əlavə məlumat
Oktyabrın 24-də Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransı və EU4Digital proqramının II mərhələsi
EU4Digital proqramı tərəfindən 2022-ci il oktyabrın 25-də Təqdimat mərasimi və Koordinasiya Komitəsinin iclası təşkil olunub.
Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransının video çəkilişinə baxın və konfransın məruzəçilərihaqqında məlumatları buradan oxuyun.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron bacarıqlar
- Elektron səhiyyə
- Elektron ticarət
- Telekommunikasiya qaydaları
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu

28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu
21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu